Proffessor Əbülhəsən Abbasov: «Ukraynanın siyasi elitası düşünülmüş addım ata bilsəydi, onlar qlobal burulğana düşməkdən yayına bilərdilər»
“Azadlıq” qəzetinin müsahibi fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovdur. Ə.Abbasovla söhbətiimizə hazırda dünyanın gündəmini zəbt edən Rusiya ilə Qərb arasında yaşanan siyasi, ideoloji savaşa münasibət öyrənməklə başlamaq qərarına gəldik. Eyni zamanda gündəmdə olan başqa mövzularla bağlıda suallarımızı ünvanladıq.
– Sizcə, Qərblə Rusiya arasındakı qarşıdurmanın döyüş meydanının məhz Ukrayna olması tarixi-siyasi baxımdan təsadüfi idi, yoxsa bu proses əvvəldən gözlənilən idi?
– Bu suala həm hə, həm də yox cavabını vermək olar. Çünki Ukrayna həm ərazisi, həm geosiyasi mövqeyi baxımından ənənəvi olaraq Qərblə Şərq arasında mühüm dövlətlərdən biri idi. Vaxtilə 98-ci ildə Bjezinski də “Böyük Şahmat taxtası” kitabında Ukraynanın əhəmiyyətini qeyd etmişdi. Yəni “soyuq müharibə” dövründə də Ukrayna iki tərəfin arasında mühüm əhəmiyyət daşıyan ərazi, dövlət kimi qeyd olunurdu. Bir növ aşkar və ya gizli formada Ukraynanın uğrunda mübarizə gedirdi, bu istiqamətdə cəhdlər olunurdu. Bu baxımdan sözügedən qlobal toqquşmada Ukraynanın hadisələrin episentrində olması gözlənilən idi. Amma, əlbəttə, bu mütləq bir zərurət deyildi. Əgər Ukraynın siyasi elitası iqtidarlı-müxalifətli daha dürüst, düşünülmüş addım ata bilsəydi, onlar qlobal burulğana düşməkdən yayına bilərdilər. Ən azı episentrə çevrilməzdilər. Amma tarix elə gətirdi ki, Ukrayna başlamış qlobal prosesin episentrinə çevrildi.
“Rusiyanın Rasputinlə başlayan çöküşü Putinlə tamamlanacaq”
– Belə fikirlər var ki, bu proses Rusiyanın sonunu gətirəcək. Xüsusilə Qərb mətbuatında belə qeyd edilir ki, Rusiya Qərblə qarşıdurmadan sağ çıxmayacaq. Hazırda yaşananları keçmiş Şərq bloku ilə Qərb blokunun qarşıdurmasında həlledici raund hesab edirlər. Bu proseslərin Rusiyanın geosiyasi nüfuzunun itirməsinə gətirib çıxarması mümkündürmü?
– Tarixi perspektivi götürsək, Putin Rusiyasının bu böyük savaşdan sağ çıxması mümkün deyil. Burada səbəblər çoxdur. Mən vaxtilə Putin hakimiyyətə gəldikdən bir il sonra yazılarımda da qeyd etmişəm ki, “Rusiyanın Rasputinlə başlayan çöküşü Putinlə tamamlanacaq”. Mən Putinin müəyyən siyasi, psixoloji mahiyyətini təhlil edərək bu nəticəyə gəlmişdim. Proses də bunu göstərdi. Medvedevin dövründə də ölkəni Putin idarə edirdi. Putin faktiki prezidentliyi dövründə Rusiyanı yeniləşdirə bilmədi. Rusiyanın yeniləşməsi aldadıcı yeniləşmə oldu. Istər siyasi institutların demokratik əsaslarla fəaliyyəti, istər cəmiyyətin özünün formalaşması, istərsə də idarəetmə fəlsəfəsi bir görüntü xarakteri daşıdı. Rusiyanın idarəetmə fəlsəfəsi mahiyyətcə bürokratik şəxsiyyətlərə, oliqarxiyaya söykənən talançısistemdir. Burada vacib məqam nədən ibarətdir. Bəzən mətbuat Putinin təqdimatında yanlışlığa yol verir. Rus mətbuatıhətta Putini 2-ci Pyotr kimi qələmə verirlər. Bəziləri hətta hesab edir ki, Putin pis vəziyyətə düşmüş Rusiyada Lenin və Stalinin rolunu oynayacaq.
– Hətta buna neostalinist siyasət də deyilir…
– Birincisi, Putin Lenin və Stalin deyil. Onlar çox böyük, formalaşmış şəxsiyyətlər idi. Onların çox güclü nəzəriyyələri, ideologiyaları, idarəetmə qabiliyyətləri var idi. Şəxsiyyət baxımdan da Putin onlarla müqayisə oluna bilməz. Ikincisi, bu şəxslərin o zaman söykəndiyi güclü ideologiya var idi. O dövr üçün bu ideologiya nəinki Rusiyada, bütün dünyada xalqları, kütlələri öz ardınca aparmaq gücündə idi. Bu insanların haqqı, taleyi, yaşam tərzi baxımından müsbət elementlər daşıyan ideologiya idi. Həmin ideologiyanın özü birləşmədə çox böyük mühüm rol oynayırdı və oynadı da. Stalinin Rusiyanı ayaq üstə qoymasında mühüm bir faktor da var idi. Əsas, aparıcı, dominant etnos ruslar bu vəziyyətdə deyildi. Hazırda bu etnos kifayət qədər deformasiyaya uğrayıb. Burada təsadüf yoxdur. Bu proyekti işləyənlərin də baş verənlərdə müəyyən rolu var. Xalq kütləvi şəkildə alkoqolizmə, pozğunçuluğa, narkomaniyaya vadar edilir. Artıq rus etnosu ayaqda olan xalq deyil. Rus xalqı rusların məhşur “vanka-stanka” oyuncağına bənzəyir. Hansısa bir imperiyadan söhbət gedirsə, dominant element özündə müəyyən bir keyfiyyət daşımalıdır. Bundan başqa, təbliğatda nə qədər tərifləməyə çalışsalar da, Rusiya postsovet dövründə güclü iqtisadiyyat qura bilmədi. Məsələn, kapitalist iqtisadiyyatı azad bazar münasibətlərinə söykənir. Amma ruslar tarixi zamana, məkana cavab verən iqtisadiyyat qura bilmədilər. Rusiyanın böyük yeraltı-yerüstü sərvətləri var. Rusiyanın bütün potensialı, sərvəti mənimsənilməkdə davam edir. Bu proses əvvəl də var idi. Amma indi bir növ Putinin özü oliqarx kimi çıxış edir. Bu rus mətbuatıilə yanaşı, Qərb mediasında da yayılır. Bütün bunlar nəzərə alınaraq söyləmək olar ki, Rusiyada qurulan iqtisadiyyat müasir, kapitalist iqtisadiyyatında ən yararsız sistemdir. Adətən qlobal böhrandan çıxış iradəsi ortaya qoyulursa, zəif həmişə qurbana çevrilir. Rusiyanın ərazisinin geniş olmasına baxmayaraq bu dövlət qurban oldu.
– O zaman Rusiya kapitalizmin qlobal böhrandan çıxışının qurbanına çevrilir?
– Bəli. Burada çox böyük ehtimal var ki, təkcə Ukrayna yox, Rusiyanın özü də qlobal böhranın qurbanına çevriləcəkdir. Burada bir sıra misallar çəkmək olar. Bura mədəniyyəti, demokratiyanı, millətlərarasımünasibətləri, siyasi-sosial institutların fəaliyyətini də əlavə etmək olar. Bunların hər birində xoşagəlməyən faktorlar var. Ona görə Rusiyanın hazırkısiyasi elitasının – Putinin və ona dəstək verən partiyaların, Jirinovskinin, Züqanovun qarşısına qoyduqlarıiddia üçün əsaslar yoxdur.
– Dediniz ki, bu, Putin Rusiyasının sonudur. Belə başa düşdüm ki, sizin belə bir alternativ fikriniz var ki, Rusiya üçün yeni bir transformasiya şansı var. Rusiya ətrafındakı dövlətlərlə münasibətdə tam fərqli yanaşma sərgiləyərək özünü xilas edə bilər?..
ardıvar
Seymur Həzi