Ali Media Mükafatı hakimiyyət mediasında narazılıq yaratdı
Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının 2014-cü il laureatlarının bəzilərini adı bəlli olub. “Media Forum” saytının məlumatına görə, bu il 1-ci dərəcəli Ali Media Mükafatı heç kimə verilməyib.
Digər dərəcəli mükafatçılar arasında “Haqqin.az” və “Virtualaz.org” saytlarının qurucusu Eynulla Fətullayevin, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının, “Şərq qapısı” qəzetinin adları yer alır.
Eynulla Fətullayev və Aynur Camalqızı vaxtilə hakimiyyətə qarşı barışmaz mövqelərilə seçilib və şəxsən ölkə başçısı Ilham Əliyev haqqında ən sərt yazılarla çıxış ediblər. Lakin indi tamamilə bunun əksi olan mövqedədirlər. Görünür, Mətbuat Şurası da onların “islah olunmasını” diqqətdən kənarda qoymaq istəməyib.
“Şərq qapısı” qəzetinə gəlincə, bu nəşr “kiçik Şimali Koreya” adını alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanıdır. Qəzet Vasif Talıbovun və yeritdiyi avtoritar siyasətin təbliği ilə məşğul olur.
Mətbuat Şurasının bu ilki seçimi hakimiyyət düşərgəsində birmənalı qarşılanmayıb. Əksər hökumətyönlü media qurumlarının rəhbərləri seçimi narazılıqla qarşılayıb. Hakimiyyətə yaxınlığı ilə seçilən “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı da facebook səhifəsində maraqlı status paylaşıb. Lakin o, konkret olaraq Mətbuat Şurasını ittiham etməyib: “Azərbaycan mediasını ötən il qaynar nöqtələrdə təmsil edən jurnalistlər Səbuhi Məmmədli, Qənirə Ataşova və Xoşqədəm Hidayətqızı olub. Kim nə yazıb, nə gətirib onu müzakirə eləmirəm. Fakt bu adamlar həyatları üçün hər an risk ola biləcək ölkələrə gedib reportajlar hazırlayıblar. Bir jurnalist təşkilatının da diqqətini çəkmədi. Çox təəssüf!
Akif
P.S.Mümkündü ki, başqaları da var. Mənim yadımda bunlar qalıb. Faktiki olaraq “qaynar nöqtələrdəki fəaliyyətinə görə” mükafat verildiyini oxuya bilmədim”.