ABŞ mediası Leyla Yunusun həbsi barədə yazır ki, onun tənqidləri Azərbaycan hökumətini çətin vəziyyətə salırdı. Ukrayna böhranında uduzan Rusiyadır, onun uduzduğunu Avropa və ABŞ qazana biləcəkmi? New York Times qəzeti yazır ki, Azərbaycanın tanınmış insan haqları müdafiəçisi Leyla Yunus 3 aylığa həbs olunub. Dövlət ittihamçısı Leyla Yunusu dövlətə xəyanətdə, vergidən yayınmada, qanunsuz biznesdə və başqa cinayətlərdə ittiham edir. Onun həyat yoldaşı, tanınmış tarixçi Arif Yunus oxşar ittihamlarla üzləşib, ancaq sağlamlıq problemlərinə görə, həbsxanaya salınmayıb. Ancaq o Bakını tərk edə bilməz. Qəzet Bakıdakı insan haqları müdafiəçilərinə istindala yazır ki, Leyla Yunus və Arif Yunus Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin səylərinə qoşulmuşdular. Onların hər ikisi Azərbaycan prezidenti İlham Əliyevin hakimiyyəti dövründə demokratik haqların yoxluğunu tənqid edirdi. Qəzet bildirir ki, Leyla Yunus Azərbaycan hökumətini siyasi səbəblərə görə 140 adamı həbsxanaya salmaqda və ölkənin neft gəlirlərini korrupsiya ilə mənimsəməkdə ittiham edirdi və bununla hökuməti çətinə salırdı. Qəzet onu da qeyd edir ki, Azərbaycan hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir.
azadliq.org