Dadaş Sadiqli: “Biz vətəndaşlıq borcumuzu yerinə yetirməli, dostlarımızın taleyinə biganə qalamamalıyıq”
Bəyim Həsənli: “Vicdanlı insanların şərlənərək həbs olunduğu ölkədə, vətəndaşın xoşbəxt gələcəyi ola bilməz”
AXCP Gənclər Komitəsinin aprelin 14-dən başlatdığı #azadet kampaniyası davam edir. Facebook və Twitter sosial şəbəkələrində yüzlərlə gəncin çağırışları yayılıb. Çağırışlarda siyasi məhbusların azadlığı tələb olunur. Azərbaycan hakimiyyətinə və beynalxalq təşkilatlara siyasi məhbusların azadlığa buraxılması üçün müxtəlif statuslar və “tvit”lər paylaşılıb. Sosial şəbəkə istifadəçisi kampaniyanı fərqləndirmək üçün Amnesty İnternattional təşkilatının loqosuna uyğun #azadet və #fredoom yazılmış profil şəkilləri facebooku sarı rəngə boyayıblar.
Artıq sosial şəbəkələrdə “azadet” haştaqı trend olub. Sabah isə kampaniyanın davamı olaraq RATİ-nin ofisində saat 13:00-da AXCP GK-nın təşkilatçılığı ilə dəyirmi masa keçiriləcək.
AXCP GK-nın Ali Məclisinin sədri Dadaş Sadiqli bildirdi ki, başlatmış olduğumuz kampaniya bizim vətəndaş mövqeyimizdən irəli gəlir və hesab edirik ki, bu məsələ daim gündəmdə olmalıdır: “ Biz AXCP GK olaraq zaman-zaman bu tipli aksiyalar həyata keçirmişik, öz fəaliyyətimizdə siyasi məhbuslarla bağlı işi prioritet seçmişik. Hazırda NİDA-çı gənclərin və Pərviz Həşimlinin məhkəmə prosesi gedir və bu prosesdə xoşagəlməz halların şahidi oluruq. Düşündük ki, belə bir vaxtda ciddi aksiyaya ehtiyac var və bu kampaniyaya start verdik. Bundan sonra da bu kimi tədbirlərimiz müxtəlif formada davam edəcək. Təbii ki, hökumət müxtəlif layihələrlə reallıqları arxa plana keçirmək istəyir. Biz isə öz vətəndaşlıq borcumuzu yerinə yetirərək dostlarımızın taleyinə biganə qalamamalıyıq”
AXCP GK-nın İdarə Heyətinin üzvü Bəyim Həsənli də virtual aksiyanın uğurla davam etdiyini və baş verənlərin bir daha yerli və beynəlxalq təşkilatların diqqətinə çatdırıldığını bildirdi: “ Yəqin ki, kampaniyanın gedişini izləyirsiniz. Artıq “azadet” haştaqı trend olub. Ölkənin gənclər sektoru, tanınmış ictimai və siyasi xadimlər bu kampaniyaya dəstək verdilər. Bugün də RATİ-nin ofisində siyasi məhbuslarla bağlı kampaniyamızı davam etdirəcəyik. Yerli və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış hüquqşünaslar, müxtəlif gənclər təşkilatları da tədbirdə iştirak edəcəklər. Hesab edirəm ki, günahsız insanların məhbəs həyatı yaşaması yolverilməzdir və vicdanlı gənclərin şərlənərək həbs olunduğu ölkədə, vətəndaşın xoşbəxt gələcəyi ola bilməz”.
Akif