İtaliyanın ölkəmizdəki səfirliyi iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə bağlı bəyanat yayıb
İtaliyanın Bakıdakı səfirliyi Azərbaycanın dövlət başçısı İlham Əliyevin Romaya səfəri çərçivəsində imzalanmış İtaliya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə bağlı bəyanat yayıb. “İtaliya onun faktiki məzmununu dəqiqləşdirilməsini, bəzi məsələlər üzrə İtaliya hökumətinin mövqeyi ilə uzlaşmayan şərhlərin çıxarılmasını zəruri sayır. Bəyannamə iki ölkə arasında zəngin və çoxtərəfli münasibətlərin nəzərə alınması ilə, ikitərəfli tərəfdaşlığın mühüm perspektivlərinə yönəlib, amma bu münasibətlər İtaliyanın istənilən başqa tərəfdaşına ziyan vurmağa yönəlməyib. “Bu, (Bəyannamə) həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupunun həmsədrlərinin himayəsi altında davam edən danışıqlar prosesinə müdaxilə demək deyil. İtaliya ATƏT Minsk qrupunun fəaliyyətini qəbul edir və dəstəkləyir.
İtaliya Aİ-nin bu məsələ üzrə ümumi mövqeyini dəstəkləyir, buna görə sülh prosesi çərçivəsində təklif edilmiş prinsiplərə və həmsədrlər kimi Fransa, RF və ABŞ-ın fəaliyyətinə hörmətini təsdiq edir”, deyə bəyanatda bildirilir. Səfirlik bu bəyanatın səbəbini açıqlamır. Lakin Azərbaycanın hökumətyönlü KİV-ləri səfər ərəfəsində İtaliyanın Azərbaycanın ədalətli mövqeyini fəal şəkildə dəstəklədiyi haqqında çox yazırdılar.
Bu yazılardan bir neçəsi rəsmi mətbuatda yer alıb. Onlar «Azərbaycan İtaliya münasibətləri uğurla inkişaf edir», «İtaliya Qarabağ probleminirn həllində Azərbaycanı dəstəkləyir» başlıqları altında yer alıb. Bu yazılarda hakimiyyət ənənəsinə sadiq qalaraq iqtidarın beynəlxalq nüfuzu ilə bağlı təbliğatında ifrata vararaq iki dövlət arasındakı münasibətləri normadan artıq «isti» adlandırıb. Görünür, məhz əndazəni aşan bu cür məqalələr İtaliya tərəfindən aydınlığın gətirilməsini vacib edib.
Fuad Qəhrəmanlı: «İtaliya ilə Azərbaycan arasında imzalanan sənədə rəsmi təbliğatda fərqli məna verilməsi İtaliya səfirliyini bu cür bəyanatla çıxış etməyə vadar edib»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, İtaliya səfirliyinin bu bəyanatı diplomatik praktikada az rast gəlinən haldır. F.Qəhrəmanılının sözlərinə görə, imzalanmış müqavilənin mətni ilə onun təqdimatında, müqaviləyə münasibətdə fərqli yanaşmaların ortaya çıxdığı zaman bu cür təkziblərə ehtiyac duyulur. Nəticədə tərəflərdən biri bu cür bəyanatlarla məsələyə aydınlıq gətirilməsinə çalışılır. Bu baxımdan səfirliyin bəyanatında da göstərilir ki, Azərbaycanla İtaliya arasında imzalanmış strateji əməkdaşlıq sazişində rəsmi Romanın maraqlarına uyğun gəlməyən şərhlər var: «Görünür İtaliya səfərindən sonra Azərbaycan hakimiyyəti tərəfindən sözügedən sənəd ətrafında artıq ajiotaj yaradıldığından və rəsmi təbliğatda sənədə onun mahiyyətinə uyğun olmayan məna verilməsi səfirliyi bu cür bəyanatla çıxış etməyə vadar edib. Azərbaycanın imzalanan sənədi həm də İtaliyanın Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi kimi dəyərləndirməsi İtaliya hökumətinin etirazına səbəb olub. İtaliya hökuməti Azərbaycana belə bir dəstək verməyərək, Ermənistanla münasibətləri nəzərə alırsa deməli İtaliya hökuməti rəsimi olaraq Azərbaycanın tərəfdarı kimi görünmək istəmir. Ona görə səfirliyin bəyanatında açıq mətnlə ifadə olunur ki, Roma Qarabağ probölemi ilə bağlı Avropa Birliyi və ATƏT-in yanaşmasını dəstəkləyir. Burada fərqli mövqedən söhbət gedə bilməz».
F.Qəhrəmanlının fikrincə, əslində bu İtaliyanın Qarabağ məsələsindəki rəsmi təbliğatına aydınlıq gətirmiş olur. «Hakimiyyətin apardığı ifrat təbliğat belə bir addımın atılması zərurətini yaradıb», deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal