«Hüquq müdafiəçisinin vətənə xəyanətdə ittiham olunması cəfəngiyyatdır»
«Bu, son zamanlar qeyri-hökumət təşkilatları sektoruna qarşı başlanmış səlib yürüşünün tərkib hissəsidir»
İyulun 31-də Baş Prokurorluqla Milli Təhlükəsizlik Nazirliyi Leyla Yunus və həyat yoldaşı Arif Yunusla bağlı birgə məlumat yayıb.
Məlumatda Yunuslar «xalq diplomatiyası» adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, jurnalist Rauf Mirqədirovun Ermənistana səfərlərini təşkil etməkdə, dövlətə xəyanətdə, vergidən yayınmada, sənəd saxtalaşdırmada ittiham olunurlar.
Baş Prokurorluğun internet səhifəsində yer alan məlumatda Leyla Yunusun Cinayət Məcəlləsinin 6, həyat yoldaşı Arif Yunusun isə 2 maddə ilə ittiham olunduğu qeyd edilir. Beləliklə Leyla Yunusa qarşı «dövlətə xəyanət», «vergidən yayınma» daxil olmaqla 6 (274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2,), Arif Yunusa qarşı isə iki maddə (274 və 178.3.2-ci maddələrində) ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-da 3 aylıq həbs edilib, həyat yoldaşı haqqında isə ev dustaqlığı qərarı çıxarılıb.
Prokurorluğun və MTN-nin birgə məlumatı ənənəvi olaraq daha çox məhkəmə hökmünə bənzəyir.
Əslində Leyla Yunus həbsindən əvvəl istər beynəlxalq qurumlara, istərsə də dövlət başçısına ünvanladığı müraciətlərdə hüquq mühafizə orqanlarının fəaliyyətini kəskin tənqid edirdi. Onun özü ilə bağlı da ittiham xarakterli məlumatın yayılması təəccüblü deyil.
Hüquq müdafiəçisinin vəkili Xalid Bağırov prokurorluq və MTN-nin birgə məlmatını şərh edərkən, mövcud şəraitdə bunun gözlənilən olduğunu bildirdi.
Vəkil Cavad Cavadov Leyla Yunusun dövlətə xəyanətdə ittiham olunmasını cəfəngiyyat adlandırdı. İttihamın digər hissələrini isə qeyri-hökumət təşkilatlarına təzyiqin tərkibi kimi qiymətləndirdi. «Bu, son zamanlar qeyri-hökumət təşkilatları sektoruna qarşı başlanılmış səlib yürüşünün tərkib hissəsidir. Sadəcə olaraq vətəndaş cəmiyyətinin qalıqlarını da susdurmaq məqsədi daşıyır. Bunların heç birinin əsası yoxdur. Hətta 2002-ci ilin söhbətlərini də qoşublar ora. Leyla xanım o ittihamların heç birini qəbul etmir», – deyə vəkil qeyd etdi.
Fizzə