Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun çıxışı sərt ittihamlarla kəsildi
Novruz Bayramı münasibətilə martın 19-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən bayram tədbirində qalmaqal baş verib. Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa duraraq onun çıxışına mane olub. Həmin şəxs əlindəki meqafonla “Qüdsi Osmanova söz verməyin, o, Azərbaycanı təmsil edə bilməz, o, 15 yaşlı qıza təcavüz edib” deyərək hamını şoka salıb. O, bu iddianı səsləndirərkən sol tərəfində oturmuş qızı göstərib. Qız da ayağa duraraq Qüdsi Osmanova qarşı kəskin ifadələr işlədib. Bu qalmaqalın videogörüntüsü youtube-də yayılıb.
Tədbir zamanı baş verənləri sükutla izləyən Qüdsi Osmanov APA-ya açıqlamasında deyib ki, bu hadisəni təxribat kimi qiymətləndirib: “Novruz bayramı münasibətilə keçirilən tədbirdə baş verən təxribatın arxasında təbii ki, maraqlı insanlar dayanır. Bizdə bununla bağlı müvafiq videomateriallar var, artıq müəyyən araşdırmalar da aparmışıq. Həmin videomateriallarla birlikdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburq nümayəndəliyinə tərəfimizdən rəsmi nota göndərilib. Yaxın müddətdə Rusiya hüquq-mühafizə orqanları məsələni araşdıracaq”.
Baş konsul 15 yaşlı qıza təcavüz etməsi barədə iddiaları birmənalı şəkildə rədd edərək bunun böhtan olduğunu vurğulayıb: “Əgər belə bir məsələ həqiqətən var idisə, nə üçün hüquq-mühafizə orqanlarına müraciət etmirdilər? Əgər bu həqiqət olsaydı, hüquq-mühafizə orqanlarına müraciət olunardı. Deyilənlər əlbəttə ki, böhtandır və təxribat məqsədi daşıyır”.
İnformasiya şöbəsi