Zahid Oruc Iranı növbəti dəfə ittiham elədi
Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 3 ton heroinin aşkar edilməsi rəsmi Bakı ilə Tehran arasında qalmaqala səbəb olub. Burada əsas məsələ təbii ki, 3 tona yaxın narkotik maddənin Azərbaycandan necə keçməsidir. Baş verənlərlə bağlı aidiyyatı orqanlar demək olar ki, münasibət bildirməyib.
Milli Məclisin deputatı Zahid Oruc isə bir neçə gün öncə mətbuata açıqlamasında bildirib ki, bu məsələnin günahkarı Irandır: “Narkotranzitin Iran üzərindən daşınması 10 illər ərzində sübut olunub. Azərbaycanın media orqanları bu məsələdə bizim sərhəd-keçid məntəqələrini tənqid etməklə bərabər məsələnin əsas məğzini hədəf seçməlidirlər. Bu, Iranın siyasətidir. Ildə 40 tondan artıq narkotik Iran sərhədlərindən bir silah kimi bizə qarşı yönləndirilməkdədir”.
Iran tərəfi isə Zahid Orucun ittihamlarına etiraz edərək rəsmi Bakını ittiham edib: “Təəssüflər olsun ki, bəzi ünsürlər Iranı ittiham etməklə ümumi rəyi çaşdırmaq və diqqəti Azərbaycan Respublikası ərazisindən Gürcüstana narkotik maddələrin tranzit edənlərdənÿ yayındırmaq niyyətindədirlər. Iran Islam Respublikası narkotik qaçaqmalçılığı ilə mübarizədə ən bacarıqlı ölkələrdən biridir”.
Açıqlamada həmçinin bildirilib ki, Zahid Orucun ittihamlarına görə Iran Azərbaycana nota verməyə hazırlaşır.
Ancaq Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında yenidən Iranı hədəf seçib və ağır ittihamlar səsləndirib: “Azərbaycan uzun illər ərzində Iranın bu setini ifşa edib. Bu məsələlərlə bağlı hökumət xətti ilə getmiş gizli yazışmalara söykənərək deyirəm – Iran bu məsələdə suçludur! Bu, sadəcə, özfəaliyyət deyil. Iran Əfqanıstanda bu plantasiyaların salınmasında, sonradan Azərbaycan kimi ölkələrə, Avropaya göndərilməsində maraqlıdır!!! Bu maraq təkcə maddi fayda deyil, Azərbaycan insanına qarşı bir qəsd proqramları mövcuddur!!! Bu, Iranın məxfi doktorinalarında ifadə olunub! Bu, Azərbaycan hakimiyyətinə bəlli məsələdir. Iranın notasını əsassız hesab edirəm. O notaya qarşı cildlərlə sənədləri təqdim edib Irana göndərmək mümkündür”.
Səslənən fikirlərlə bağlı Iran səfirliyinin mövqeyini öyrənməyə çalışsaq da, gün ərzində cavab ala bilmədik. Bildirildi ki, səfir iclasdadı və bir neçə saatdan sonra sizə açıqlama veriləcək. Təkrar əlaqə yaratmağa çalışanda isə, səfirin iş vaxtının bitdiyini söylədilər.
İlham