“Gürcüstanda çox ucuzluqdur” – bunu qonşu dövlətə ayaq basmış və iki ölkədəki qiymətləri müqayisə etmək imkanı olan hər bir azərbaycanlıdan eşidə bilərsiz. Bu barədə çox yazılıb, çox danışılıb. Ona görə də biz Tiflisdə gördüyümüz və heyrətləndiyimiz bütün məsələlərdən deyil, yalnız bu şəhərin Milli Parkındakı ab-havadan, qiymətlərdən və insani münasibətlərdən bəhs edəcəyik. Bu zaman siz oxuculara Bakı bulvarında insanlara necə divan tutulduğu aydın olacaq.
3-4 qat ucuzluq
Bəli, bizim Dənizkənarı Milli Park günü-gündən böyüyür. AzTV-nin dililə desək, çiçəklənir. Bu genişlənmə təbii ki, qiymətlərə də təsirsiz ötüşmür.
Tiflisdə isə əksinədi. Qonşu respublikanın paytaxtındakı Milli Park bizdəki kimi dənizin kənarında deyil, dağın üstündədi. Şəhərin istənilən yerindən taksi ora 5-7 lariyə (2.5-3.5 manata) aparır. Bizdə o yolu qət edən sürücü sərnişindən ən azı 10 manat (20 lari) alar. Bundan başqa, ora xüsusi avtobuslar da işləyir. Günün istənilən saatı adambaşına 40 tetri (20 qəpik) verib, həmin məkana getmək olar. Orada çalışanlardan öyrəndik ki, park gecə saat 4-ə qədər insanların xidmətindədi. Bu zamana kimi istirahət edən, yaxud əylənənlər çıxışdakı taksilərlə gedə bilərlər ki, bunun üçün ödənilən xidmət haqqı 10 laridi (5 manat). Bir daha təkrar edirik, bu məbləğə taksi sizi parkdan Tiflisin istənilən ünvanına aparacaq.
Parka giriş bir yerdəndir. Daha bizdəki kimi kim hardan istədi, daxil olmur. Parka gələnlərin qarşısına öncə sıra ilə və səliqəli şəkildə düzülmüş kiçik dükanlar çıxır. Su, siqaret, dondurma və başqa məhsulları buradan ala bilərsiz. Bizim Milli Parkda dondurma, su, siqaret marketlərdən ən azı, 50 faiz; burada isə ən pis halda, şəhərin mərkəzindən 10-15 qəpik baha satılır.
Tiflisin Milli Parkında dondurmalar 1-2 lariyə (50 qəpik – 1 manat), sular 60-80 tetriyədi (30-40 qəpik). Siqaretlər isə şəhərin mərkəzindən 10-20 tetri (5-10 qəpik) bahadı. Ancaq bizim bulvarda ən ucuz dondurmanı 1 manatdan aşağı ala bilməzsən. Marketlərdə 20 qəpiyə olan sular 40-50 qəpiyə, siqaretlər isə şəhərdəki mağazalardan 50 qəpik – 1 manat baha satılır.
Ucuzluqdan həzz almamaq mümkün deyil
Bizdəki kimi, Tiflis parkında da qatarlar var. Bakıda bu minik vasitəsindən istifadə 2 manat olduğu halda, Tiflisdə qiymət 5 laridi (2.5 manat). Qiymət daha baha olsa da, hərəkət məsafəsi də Bakı bulvarındakından çoxdur.
Tiflis parkında attraksionlardan istifadə etmək hər kəsin cibinə uyğundur. Karuseldə əylənmək Bakıda adambaşı 2 manatdı. Yenicə istifadəyə verilmiş “Şeytan çarxı”nda isə bir dövrə böyüklər üçün 6, balacalar üçünsə 3 manatdır. Ailəvi kabinet isə 25 manata başa gəlir. Amma Gürcüstanda karuselin qiyməti adambaşı 2 lari, yəni 1 manatdı. Kabinet isə bir ailə üçün 12 laridi (6 manat). Üstəlik, bu attraksion parkın elə yerində qurulub ki, şəhəri ayaqlarının altında hiss edirsən. Bundan başqa, bizdəkindən fərqli olaraq, orada təhlükəsizlik qaydalarına çox ciddi riayət olunur. Kabinet şəklində olan bu karusellərə gözətçilər 3-4 kabineti boş yola salandan sonra müştərini mindirir. Bunun səbəbini isə tarazlığı bərpa etməklə izah edirlər.
Tir tüfəngi ilə Bakıda 5 dəfə atəş açmaq 2 manat olduğu halda, Tiflisdə 1-3 laridi (50 qəpik – 1.5 manat). 1 lariyə 3, 3 lariyə 5 dəfə atəş açmaq olar. Göstərilən dairəni dəqiq nişan ala bilsən, ödədiyin puldan 3-4 dəfə baha hədiyyə qazanırsan.
Bizdə valideynlər övladlarını bulvarda “5D – film məkanı”na 10 dəqiqəlik aparmaq üçün 5 manatından keçməlidir. Ancaq qonşu ölkənin parkında bu, 5 lariyədi (2.5 manat). Bu məbləğ 20 dəqiqə üçün ödənilir.
“Qorxulu ev” də Bakıdan üç dəfə ucuzdu. Bizdə adamlar 5 manat verib həyəcanlanırsa, orada bunun qiyməti 3 laridir (1.5 manat).
Tiflis Milli Parkında elə attraksionlar var ki, ona bizim bulvarda rast gələ bilməzsən. “Roller Coaster” adlanan gəmi karusel kimi yüksəyə qalxır. Ancaq çox sürətlə hərəkət etdiyindən, heç yeri görmək mümkün deyil. O, sadəcə sərnişinlərə adrenalin yaşadır. Tiflisdə bu həyəcanı hiss etmək üçün çox cüzi məbləğ – 5 lari (2.5 manat) ödəməlisən. Yəqin ki, bu attraksionlar Bakıda olsaydı, bileti ən azı 10 manata satardılar.
Dəstgah fərqi
Hər iki Milli Parkda zövqünə uyğun restoran tapa bilərsən. Ancaq bizdə qiymətlər həmişəki kimi, baha, orada isə ucuzdu. Bizim bulvarda orta səviyyəli restoranda bir şiş kababın qiyməti 5, hər bir salat (bir nəfər üçün) 4, meyvə şirələri isə 3 manatdır. Yəni, hərəsindən bir dənə sifariş etsən, bu 12 manat edir. Tiflisdə isə eyni menyu 16 laridi (8 manat).
Bakı bulvarında elə çayxanalar var ki, orada bir çaynik çay sifariş edə bilməzsən. Mütləq yanında ən azı, mürəbbə istəməlisən. Bu da yerindən asılı olaraq, qiymətin 5-10 manat arası dəyişməsi deməkdir. Belə hal Tiflis parkı üçün keçərli deyil. Dəstgahsız da çay, kofe, su sifariş etmək mümkündü.
Tiflis parkında olan sürətli qayıq da bizdə yoxdur. Yüksəklikdən sürətlə aşağı – suya enən bu qayığa minmək üçün 4 lari (2 manat) verməlisən.
Bir neçə il öncə bizim Milli Parkda istifadəyə verilən “Venesiya” su şəhərciyində adi qayıqla 100 metrlik səyahətə çıxmaq adambaşına 5 manata başa gəlir.
Dilənçi yoxdur, parkinq, tualet pulsuzdu…
Tiflis parkının bizim bulvardan üstünlüyü, ucuzluğu bununla yekunlaşmır. Orada ayaqyoludan istifadə pulsuzdu. Avtomobili ilə gələn sürücülər də parkinq üçün əlavə haqq ödəmir. Üstəlik, parkda uşaqlar üçün bir neçə heyvanat parkı var. Burada hərəkətli və səsli dinozavrlar yoldan ötənlərin marağına səbəb olur.
Tiflis parkının ən üstün cəhətlərindən biri də burada dilənçilərin gözə görünməməsidi. Orada olduğumuz müddətdə nə qaraçı, nə gürcü, nə də başqa millətdən kimsə bizə yaxınlaşıb pul istədi. Təhlükəsizlik əməkdaşlarından öyrəndik ki, parkın rəhbərliyi əraziyə dilənçiləri buraxmır ki, istirahətə gələnləri narahat etməsin.
Bundan başqa, orada kitab oxumaq üçün əla şərait yaradılıb. Kim istəyirsə, skamyada oturub mütaliə edə, yaxud dincələ bilər. Onlara heç kim mane olmayacaq.
Düzdür, bizim bulvarda da kitab oxuyana kimsə “gözün üstdə qaşın var” demir. Ancaq şərait elə qurulub ki, sadəcə, bu mümkünsüzdü. Səs-küy, insanların hərəkəti, qışqır-bağır buna imkan vermir.
Tiflisdə dükanlar və kafeləri çıxmaq şərtilə, bütün attraksionlardan istifadə etmək üçün kart almalısan və ora pul köçürməlisən. Kart isə birdəfəlik deyil. Ilin istənilən fəslində parka gəlib kartın balansındakı məbləğdən istifadə edə bilərsən. Karta pul qoyanda qəbz verilir. Yəni, hər şey sənədləşir. Belə olan halda, vergidən yayınmaq da mümkün deyil.
Bizdə isə əksinədir. Hər attraksionun yanında kassa var, ora pul ödəyib, adi kağız parçası alırsan. Vəssalam…
Tiflis bulvarında informasiya almaq, parkın xəritəsini əldə etmək üçün ayrıca şöbələr var. Yaxınlaşıb istədiyin sualı verə, yaxud xəritəni alıb seçdiyin attraksiona getmək üçün istiqaməti müəyyənləşdirə bilərsən. Həmin xəritədə qiymətlər də qeyd olunub.
Tiflis parkında “First aid” – ilkin yardım da var. Bu xidmət də pulsuzdur.
***
Bu da sizə Tiflis Milli Parkı. Münasib qiymətlər, yüksək səviyyədə diqqət və qayğı, gözəl məkan, istirahət üçün yaxşı imkanlar…
Hər şey insanlar üçün yaradılıb, daha bizdəki kimi kimlərinsə cibinə görə yox…
Ramin DEKO, Bakı-Tiflis-Bakı