Almaniya kansleri Rusiyanı çökdürəcək sanksiyaların tətbiq edilməsini istəyir
Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonu iki həftəyə Kiyevi almaqla hədələyib. Bu barədə Italiya mətbuatı məlumat yayıb. Qəzetin yazdığına görə, Avropa Birliyinin şənbə günü keçirilən sammitində Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə tərəfdar çıxıb. Onun çıxışından sonra söz alan Barrozo Putinlə telefon danışığı zamanı Rusiya prezidentinin hədələr səsləndirdiyini deyib. Kreml rəhbəri “istəsəm, iki həftəyə Kiyevi alaram” deyib. Bununla da Putin Avropa Birliyini sərt sanksiyalardan çəkindirməyə çalışıb.
Merkel Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini istəyir
Amma proseslərin gedişi deməyə əsas verir ki, Putinin bu hədələrinin nəticəsi yoxdur. Məsələn, Almaniya kansleri Angela Merkel növbəti dəfə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsinə dair təklifləri dəstəklədiyini bəyan edib. Bu barədə o, Berlində jurnalistlərə açıqlamasında bildirib.ÿMerkel deyib ki, Avropa Ittifaqı Rusiyanın bu cür davranışlarını qəbul edə bilməz.
“Mən artıq demişəm ki, sanksiyalar həmçinin alman şirkətlərinə də mənfi təsir göstərə bilər. Bununla belə, düşünürəm ki, yeni sanksiyaların hazırlanmasına ehtiyac var. Çünki biz heç bir addım atmasaq, daha böyük problemlər ortaya çıxa bilər”, – deyə kansler bildirib.
Merkel eyni zamanda, Ukraynaya maliyyə və humanitar yardım göstərilməsi məsələsində də birgə fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib.
Xatırladaq ki, Avropa Komissiyasından Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində iş getdiyi və yaxın bir həftə ərzində yeni sanksiyalar paketinin hazır olacağı barədə məlumat verilib.ÿBundan başqa, Angela Merkel vurğulayıb ki, konflikt hərbi yolla həll olunmayacaq: “Mən lap əvvəldən bunu deyirəm və buna əminəm. Avropa Birliyinə üzv olan digər dövlətlərin də mövqeyi belədir”.
Kiyevdən “xalq respublikaları” tələbi
Bu arada, Minskdə Ukraynadakı situasiyanın tənzimlənməsinə dair qrup bir aylıq fasilədən sonra işini bərpa edib. Qrupa Rusiya, Ukrayna, ATƏT, həmçinin Ukraynanın cənub-şərqindən olan nümayəndələr daxildir. Danışıqlarda Donetsk və Luqanskı təmsil edən nümayəndələr Kiyevdən xüsusi status tələb etmək niyyətindədir. Həmçinin seçkilərin keçirilməsi üçün hərbi əməliyytların dayandırılması tələb edilir.
Separatçıların “xüsusi status” dedikdə nəyi nəzərdə tutduğu tam aydın deyil. Ancaq ötən gün Rusiya prezidenti Putin rəsmi Kiyevi “xalq respublikaları”nın nümayəndələrilə ölkənin cənub-şərqində dövlət statusunun müzakirəsinə başlamağa çağırıb.
Separatçılar Luqansk aeroportunu ələ keçirdi
Separatçılar həmçinin Mariopol şəhərini tam mühasirəyə aldıqlarını bəyan ediblər.ÿUkrayna ordusunun hissələri Mariopol ətrafındakı Strarodubovka, Boyevoye və Çernovoye Pola yaşayış məntəqələrindən geri çəkilib. Beləliklə, Mariopol şəhəri mühasirəyə düşüb.ÿLakin hələlik separatçılar şəhərə hücum etmirlər. Şəhərdə Ukrayna silahlı qüvvələrinin azsaylı bölmələri və könüllülərdən ibarət “Azov” batalyonu mövqe tutub, lakin onların hücum edən separatçılara qarşı müqavimət göstərmək imkanları çox zəifdir. Mariopol mühasirəyə düşdüyündən ora əlavə kömək göndərmək də mümkün deyil.
Digər məlumata görə, Ukrayna qüvvələri Luqansk şəhərinin beynəlxalq aeroportunu da tərk ediblər. Aeroportda mövqe tutan Ukrayna qüvvələri separatçıların və rus birləşmələrinin intensiv tank, artilleriya və “Qrad” zərbələri qarşısında geri çəkiliblər.
Ukrayna Milli Təhlükəsizlik Şurasının bildirdiyinə görə, aeroportu qoruyan qüvvələrə geri çəkilmək əmri verilib.
NATO zabitləri mühasirəyə düşdü
Yeri gəlmişkən, NATO-nun 6 zabiti Donetsk vilayətində blokadaya alınıb.ÿBu barədə separatçı “Donetsk Xalq Respublikası”nın hərbi qərargahı açıqlama yayıb.
“NATO zabitləri Donetskdə gizli fəaliyyət göstərdikləri üçün hazırda onların dəqiq yeri bilinmir. Lakin bizdə olan məlumata görə, vilayətin Mariopol şəhərindən çıxa bilmirlər”, – deyə açıqlamada bildirilir.
Bundan əlavə, separatçılar Ukraynaya məxsus daha bir “Su-27″ təyyarəsini vurduqlarını açıqlayıblar. Ukrayna Hərbi Hava Qüvvələrinə aid təyyarənin Mereşki yaşayış məntəqəsi üzərində vurulduğu bildirilir.
Qeyd edək ki, ötən həftə separatçılar Donetsk vilayətinin cənubunda 4 “Su-25″ təyyarəsinin vurulduğunu açıqlamışdılar.