Xədicə İsmayıl: “Söhbət Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının apardığı işdən gedir”
Novella Cəfəroğlu jurnalisti ittiham etdi və cavabını aldı
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə jurnalist Xədicə İsmayılla Müsavat Partiyasının funksionerləri arasında qalmaqal baş verib. Xədicə İsmayıl hüquq müdafiəçiləri Novella Cəfəroğlunu, Səadət Bənənyarlını və Səidə Qocamanlını hakimiyyətlə əməkdaşlıqda ittiham edib:
“Onlar qəzet səhifələrində çıxdıqları üçün legitimləşiblər. Onlar beynəlxalq təşkilatlarla ünsiyyətdə olduqları üçün legitimləşirlər. Onlar ciddi tədbirlərə dəvət olunub, siyasi məhbus məsələlərini müzakirə etdikləri üçün legitimləşirlər. Artıq həbsxanadan bir neçə məhbusdan müraciət gəlib bizə. Xahiş edir ki, bu adamların onların adını çəkmələrinə mane olaq. Yəni bizim adlarımızla o alveri etməsinlər. Bu, vicdan məhbuslarından gələn müraciətdi. Artıq bu məsələ müzakirə olunmalı və adlar çəkilməlidir. Bir neçə QHT var ki, xüsusən Avropa Şurasında hökumətin lobbiçiliyini etməklə məşğuldur. Söhbət Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının bu istiqamətdə apardığı işdən gedir. Bu neçə ildir ki, bu məsələ müzakirə mövzusu olub. Bu məsələ odluqca vacibdir. Leyla xanımı ona görə həbs ediblər, Rəsul Cəfərovun başı üzərində ona görə həbs təhlükəsi var ki, Avropa Şurasının siyasi məhbuslarla bağlı məruzəsində bu təşkilatların rəyindən istifadə olunmasın. Bu, məhz bundan ötrüdü. Adını çəkdiyim xanımlar artıq elan ediblər ki, o rəyin hazırlanmasında məhz onlar iştirak edəcəklər”.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı isə buna etiraz olaraq deyib ki, Novella Cəfəroğlu Müsavatın Məclis üzvüdür və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etmək əsassızdır. Xədicə İsmayıl Tural Abbaslının dediklərinə belə cavab verib:
“Bu siyasi məhbus işinin normal qayda da davam etməsindən ötrü vacibdir. Kimin kim olduğunu elan edək, adlar çəkilsin. Məni sizin partiyanızın daxili işləri narahat etmir. Özünüz bilərsiz. Sizin partiyanıza lisenziya vermirəm. Bu konfilikt deyil, vacibdir ki, siyasi məhbus məsələsi davam etsin və Leyla xanım məsələni necə söyləyibsə, o şəkildə davam etsin. Buna kim mane olacaqsa, biz də ona mane olacağıq”.
Tədbirə qatılmayan Novella Cəfəroğlu Xədicə İsmayılın onun haqqında söylədiyi ittihamlara cavab verib. N.Cəfəroğlu APA-ya açıqlamasında X.İsmayılın ünvanına ittihamlar səsləndirib:
“Əgər Xədicə İsmayıl məni hökumətlə əməkdaşlıqda ittiham edirsə, mən də bildirirəm ki, elə Xədicə özü onun haqqında yayılan videodan sonra hakimiyyətlə işbirliyi qurub. Bəli, mən və bizim monitorinq qrupu hökumətlə əməkdaşlıq edirik. Amma onun kimi əməkdaşlıq etmirik. Mən hökumətlə dialoq aparıram. Məhbusların hüquqlarını müdafiə edirəm, mən Xədicə İsmayıl kimi “işverənlik” etmirəm”.
Novella Cəfəroğlu əlavə edib ki, Xədicə İsmayılın tədbirdə etdikləri Leyla Yunusun vəziyyətini ağırlaşdırmaqdan başqa bir şey deyil.
Xədicə İsmayıl Novella Cəfəroğlunun dediklərinə cavab verib. O, “Azadlıq”a açıqlamasında bunları deyib:
“O qədər gülməlidir ki, fikir bildirməyə dəyməz. Bəziləri istəyirlər ki, həm hökumətin cibində olsunlar, həm də cəmiyyət onlara hörmət etsin. Belə olmur. Əgər cəmiyyətin sənə hörmət etməsini istəyirsənsə, onun maraqlarını satmamalısan. Bu xanımlara bəlkə də qadınlıqlarına, yaşlarına görə hörmət etmək, məsələn, avtobusda yer vermək olar, amma hüquq müdafiəçisi kimi qətiyyən hörmət etmək olmaz. Çünki bu adamlar hüquq müdafiəçiliyi adı altında cinayətkar rejimi müdafiə edirlər. Bunun özü də cinayətə bərabərdir”.
Xədicə İsmayıl vicdan məhbuslarının məktubunu nə zaman açıqlayacaqları barədə suala isə belə cavab verib:
“Yaxın günlərdə açıqlayacağıq. Sadəcə vicdan məhbusları işin koordinasiya edilmiş şəkildə görülməsini istəyirlər. Buna görə də bəzi texniki məsələlər həll olunan kimi həmin məktubları açıqlayacağıq”.
Ramin