Fuad Qəhrəmanlı: «Azərbaycan tərəfinin Ərdoğanın andiçmə mərasiminə bu cür münasibəti təəssüf doğurur»
Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın inaqurasiya mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi gözlənilir. Artıq andiçmə mərasimində iştirak edəcək heyətlər dəqiqləşir. Məlumata görə, mərasimdə 14 ölkəni prezident və dövlət rəhbəri, 8 ölkəni baş nazir, bir neçə ölkəni parlament sədri, digərlərini isə nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri təmsil edəcək.
Maraqlıdır ki, avqustun 28-də keçiriləcək andiçmə mərasiminə Azərbaycandan fərqli olaraq Ermənistan dövlət başçısı səviyyəsində qatılacaq.
Azərbaycan tərəfi İ.Əliyevin inaqurasiya mərasiminə qatılmamasını Ərdoğanın sentyabrın 3-də Bakıya səfər etməsi ilə əlaqələndirir. Amma hər bir halda Türkiyənin Azərbaycanın strateji müttəfiqi olması nəzərə alınarsa, rəsmi Bakının bu cür yanaşması anlaşılmır. Çünki artıq qəbul olunmuş qeyri-rəsmi qaydaya uyğun olaraq istər Türkiyə, istərsə də Azərbaycanın dövlət başçıları seçkidən dərhal sonra ilk səfərlərini məhz qardaş ölkəyə edirlər. Bu isə iki ölkə arasındakı xüsusi münasibətlərin olmasına işarədir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycan tərəfinin Ərdoğanın andiçmə mərasiminə bu cür münasibət təəssüf doğurur. Hər iki ölkənin münasibətlərinin strateji müttəfiqliyə söykəndiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, əgər Ermənistanın da dövlət başçısı inaqurasiya mərasimində iştirak edəcəksə, Azərbaycanın daha yüksək səviyyədə bu tədbirdə iştirakı zəruri idi: «Bu əslində Azərbaycan hakimiyyətinin Türkiyəyə olan münasibətinin fiadəsidir. İki ölkə strateji müttəfiq olmasına baxmayaraq görünür, hakimiyyət bu düşüncəni mənimsəyə bilməyib. Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olmasına baxmayaraq bu günə qədər iki ölkə arasında viza rejimi ləğv edilməyib. İki ölkə arasında eyni zamanda həll olunmamış bir çox məsələlər var. Azərbaycanın xarici siyasətində Türkiyənin fərqli bir obrazı təəssüf ki, yoxdur. Bu yanaşma da özünü andiçmə mərasiminə münasibətdə göstərir».
Xəyal