«Bu bəyanatın heç bir əsası yoxdur»
Vahid Məhərrəmov: «Azərbaycanın idxaldan asılılığı sürətlə artır»
Dövlət başçısı İlham Əliyev «Norm» sement zavodunun açılışında çıxış edərkən Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edildiyini deyib. Əliyev bildirib ki, yaxın zamanlarda ölkə özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcək və xarici bazarlara keyfiyyətli məhsul çıxaracaq.
80 faiz ərzaq idxalından asılı olan Azərbaycanın qısa müddətdə özünü 100 faiz ərzaqla təmin edəcəy nə dərəcədə real görünür?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Azərbaycanın idxaldan asılılığının son zamanlar sürətlə artdığını deyir. Bunun fonunda Azərbaycan yaxın zamanda özünü 100 faiz ərzaqla təmin edəcəyini demək yanlış informasiyaya əsaslanmış çıxışdır: «İlin 6 ayına yekun vuranda kənd təsərrüfatı naziri bu il taxıl məhsulunun az olacağını və taxıl idxal etdiyimiz ölkələrdə vəziyyətin yaxşı olduğunu, bu səbəbdən də bu il məhsulun qiymətinin qalxmayacağını dedi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə özünün əsas ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilməyəcək. Bu il ödəyə bilməyəcəyini dəqiqdir. Gələn il və o biri illərdə ona görə ödəyə bilməyəcək ki, məhsulun əsası qoyulmayıb. Bunlar nəyə ümiddilər. Hər hansı strategiya hazırlamaq məhsul istehsal etmək demək deyil».
Ekspertin sözlərinə görə, torpaqlarda deqradasiyasi prosesi gedir, şoranlaşma, digər mənfi hallar kifayət qədər geniş yayılmaqdadır. Torpaqlar bərpa olunmur, bu istiqamətdə işlər görülmür. Üzvü kübrə, mineral kübrə ilə təminatda ciddi problemlər var. İstehsal olunan məhsula 4 mlrd kub su lazımdır. Ancaq ölkənin su potensialı 32 mlrd kub olduğu halda bunu təmin edə bilmirlər. Statistikada isə hər il 8 mlrd kub sudan istifadə olunduğu göstərilir.
Ekspert digər ölkələrdə su istifadəsinin Azərbaycandan xeyli az olduğunu, lakin daha çox məhsul əldə edildiyini deyir: «İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir faktı da vurğuladı ki, Şəmkir su hövzəsində və Taxta körpü su anbarına milyonlarla vəsait xərclənilib, ancaq nə qədər suya olan ehtiyacımızı ödəyəcəyi bilinmir. Bu da ondan xəbər verir ki, bunlar yalnız vəd verməklə məşğuldur».
Ekspert hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının istehsalı üçün maddi-texniki baza yaradılmayıb. Elmimiz hələ lazımı dərəcədə inkişaf etdirilməyib: «Biz özümüzün toxum materiallarına olan tələbatımızı ödəyə bilmirik. Bütün bunların fonunda Azərbaycanın yaxın zamanlarda özünün ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını 100 faiz ödəyəcəyini demək heç nəyə söykənməyib. Azərbaycan bu gün ərzaq məhsullarına olan tələbatının 50 faizini ödəməyi qarşısına məqsəd qoymalıdır, nəinki 100 faizi. Çünki buğdaya olan ehtiyacımız 100 faiz idxalın hesabına ödənir. Hər il ölkəyə 1 mln 500 min ton buğda idxal olunur. Onun da bir hissəsi heyvandarlıqda istifadə edilir. Keçən il yalnız Gürcüstandan kəsim üçün 110 min baş iri buynuzlu mal-qara idxal olunub. Ölkə ət, süd, çörək idxaldan, bir çox halda tərəvəz idxaldan asılıdır. Kartofla özümüzü təmin edə bilmirik. Kartofun qiyməti 1 manat 50 qəpiyə qalxmışdı. İndi mövsümdür, yavaş-yavaş düşür, ancaq sonra yenə qalxacaq. Ona görə də bu bəyanatın heç bir əsası yoxdur. Bu məsələ hansı kadr potensialı ilə öz həllini tapacaq? Nazir, nazir müavinləri qeyri-peşakardı, prezident aparatında bu sahəyə məhsul olanlar sahənin mütəxəssisi deyillər».
Fizzə