Dünən prokuror məhkəmədə NİDA-çı gənclərə ağır həbs cəzaları istədiyi dəqiqələrdə Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun ofisində onların müdafiəsi naminə dəyirmi masa keçirilib. Dəyirmi masanı AXCP Gənclər Komitəsi siyasi məhbusların azadlığa buraxılması tələbilə son günlər həyata keçirdiyi kampaniya çərçivəsində təşkil edib. Tədbir həbsdəki NİDA-çı gənclərə həsr olunsa da, müzakirə ümumiyyətlə siyasi məhbusların müdafiəsilə bağlı aparılıb. Tədbirdə hüquq müdafiəçiləri, gənc fəallar, siyasi partiya təmsilçiləri iştirak edib. Onlar çıxış edərək, müxtəlif təkliflər səsləndiriblər.
“Azərbaycanda heç kim şər-böhtandan sığortalanmayıb”
Tədbirin aparıcısı olan AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn əvvəlcə cəbhəçi gənclərin sosial şəbəkələrdə başlatdığı və böyük səs-küy doğuran “Azad et” kampaniyası haqda danışıb: “Aprelin 14-dən kampaniyaya başlamışıq. Bu kampaniyamız ”Twitter” və “Facebook”da trendə çevrildi. Biz bu kampaniya ilə siyasi motivlərlə həbs olunmuş insanların azadlığını tələb edirik. Biz bu məsələnin gündəmdən çıxmaması üçün çalışırıq. NIDA-çı gənclərin, Pərviz Həşimlinin, eləcə də digər siyasi motivli məhkəmələrdə görürük ki, insanları şərləyərək həbs edirlər və bu prosesi adiləşdirməyə çalışırlar. Amma məhkəmələrdə gənclərin ifadələrindən görünür ki, onları haqsız yerə həbs etməklə hirsləri soyumayıb, həbsdən sonra da gənclərə qarşı işgəncələr olub. Onlardan bir-birinin əleyhinə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Idarəsinə qarşı ifadə almaq məqsədilə ən müxtəlif üsullara əl atılıb. Hətta Pərviz Həşimli bundan öncəki məhkəmədə bildirdi ki, prokurorun gözü qarşısında onu MTN əməkdaşları döyüblər. Elə bir vəziyyət yaranıb ki, vətəndaşın özünə sığınacaq tapacağı bir qurum qalmayıb. Məhkəmə proseslərindən görünür ki, hakimiyyət bu gəncləri cəzalandırmaqda qərarlıdır. Biz də fikirləşdik ki, ölkə səviyyəsində bir kampaniyaya başlayaq, bəlkə bu hakimiyyət azacıq utanar”.
Ilham Hüseyn onu da qeyd edib ki, cəmiyyətdə siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bu kampaniyaya dəstək verməlidir. Çünki Azərbaycanda heç kim bu cür haqsızlıqlardan, şər-böhtandan sığortalanmayıb.
“Azərbaycanlılar necə razı olur ki, Rəşadət Axundov bir ildir övladının üzünü görə bilmir?!”
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı da çıxışında cəbhəçi gənclərin başlatdığı kampaniyanın əhəmiyyətindən danışıb: “Məqsədimiz siyasi məhbusların müdafiəsi, onların maksimum tez bir zamanda azadlığa çıxmasına nail olmaq, onların hər hansı fiziki, mənəvi işgəncə və repressiyalarla üz-üzə qalmasına imkan verməməkdir”.
Əbülfəz Qurbanlı bildirib ki, kampaniya çərçivəsində bir neçə hədəf qrupuna mesajlar var: “Bizim ali məqsədimiz bu ölkədə köklü dəyişikliklərə nail olmaqdır. Amma Azərbaycan hökuməti də görür ki, hər il Azərbaycanda gənclər ayaqlanır, təşkilatlanır və bunun qarşısını almaq üçün qondarma ittihamlarla bu şəxsləri həbs edir. Bizim birinci hədəf qrupumuz beynəlxalq ictimaiyyətdir. O beynəlxalq ictimaiyyət ki, Azərbaycan hökuməti onların qarşısında öhdəlik götürüb. Beynəlxalq təşkilatlar Azərbaycanda bu qədər siyasi məhbus olmasında təkcə təəssüf hissi, narahatlıq keçirməklə kifayətlənməməlidir, onların fəaliyyətləri yalnız bəyanatlardan ibarət olmamalıdır. Azərbaycan hökumətinə təzyiq olmalıdır ki, siyasi məhbuslarla bağlı məsələyə son versin. Ikinci hədəfimiz Azərbaycan xalqıdır. Azərbaycanlılar başa düşməlidir ki, bu gün həbsdə olan Anar Məmmədli təkcə öz səsinin qorunması üçün mübarizə aparmayıb, bütövlükdə Azərbaycan vətəndaşlarının seçim azadlığına hörmət olunması üçün seçki müşahidə missiyasına rəhbərlik edib. Hər kəs anlamalıdır ki, Anar Məmmədlini müdafiə etmək vətəndaş kimi, onun borcudur. Azərbaycanlılar öz övladlarını çox sevirlər, bəs necə razı olurlar ki, Rəşadət Axundov bir ildir övladının üzünü görə bilmir?! Ona görə də bu məsələdə hamımız bərabər hərəkət etməliyik”.
“Xarici ölkələrə məktub yazıb demək lazımdır ki…”
Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus isə siyasi məhbuslarla bağlı son hesabatı açıqlayıb və ardınca gənclərə üz tutaraq, təkliflərini səsləndirib: “O vaxt Heydər Əliyev əli silahlı OMON-çuları həbs edirdisə, indi Ilham Əliyev sosial şəbəkələrdə onu tənqid edən gəncləri həbs edir. Əgər siz gənclərin sosial şəbəkələrdə yazdığınız bir cümlədən qorxurlarsa, minini yazın. Mən özüm də sizə hər cür dəstəyi göstərməyə hazıram. 2015-ci ildə Olimpiya Oyunlarını Azərbaycanda keçirmək planlaşdırılır. Bununla bağlı da kampaniya keçirmək lazımdır. Xarici ölkələrə məktublar göndərmək, imza kampaniyaları təşkil etmək lazımdır. Biz onlara çatdırmalıyıq ki, bu qədər siyasi məhbusu olan ölkədə niyə Olimpiya yarışlarına qatılmaq istəyirsiz? ”Eurovision” mahnı yarışması zamanı həyata keçirdiyimiz kampaniyalara bənzər addımları bu dəfə də atmalıyıq”.
“Aclığı həbsdəkilər yox, azadlıqda olanlar keçirsin”
Hüquqşünas Əliabbas Rüstəmov çıxışında həbsdə olan NIDA-çı gənclərin dünəndən etibarən aclıq aksiyası keçirməsinə toxunub. O, tədbirdə iştirak edən NIDA-çılardan xahiş edib ki, həbsdə olan silahdaşlarını aclığı dayandırmaq üçün yola gətirməyə çalışsınlar: “Hesab edirəm ki, həbsdəkilərin yox, azadlıqda olanların aclıq aksiyası keçirməsi daha məqsədəuyğundur”.
“NIDA” Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər həbsdəki 8 fəalın bəyanatını tədbir iştirakçılarına çatdırıb.
Dəyirmi masadakı müzakirələrin nəticəsi olaraq, “Azad et” kampaniyasını davam etdirmək, bu kampaniya çərçivəsində digər tədbirlər də keçirmək, vicdan məhbuslarının məhkəmələrində hamılıqla iştirak etmək qərara alınıb.
Bəyim Həsənli