ABŞ diplomatı problemin həllini Obamanın danışıqlara müdaxiləsində görür
Rahim Hacıyev: «Metyu Brayzanın təklifi obyektiv gerçəkliyin etiraf edilməsidir»
“ABŞ-dakı Erməni Milli Konqresi kimi erməni diaspor təşkilatları özlərini zərər çəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi yerinə yetirilmir”.
“Vestnik Kavkaza” saytının xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Diplomat bu konfliktin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyanın da qətnamələrin yerinə yetirilməsində məsuliyyət daşıdığını bildirib.
ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib.
Bu münasibətdən aydın görünür ki, ABŞ Rusiyanın bu təmsilçilikdən kənarlaşdırılmasının tərəfdarıdır. Azərbaycan hakimiyyəti isə, Putinin sülhpərvər obrazını yaratmaqla məşğuldur və son Soçi görüşü də bunu təsdiqlədi ki, müharibə ab-havası, düşməndən qisas almaq vədləri Rusiyanın önəmini artırmaq cəhdi imiş.
Bəs, indiki məqamda Brayzanın belə yanaşması nəyə hesablanıb?
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Metyu Brayza obyektiv gerçəkliyi etiraf edib və münaqişənin həlli üçün Rusiya ciddi maneədir: “Brayzanın belə bir təkliflə çıxış etməsinin çox ciddi səbəbləri var. Rusiya bu münaqişə vasitəsilə regionu öz təsir zonasında saxlamaq siyasətini hələ də davam edir. Artıq uzun illərdi ki, Qərbin Cənubi Qafqaz regionuna nüfuz etmək siyasətinə, Rusiya konfliktdən sui-istifadə edərək imkan vermir. Minsk qrupunun ABŞ-dan olan həmsədri Uorlik cəbhə xəttində baş vermiş son hadisələrə görə Rusiyanı açıq şəkildə ittiham etdi. Soçi görüşü Putinin qarşısına qoyduğu iki məqsədə çatması üçün idi. Özünü sülhpərvər kimi göstərmək və Cənubi Qafqaza nəzarətin hələ də Rusiyanın əlində olduğunu sübut etmək. Təcrübəli diplomat olan və regionu yaxşı tanıyan Metyu Brayzanın təklifi obyektiv gerçəkliyin etiraf edilməsidir. Nə qədər ki, regionda təşəbbüs Rusiyanın əlindədir, o vaxta qədər münaqişə olduğu kimi qalacaq və regionda gərginlik davam edəcək. Azərbaycan və Ermənistanın Qərbə inteqrasiya isə ilk növbədə problemin həllini tələb edir. Məhz bu amili nəzərə alaraq Barayza ABŞ-ın problemin həllində əsas rol oynamasının vacibliyindən danışır”.
Akif