Virtualaz.org saytının müəlliflərindən olan Yevgeni Bay ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əfsanəvi agentlərindən biri, “Arqo əməliyyatı” filminin əsas qəhrəmanı Antonio Mendesin qonağı olub.
Y.Bay ABŞ tarixinin ən əfsanəvi kəşfiyyatçılarından biri olan A.Mendeslə çox maraqlı söhbət edib. Onun yazısını təqdim edirik.
***
Mən MKİ-nin qrim üzrə keçmiş eksperti Antonio Mendeslə ilk dəfə hələ xeyli əvvəl, 2012-ci ildə “Oskar” mükafatı almış “Arqo” filmi ekranlara çıxan kimi görüşmüşdüm.
O zaman Mendesin “Maskalama ustası” adlı kitabını oxumuş və onun evinə gedib müsahibə götürmək xahişimi çatdırmışdım. Mendes gözləmədiyim halda tez razılıq vermişdi. Görünür, uzun illər əleyhinə işlədiyi ölkədən – Rusiyadan olan reportyor ona “eksoztik meyvə” təsiri bağışlamışdı.
Onda biz üzbəüz üç saat söhbət etmişdik. Mendes sonradan ekran əsərinin əsasında dayanan İran əməliyyatı və MKİ agentlərini Rusiyadan necə çıxarması barədə danışmışdı.
Amma Mendesin danışdıqları həddən artıq maraqlı olsa da bunlar onda məni şoka salmamışdı. Bu təəssüratı sonra yaşadım – “Arqo”nu görəndən sonra. Onda anladım ki, Mendes Tehranda necə dəhşətli, qorxulu və riskli şəraitdə işləməyə məcbur olub. Onun elə MKİ-nin Moskvadakı agenti olan arvadı Coana da təhlükə altında işləyib.
Xatırladım ki, “Arqo əməliyyatı” filmində Mendes rolunu məşhur Hollivud ulduzu Ben Afflek (o, həm də filmin rejissoru idi) oynayıb. Film yalnız real hadisələrə əsaslanır. MKİ agenti A.Mendes 1979-cu ildə Hollivuddan olan prodüserlər qrupu ilə birgə xüsusi xidmət orqanları tarixində misli-bərabəri olmayan bir əməliyyat keçirib. O, ABŞ-ın 6 diplomatını İrandan qeyri-adi üsulla çıxarmağa nail olub. Diplomatları isə elə qrimləyib ki, hamı onları İranda fantastik janrda kino çəkən Kanada kinoqrupunun üzvləri sanıb…
Bu əməliyyat MKİ-nin tarixinə ən riskli əməliyyat kimi düşüb. Belə ki, əgər bu kələyin üstü açılsaydı, onda nəinki həmin 6 amerikalı diplomat, elə Mendesin özü və köməkçisi də İran tərəfindən həbs edilib güllələnəcəkdi…
Film ekranlara çıxandan sonra mən yenidən Mendesin Merilend ştatının Noksvil şəhərciyindəki evinə (onun evi Vaşinqtondan 40 dəqiqəlik məsafədə yerləşir) getdim. Mendesə veriləsi xeyli suallarım vardı…
Özününkülər arasında özgə
-Mən sizi qrimləyib istədiyiniz adama oxşada bilərəm,- Toni Mendes mənə deyirdi.- İstəsəniz sizi ingilis lorduna da oxşadaram, cüzama tutulmuş hindli dilənçiyə də…
Mendesin həyətində, evdən bir qədər kənarda pavilyon var. Bura onun yaradıcılıq laboratoriyasıdır. Mendes burada şəkillər çəkir. Belə şəkillər çoxdur – idillik kənd mənzərələrindən tutmuş ta Mendesin öz həyat yoldaşının məharətlə çəkilmiş portretlərinə qədər. Rəflərdə onlarla müxtəlif yapılma heykəl, maska və manekenlər sıra ilə düzülüb. Usta yaratmaqda davam edir. Lakin bu, artıq incəsənətə olan sevgi ilə bağlı məsələdir.
Mendes həm də kitablar yazır. Artıq dördünü yazıb. Mendesin deyiləcək çox sözü var. Hollivud onun yalnız bir əməliyyatı barədə film çəkib. Digər maraqlı süjetlər də var.
Mendesin evi səs-küylü avtomobil yollarından xeyli aralıdadır. Adamda elə təəssürat yaranır ki, usta kənar adamlar onu axtarıb tapmasınlar deyə ətraf aləmdən sanki özü qaçıb gizlənib, maskalanıb.
Bizi Mendesin evinə Rusiyanın içərilərindəki əyalətdə olduğu kimi tozlu-torpaqlı kəndarası yol aparır. Hər tərəf meşə ilə örtülmüş kimsəsiz təpəlikdir. Bura müxtəlif heyvanlarla – dovşan, yenot, maralla doludur. Adamın heç inanmağı gəlmir ki, bu sakit, tənha yaşayış məskənindən ABŞ paytaxtına qədər cəmi bir neçə kilometr məsafə var.
Mendesin heç vaxt hərbi rütbəsi olmayıb. Amma ustanın yerinə yetirdiyi vəzifənin mürəkkəbliyini və əməkdaşlarının sayını nəzərə alanda o, general ulduzlarını tamamilə haqq edir.
Mendes MKİ-nin ən qapalı bölmələrindən birinə (“Division of Disguise”) başçılıq edib. Bu bölmənin vəzifələri aşağıdakılardan ibarət idi: Lenqlidə (MKİ-nin baş ofisi burada yerləşir-red.) işlədilən ifadə ilə desək, “yerli ərazidə işləyən” agentlərin zahiri görünüşünü dəyişdirmək, bu agentlər üçün saxta sənədlər düzəltmək, müşahidə aparan düşmənin vizual şəkildə aldadılması, təhlükə ilə üzləşən agentlərin zərurət yaranacağı təqdirdə hər hansı ölkədən çıxarılması…
Mendesin personası həddən artıq məxfi saxlanılırdı. O dərəcədə ki, hətta 1979-cu ildə ABŞ prezidenti Cimmi Karter “Arqo əməliyyatı”na görə Mendesə mükafat təqdim edəndə də o, təqdimat mərasiminə öz zahiri görkəmini qrimləyib dəyişərək getmişdi. Axı orada protokol qaydalarına uyğun fotosessiya da olacaqdı.
İranda keçirilmiş əməliyyat inanılmaz dərəcədə ciddi şəkildə məxfi saxlanılırdı. Rəsmən isə belə deyilirdi ki, amerikalı diplomatları İrandan kanadalılar çıxarıb.
Mendes özü də heç vaxt inanmırmış ki, o, haçansa üzə çıxacaq, “açıq adam” olacaq.
“Mənim kimi adamlar adətən nə uğur və qələbələrini, nə də uğursuzluq və məğlubiyyətlərini qeyd etmirlər. Mən də bütün həyatım boyunca gözəgörünməz adam olmağa hazırlaşmışdım. Lakin taleyin hökmü ayrı cür oldu. 1997-ci ildə MKİ-nin şefi Corc Tenet məni fəxri diplom verdi və təltifat mərasiminə çağırdı. Və həmin mərasimdə mənə bundan sonra özüm olmağa, özüm kimi yaşamağa icazə verdilər. Həmin ziyafətdə idarənin daha 50 əməkdaşı xatırlanıb yada salındı və mükafatlandırıldı. Bəziləri bu mükafata ölümündən sonra layiq görüldü. Həmin əməkdaşların biri Beyrutdakı terror aktında ölmüşdü, digəri isə intihar etmişdi. Həmin tədbirdə fotoqrafiya, kartoqrafiya, nüvə silahının aşkarlanması sahələrində inanılmaz dərəcədə böyük istedada malik peşəkarlar vardı. C.Tenet onların bəziləri barədə belə dedi ki, “Amerika xalqı bu adamların adlarını heç vaxt bilməyəcək”. Mən isə öz “üzümü” gözlənilmədən açdım” – deyə Mendes bildirir.
ABŞ hökuməti “Arqo əməliyyatı”nın sirrini açmağa tezliklə qərar verdi. Bu əməliyyat haqda ilk müfəssəl yazını jurnalist Coşua Berman yazdı. “Wired” jurnalındakı bu yazı yalnız 2007-ci ildə işıq üzü gördü. Bundan 5 il sonra isə film çəkildi.
Lap Qəndəhardakı kimi…
Ben Afflekin bu filmində həqiqət nə idi, uydurma nə?! Mendesin danışdıqları ilə onun kitabında olan reallıqla uydurma şeylər arasındakı sərhəd çox incədir. Uydurulmuş məqam odur ki, qəzəbli kütlə tərəfindən ələ keçirilmiş Tehrandakı ABŞ səfirliyindən çıxarılan bütün 6 amerikalı diplomat dərhal Kanada səfirinin iqamətgahına gedirlər. Bu qrupun üzvlərinin yarısı doğrudan da kanadalı Con Şerdaunun evinə sığınmışdı. Kanadalı diplomatların filmdəki rolu çox sadə idi – qaçqın diplomatları qəbul edib yerləşdirirlər, vəssalam.
Əslində isə kanadalılar bu işdə Mendeslə bərabər çox fəal iştirak ediblər. Onlar saxta sənədlər hazırlayıblar, Tehran aeroportunda “kəşfiyyat işləri” aparıblar, İran İnqilab Keşikçiləri Korpusu döyüşçülərinin və immiqrasiya xidməti zabitlərinin harada naryadda olduqlarını, harada növbə çəkdiklərini aydınlaşdırıblar.
Nəhayət, daha bir uydurma səhnə lap Rusiyanın “Qəndəhar” filmində olduğu kimidir. Həmin səhnədə silahlı iranlı döyüşçülər İsveçrə şirkətinə məxsus olan və uçuş zolağına çıxan təyyarəni “CİP” maşınları ilə təqib edərək layneri dayandırmağa çalışırlar…
Amma filmdəki səhnələrin çoxu xalis həqiqətdir, real hadisələrdən götürülüb.
Mendesin mənə danışdıqlarından: “Mən lap əvvəldən kömək üçün Hollivuda müraciət etməyə qərar vermişdim. “Meymunlar planeti” filminin aktyorlarını qrimləmiş köhnə dostum Con Çambersə zəng vurdum. Planımı ona izah etdim. Ən təəccüblüsü də bu oldu ki, dostum Con dediklərimi dinləyəndən sonra “Toni, sən ağlını itirmisən, axmaq” deyib də üstümə qışqırmadı. Əksinə, qrup üzvlərini saymağa başladı. Dedi ki, “6 əsir, sən və sənin köməkçin bir yerdə əla çəkiliş qrupudur, bu, inanılmaz ssenaridir, amma mütləq həyata keçməlidir”.
Biz bu əməliyyat üzərində üç ay işlədik. Vaxt daralırdı, tələsirdik. İran tərəfi ABŞ səfirliyi əməkdaşlarının siyahısını diqqətlə və dərindən yoxlaya, iranlıların ələ keçirdiyi səfirlik binasında əsir kimi saxlanılan diplomatların 6-sının çatışmadığını öyrənə bilərdi.
İrana getməzdən qabaq mən pul kisəmi və nişan üzüyümü arvadıma verdim. Tehrana uçmazdan əvvəl Sürix aeroportunda özümü ələ almağa nə qədər çalışsam da bütün bədənim əsirdi. Tehrandakı fəaliyyətimizin hər bir anında ifşa olunmaq və ələ keçmək riskimiz çox böyük idi.
Əlbəttə, “çəkiliş briqadası” İrandan uçmağa hazırlaşanda az qala ilişib ələ keçəcəkdik. Aeroportdakı miqrasiya yoxlanışı zamanı iranlı zabitlərdən biri qrup üzvlərindən birinə diqqət və şübhə ilə baxıb soruşdu: “Bu, sizin fotodurmu?”
“Əlbəttə. Özgə kimin olacaq ki?!” – deyə qrup üzvü suala sualla cavab verdi.
Üzünə cəmi iki saat əvvəl bığ yapışdırılmış bir adamın bu qədər soyuqqanlı, özünəinamlı və təmkinli olması hörmətə layiqdir.
Onun pasportunu qaytardılar. Amma mən qorxuya düşdüm ki, birdən iranlı zabitlər həyəcandan necə tərlədiyimi sezərlər.
Bundan sonra isə bizə dedilər ki, Sürix təyyarəsinin uçuşu texniki səbəblərdən ləngiyir. Mən demək olar tam əmin idim ki, iranlılar bizimlə “siçan-pişik” oynayırlar. Amma qəfildən təyyarəyə miniyin başlandığını elan etdilər. Təyyarəmiz İranın hava məkanını tərk edəndən sonra içməyə qərar verdik. Mən “Qanlı Meri” sifariş verdim…”
Vyetnamdan Rusiyaya qədər…
Mendes öz əməliyyatları haqda gah çox iti və birnəfəsə, gah da uzun pauzalar verməklə, aram-aram danışır. Uzun illər ərzində kölgədə qalan bu qeyri-adi adam müsahibə verməyə vərdiş etməyib.
Mendes özünün ilk missiyasını 60-cı illərin sonlarında Vyetnamda həyata keçirib. Ona gənc vyetnamlı qızla söhbət etmək tapşırığı verilib. Qız deyirmiş ki, o, Xo Şi Minin vyetkonqoçuları dəstəsində aşpaz olub, amma sonradan amerikalıların tərəfinə keçib.
Qızın dedikləri o qədər də inandırıcı görünmürmüş. Mendes isə bir yalan detektoru rolunu oynamalı, qızı “oxumalı”, onun danışıqlarının şifrəsini açmalı imiş. Agent bu zaman iki vəzifəni eyni anda yerinə yetirməli olub. Mendes vyetnamlı qızın yalan danışıb-danışmadığını dəqiq müəyyən etməli idi. Əgər qız düz danışırdısa, onda Mendes Sayqonun hərbi təşkilatlarına yeridilmiş vyetkonqoçuların zahiri görkəmini öz təsəvvüründə yaratmalı idi. Bu aşpaz qız çox agenti tanıyırdı. Axı onlara yemək hazırlamışdı. Amma qız həmin adamlar haqqında danışanda nələrisə tez-tez qarışdırır, özünü dolaşığa salırdı. Bəzən də danışdıqları daha inandırıcı olsun deyə fantaziyalarına güc verib özündən bəzi şeylər uydururdu.
Mendes isə tükü tükdən seçməyi bacaran adam idi. O, Hanoyun 26 məxfi agentinin fotorobotunu tərtib etdi. Mendesin sözlərinə görə, bu, özünü başqa bir adamın şəxsiyyətinə tam şəkildə daxil etmək idi.
O zaman Mendesin 29 yaşı olub. Sonralar o öyrənib ki, həmin 26 nəfərin düz yarısı – 13 agent ələ keçirilərək güllələnib.
Mendes karyerasının sonuncu mərhələsində, yəni 80-ci illərdə MKİ-dən ötrü ən əsas cəbhə olan SSRİ-yə qarşı cəbhədə işləyib. Bu vaxt o, artıq “ailə dueti” şəklində işləyirdi – Mendes və onun arvadı, MKİ-nin 27 il staja malik agenti Coana Qoser…
Həmin illər barədə Mendesin “Spy Dust” (“Casus pudrası”) kitabında bəhs edilir. Bölmələrdən biri Mendesin Moskvadakı ən iri əməliyyatına – KQB-nin 16-cı idarəsində elektron kəşfiyyatla məşğul olan, MKİ tərəfindən ələ alınmış mayor Pyotr Leonovun xaricə qaçırılmasına həsr olunub.
Bu əməliyyatı həyata keçirmək üçün MKİ Kremlin altında yüksək texnologiyaya əsaslanan dinləmə sistemi yerləşdirib. Xüsusi mühafizə kostyumu geymiş və yerin altında peyk naviqasiya sisteminin köməyi ilə istiqaməti seçən agent bu qurğunu yeraltı tunellərdə yerləşdirmişdi.
1989-cu ilin oktyabr günlərinin birində kompüter idarəetmə sistemləri və xəritələrlə silahlanmış MKİ agentlərindən bir qrupu Moskvanın kanalizasiya tunelləri şəbəkəsinə daxil olur. Onlar kollektor vasitəsilə metropolitenə keçirlər, sonra isə bilavasitə Kremlin altındakı tunellərə daxil olurlar.
Bu, “Koppeliya” kod adı altında həyata keçirilən əməliyyatın hazırlıq hissəsi idi. Həmin axşam Mendes arvadı ilə birlikdə Kreml sarayında “Koppeliya” baletinin tamaşasında iştirak edirdi. Leonov da arvadı ilə birlikdə orada idi.
Fasilədə ər-arvad Leonovlar hərəsi öz tualetlərinə getdi, orada onları Mendesin diqqətlə qrimlədiyi iki MKİ agenti gözləyirdi. Onlar paltarlarını dəyişdilər, Leonov və arvadının görkəmini alan iki agent zala qayıtdı. Leonov isə arvadı ilə birlikdə əvvəlcə tunelə düşdü, bir neçə yüz metrdən sonra isə yerin üstünə qalxdı və maneəsiz şəkildə konspirativ mənzilə çatdı. Tezliklə onları Finlandiyaya keçirdilər. Əlbəttə ki, ər-arvadın xarici görkəmləri tanınmaz dərəcədə dəyişdirilmişdi…
-Deyin görək, Oleq Qordiyevskini (SSRİ KQB-sinin 1-ci idarəsinin keçmiş polkovniki, 1974-1985-ci illərdə gizli olaraq Britaniya kəşfiyyatına işləyib) ölkədən necə çıxardınız, diplomatik maşının yük yerindəmi? – deyə mən Toni Mendesdən soruşuram.
-Yox, bu əməliyyatın detalları barədə hələ danışa bilmərəm. Axı bizim bu əməliyyatda istifadə etdiyimiz texniki fəndlərdən bir çoxundan hələ də istifadə edilir. Yeri gəlmişkən, Qordiyevskinin MKİ-yə dəxli yox idi, o, Britaniya kəşfiyyatının agenti idi. Qordiyevskinin ölkədən çıxarılması sxemini biz “qara eksfiltirasiya” adlandırırıq. Mən isə həmişə “kvazileqal” adlandırılan texnikaya üstünlük verirdim. Biz adamları xarici görkəmini dəyişdirməklə və saxta pasportlarla çıxarırdıq. Dünyanın bəzi digər xüsusi xidmət orqanlarının etdiyi kimi yeşiklərdə və ya çamadanlarda gizlətməklə deyil. Belə vəziyyətdə adam boğula bilər, onda panika başlayar. Lakin əlbəttə, mənim metodum tamamilə risklidir, bu zaman hər şey agentin özünü saxlamasından asılı olur.
Li Hovard və oğurlanan gəlin
Mendes deyir ki, onun MKİ-dəki bioqrafiyasında ən uğursuz səhifə Edvard Li Hovardın adı ilə bağlıdır. MKİ-nin keçmiş agenti Li Hovard 80-ci illərdə KQB tərəfindən ələ alınmışdı.
E.L.Hovard yalan detektorundan keçə bilməyəndən sonra Lenqlidəki (MKİ-nin mənzil-qərargahı) rəislərindən ciddi şəkildə incimişdi. Onu MKİ-nin Moskva rezidenturasına göndərmək əvəzinə işdən azad etmişdilər. Onda o, öz xidmətlərini Lyubyankaya (KQB-nin qərargahının yerləşdiyi ərazi) təklif etdi.
Toni Mendes o vaxta qədər Hovardla işləmişdi və rəqibi vizual aldatma texnikasını, agentin xarici görkəminin dəyişdirilməsi metodlarını ona öyrətmişdi. Hovard da sonradan bu sirləri KQB-yə satdı.
Belə hesab edilir ki, sovet əks-kəşfiyyatı amerikalılara işləyən “göstəbək”lərin bir neçəsini, o cümlədən radarlara yaxalanmayan təyyarələrlə bağlı texnologiyaya aid məxfi informasiyaları Vaşinqtona ötürən alim Adolf Tolkaşevi bunun sayəsində deşifrə edə bilmişdi.
MKİ 1980-ci illərin ortalarında iflasa uğrayan əməliyyatlarına görə uzun müddət Mendesi günahkar bilirdi. Lakin bu belə deyildi. KQB o vaxt daha “iri balığı” – Oldriç Eymsi və Robert Hanseni də ovlamışdı.
50 yaşlı Hovard 2002-ci ilin iyul ayında Moskva ətrafındakı bağ evində öldü. Şayiələrə görə, o, evin damından yıxılıb və boynu sınıb. Lakin Mendes Edvard Li Hovardın bu müəmmalı ölümünü şərh etməkdən imtina etdi.
Əvəzində o, gözlərindən od saça-saça nəinki MKİ agentlərini, eləcə də onların ailə üzvlərini SSRİ-dən necə çıxarmasından danışır. Bir dəfə onlar agentin anasını, atasını və iki böyük uşağını çıxarmışdılar. Onlar artıq SSRİ-nin hüdudları xaricində olanda qadın soruşur: “Bəs mənim gəlinim necə olacaq?”
Onda agentlər qrupu gəlini də SSRİ-dən çıxarmaq üçün yoldan geri qayıtmalı oldu.
-Cənab Mendes, siz SSRİ-dən cəmi nə qədər adam qaçırmısınız? – deyə ondan soruşuram.
-Saymamışam-, o, cavab verir,- ancaq ən azı 150 olar.
Lenqlidən olan rəssam və fotoqraf
Antonio Cozef Mendes (onu daha çox Toni Mendes çağırırlar) 1940-cı ildə Nevada ştatında anadan olub. Onun italyan, irland və Meksika kökləri var, ancaq deyir ki, ispan dilini heç vaxt öyrənməyib.
Ailəsinin köçdüyü Kolorado ştatında universiteti bitirəndən sonra o, rəssam işləyib. Toni əsas qazancını “Martin Marietta” aerokosmik şirkətindən əldə edirdi, burada onun dizayner talantından istifadə edirdilər.
1965-ci ildə o, qəzetdə getmiş elanı oxuyub orada göstərilən telefon nömrəsinə zəng etdi. Elanda qrafik-rəssam peşəsi üzrə boş iş yerindən bəhs edilirdi. Bu elanı rəssamların, qrimçilərin, müxtəlif profilli dizaynerlərin işləyəcəyi yeni texniki idarə yaratmağı qərara alan MKİ vermişdi. Təbii ki, elanda MKİ-nin adı yox idi.
Mendesi tez ələ aldılar. İlk ilərdə o, Cənubi və Cənub-Şərqi Asiya ölkələrində, habelə Yaxın və Orta Şərqdə işlədi. Mendes MKİ-də cəmi 25 il işləyib, ancaq deyir ki, o “hər şeydən əvvəl rəssamdır, sonra gizli agentdir”.
80-ci illərdə Toni Mendes SSRİ ərazisində, habelə Şərqi Avropa ölkələrində Coana Qoserlə birlikdə işləyib. Onlar ancaq 1990-cı ildə, Mendes istefaya çıxandan sonra evləniblər.
Coana Qoser-Mendes də MKİ-nin texniki idarəsində işləyib, ancaq onun işi daha çox fotoqrafiya ilə bağlı olub. O, mikroçəkilişlər aparmaq üçün aparatların, dinləmə üçün “böcək”lərin, habelə saxta sənədlərin hazırlanmasında iştirak edib. Coan əri ilə birlikdə “Division of Disguise”nin rəhbərliyinə daxil olub. O, SSRİ-dəki birgə işlərinə həsr olunmuş “Spy Dust” (“Casus pudrası”) kitabının da həmmüəllifidir.
“Mən Moskvada bir neçə dəfə diplomatik pasportla, bir neçə dəfə isə belə pasportlarsız olmuşam. Deyə bilmərəm ki, o, mənim üçün ən xoş şəhər idi. Mənə Moskvada başqa yerlərdə olduğundan daha ağır olurdu. Ancaq budur, Moskvaya getmək Toninin xoşuna gəlirdi. O, bu şəhərə sadəcə olaraq heyrandır” – deyə Coana Qoser-Mendes söhbətimizə nöqtə qoyur…