Almaniyanın Der Spiegel nəşri Malayziya təyyarəsinin vurulmasından sonra Rusiyanın üzləşdiyi sanksiyaların bu ölkəyə yaradacağı problemlərdən yazıb. Nəşrin yazdığına görə, Avropa ölkələri sanksiya tətbiq etmək niyyətindən dönməsə, Rusiyanın və Putinin vəziyyəti çətinləşəcək.
«Bu həftənin sonlarında Avropa ölkələri Rusiya banklarına, konserlərinə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalarla bağlı rəsmi qərar qəbul edəcək. Yay tətillərinə baxmayaraq Almaniya hökuməti Brüsseldə AB-nin növbədənkənar sammitinin çağırılacağına da ümid edir. Böyük ehtimalla beynəlxalq arenada Putinə əlcək atmaq istəyirlər», – deyə nəşr yazıb.
Bu arada Almaniya Federal Kəşfiyyat Xidməti Rusiya rəhbərliyində sərt kurs tərəfdarları ilə iqtisadi dairələrin nümayəndələri arasında Putinə təsir uğrunda sərt qarşıdurmanın əlamətlərinin göründüyünü iddia edir. BND-də ehtimal edirlər ki, Avropa Birliyinin sanksiyalarının təsiri altına düşən oliqarxlar yaxın vaxtlarda siyasi və iqtisadi tələblər irəli sürürək Putini dayandırmağa çalışacaq.
azadliq.info