“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı Naxçıvanda hüquq müdafiəçisinin vəhşicəsinə döyülməsini qətiyyətlə pisləyir
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Naxçıvanda yerli hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi, eləcə də ölkədə ictimai fəallara qarşı həyata keçirilən təqib və təzyiq kampaniyası ilə bağlı bəyanatla çıxş edib. Bəyanatda deyilir; “Mövcud hakimiyyət ictimai- siyasi fəalları, hüquq müdafiəçilərini sıradan çıxarmaq üçün avtoritar rejimlərin mahiyyətinə uyğun müxtəlif anti demokratik, qeyri- sivil, qəddar metodlardan istifadə etməkdədir. Ölkənin tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov İntiqam Əliyev və digərlərinin həbsi ilə siyasi məhbus siyahısını genişləndirən Əliyev rejimi hakimiyyətinə təhlükə hesab etdiyi insanları təkcə zindanlara atmır, onları qanına qəltan edir, işgəncə verir, ölkədən didərgin salır.
Belə ki, avtoritar idarəetmənin daha sərt formada hakimi- mütləq olduğu Naxçıvanda ağır şərtlər altında fəaliyyət göstərən tanınmış hüquq müdafiəçisi İlqar Nəsibov vəhşicəsinə döyülərək ölümcül vəziyyətə salınıb. Zərərçəkənin yayılan fotolarından və onun ailə üzvlərinin verdiyi məlumata görə ağır bədən xəsarətləri alan yerli ictimai fəal möcüzə nəticəsində sağ qalıb. Təbii ki, bu hadisənin yerli hüquq mühafizə orqanlarının nəzarətindən kənarda baş verdiyini düşünmək sadəlöhvlük olardı.
Ölkədə qanunsuzluğun, ağır repressiyaların baş alıb getdiyi bir dönəmdə bəzi ictimai fəallar vətəni tərk etmək məcburiyyətində qalırlar. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, keçmiş siyasi məhbus Rəsul Mursalov 1- 4 avqust 2014- cü il aralığında Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirakdan sonra ona qarşı artan təzyiqlərdən dolayı ölkəni tərk edib. Ailə üzvlərinin verdiyi məlumata görə rayonda yaşadığı və Bakıda kirayədə qaldığı evdə R. Murslovu hüquq mühafizə orqanları axtarır. O, AR Cinayət Məcəlləsinin 274- cü (vətənə xəyanət) və 178- ci (dələduzluq) maddələri ilə ittiham olunaraq axtarışa verilib.
Həbsdə olan hüquq müdafiçisi Rəsul Cəfərovun doğüm günü ilə bağlı keçirilən fləşmoba görə AXCP Şəki şöbəsinin rəhbərliyi həbs olunaraq qanunsuz inzibati həbs cəzasına və pul cərimələrinə məruz qalıblar.
“Azadlıq” qəzetinin əməkdaşı, tanınmış jurnalist Natiq Adilovun şərlənərək həbs olunmuş qardaşı Murad Adilova verilmiş işgəncələrin araşdırılması üçün hakimiyyət tərəfindən hər hansı addım atılmayıb.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Naxçıvanda vəhşicəsinə döyülərək, ağır bədən xəsarəti alan hüquq müdafiəçisi İlqar Nəsibova qarşı həyata keçirilən vandalizm aktını qətiyyətlə pisləyir, hadisəni törədənlərin tapılıb cəzalandırılmasını tələb edir.
Alyans eyni zamanda hakimiyyətdən ölkədə vətəndaşlara qarşı həyata keçirilən repressiyalara, təqiblərə, işgəncələrə son qoyulmasını və həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı nüfuzlu beynəlxalq qurumları Azərbaycanda ictimai- siyasi fəllara, vətəndaş cəmiyyəti institutlarına qarşı həyata keçirilən repressiyalara biganə qalmamağa çağırır.”