Məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etmədi
Ötən ilin oktyabrında Azərbaycandakı prezident seçkilərinin qeyri-demokratik, ədalətsiz keçirildiyinə dair rəy vermiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı, eləcə də bu təşkilatla birgə layihələr həyata keçirmiş “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin sədri Elnur Məmmədovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə hakim Əflatun Qasımovun sədrliyilə keçirilən dünənki məhkəmə iclası ictimaiyyətin də diqqət mərkəzində idi. Milli Şura sədri Cəmil Həsənli, Milli Şuranın üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov, AXCP Ali Məclisinin sədri Həsən Kərimov, partiyanın sədr müavinləri Nurəddin Məmmədli, Gözəl Bayramlı, Əbülfəz Qurbanlı, Rəyasət Heyətinin üzvləri Iradə Nəriman, Səadət Cahangir, Ilham Hüseyn və çoxlu sayda digər cəbhəçilər fəal dəstək üçün məhkəmədə idilər.
Anar Məmmədli və Bəşir Süleymanlı bu dəfə də yüksək ovqatdaydılar. Məhkəmə iclası boyunca onlar pozitiv jestləri ilə yadda qaldılar. Hər iki SMDT-çi səskeçirməz şüşə kabinəyə salınmışdı, onların zaldakılarla, o cümlədən hakimlərlə təması yalnız hakimin idarə etdiyi düymə vasitəsilə yanıb-sönən mikrofon vasitəsilə olurdu.
Bu məhkəmə prosesində dövlət ittihamını prokuror Rəsul Abbasov, SMDT-çilərin hüquqlarını isə vəkillər Cavad cavadov, Fariz Namazlı, Əlibaba Rzayev və Elçin Sadıqov müdafiə edir.
Məhkəmə iclası başlayan kimi müdafiə tərəfinin bir şifahi, iki yazılı vəsatəti oldu. Vəkil Fariz Namazlı ilk növbədə müdafiə işinin keyfiyyətli və konfedensiallığının təmin olunması üçün təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsini istədi. Vəkil bunun beynəlxalq qanunlarda əks olunan hüquq olduğunu xatırlatdı və çoxlu nümunələr də gətirdi.
Ikinci vəsatətÿApellyasiya Məhkəməsində bu işə qismən məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılması haqda idi. Vəkillər məhkəmənin diqqətinə çatdırdılar ki, təqsirləndirilən şəxslər onlara elan edilən ittihamlar üzrə özlərini təqsirli bilmirlər, müəyyən məsələlərin apelyasiya baxışında araşdırılmasına ehtiyac var və həmin sübutlara məhkəmə kollegiyası tərəfindən hüquqi qiymət verilməlidir. Məhkəmə istintaqı aparmadan təqsirləndirilən şəxslərin apellyasiya şikayətini obyektiv, hərtərəfli araşdırmaq mümkün deyil.
Vəsatətdə eyni zamanda, qeyd olunur ki, təqsirləndirilən şəxslərə CM-nin 308.2-ci maddəsilə elan olunmuş ittihamda göstərilən ifadə aydın deyil: “Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxslər vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmiş və bununla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşlar. Burada dövlətin hansı qorunan mənafelərindən, hansı ağır nəticələrdən söhbət gedir? Təəssüf ki, CM-nin 308.2-ci maddəsi buna aydınlıq gətirməyib və məhkəmə də kor-koranə həmin maddə üzrə təqsirləndirilən şəxsləri ittiham üzrə təqsirli bilib”.
Vəkillər hesab edir ki, bu maddə, eləcə də CM-nin 192.2.2-ci maddələri üzrə təqsirləndirilən şəxslərə ittiham hökmünün çıxarılması onlara qarşı ayrı-seçkiliyin nümunəsidir. Buna görə də vəkillər CM-nin 308.2-ci maddəsi üzrə verilmiş ittihamda göstərilən “ağır nəticələrə səbəb olma”, “seçkinin nəticələrinə təsir göstərmə” kimi halların nədən ibarət olması, onların izah edilməsi, şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini istəyiblər.
Növbəti vəsatətÿiş üzrəÿzərərçəkmiş qismində tanınan şəxslərin statusuna xitam verilməsilə bağlı olub. Vəkil Fariz Namazlı bildirib ki,ÿBakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən zərərçəkmiş qismində dindirilən şəxslər təqsirləndirilənlərə qarşı heç bir şikayətlərinin olmadığını, ümumiyyətlə, heç nədən zərər çəkmədiklərini və özlərini zərərçəkmiş hesab etmədiklərini bildiriblər: “Onlar məhkəmə iclasında dindirilərkən belə məlum oldu ki, onlara hər hansı maddi, mənəvi, fiziki ziyan dəyməyib. Buna baxmayaraq, həmin şəxslər zərərçəkmiş şəxs qismində tanınıb”.
Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır.ÿMəhkəmə materialları isə göstərir ki, zərərçəkmiş şəxslərə ümumiyyətlə, hər hansı zərər vurulmayıb: “Belə olduğu təqdirdə təqsirləndirilən şəxslərə bu maddə üzrə ittiham necə irəli sürülə bilər və yuxarıda adları qeyd olunan şəxslər zərərçəkmiş şəxs qismində necə tanına bilər?
Həmin şəxslər zərər çəkmədiklərinə görə, onların zərərçəkmiş şəxs qismində statusuna xitam verilməlidir. Iş üzrə zərərçəkmiş şəxslərin statusuna xitam verilməsi üçün onların apelyasiya baxışında dindirilməsinə zərurət var. Buna görə də zərərçəkmiş qismində tanınan şəxslər məhkəmə prosesinə dəvət olunaraq ifadələri alınmalı, onların həqiqətən zərər çəkib-çəkmədiyi müəyyən olunmalıdır”.
Vəkillər vəsatətlərini əsaslandırarkən ən müxtəlif qanunlardan, həmçinin Avropa Insan Haqları Məhkəməsinin qərarlarından nümunələr də göstəriblər. Bütün bu əsaslandırmalara baxmayaraq, prokuror bildirib ki, vəsatətlərin heç birinin təmin olunmasına ehtiyac yoxdur.
Elə hakimlərin də qərarı prokurorun mövqeyinə uyğun olub – vəsatətlərin heç biri təmin olunmayıb.
Bu iş üzrə məhkəmə prosesi sentyabrın 5-də davam etdiriləcək.
Xatırladaq ki, bu ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edilib. Elnur Məmmədova da 3 il 6 ay cəza verilib, sadəcə, onun cəzası şərti hesab edirələk, həbs olunmayıb.
Natiq