Beynəlxalq araşdırmalardan təşvişə düşən hökumət məsələni ört-basdır etmək üçün yeni ssenari cızıb
Azərbaycan hakimiyyəti hələ də Gürcüstan Daxili Işlər Nazirliyinin keçirdiyi “heroin əməliyyatı” ilə bağlı heç bir izahat verməyib. Söhbət iyul ayının 12-də Gürcüstan polisinin Azərbaycandan keçərək Türkiyəyə gedən yük maşınında üç ton maye heroinin aşkarlaması ilə bağlı əməliyyatdan gedir. Bu məsələ beynəlxalq aləmdə geniş rezonans doğurub.
Lakin Azərbaycan hakimiyyəti 3 ton heroinin ölkədən necə keçdiyinə aydınlıq gətirmir.
Elə buna görə də məsələ ilə bağlı beynəlxalq səviyyədə araşdırma başlanılıb. Və deyəsən bu, hökumətin narahatlığına səbəb olub. Bir neçə gün əvvəl həm də Narkotiklərlə Mübarizə Komissiyasının rəhbəri olan Qaçqınlar və Məcburi Köçkünlərlə Dövlət Komitəsinin sədri Əli Həsənov məsələ ilə bağlı qapalı toplantı keçirib.
Bəzi məlumatlara görə, hakimiyyət vəziyyətdən çıxmaq üçün kimlərisə qurban vermək niyyətindədir. Təsadüfi deyil ki, artıq 3 ton heroinin Azərbaycana necə daxil olması və çıxarılması ilə bağlı istintaq başlandığı barədə məlumat yayılıb. AzPolitika.info Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verir ki, onlarla adam istintaqa cəlb olunub, xeyli saxlanılanlar var. Yollarda quraşdırılmış müşahidə kameralarının incələnməsindən sonra “yük” Azərbaycan ərazisində daxil olandan sonra onu müşaiyət edən avtomobillər müəyyənləşdirilərək kimlərə məxsus olduğu aydınlaşdırılıb, kamera görüntüləri sayəsində içindəki şəxslər saxlanılıb. Bundan başqa telefon siqnalları və danışıqların təhlili də ciddi ipucları verib. Gömrük sənədlərinin araşdırılması zamanı məlum olub ki, yükün ümumi dəyəri cəmi 5 min dollar göstərilib, lakin qəribədir ki, 5 min dollarlıq “mal”a görə 8 min dollar “rüsum” alınıb?
Istintaq qrupu üzvlərinin, eyni zamanda Gömrük Komitəsinin rəhbər şəxslərinin bu işlə bağlı Gürcüstanda ezamiyyətdə olduqları da verilən məlumatlar sırasındadır.
Bu məlumat bir daha göstərir ki, kimlərinsə qurban veriləcəyi barədə iddialar heç də əsassız deyil.