Hesablama Palatasının sədri yaxın günlərdə bəlli olacaq
Ilham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla oktyabrın 22-dək Hesablama Palatasının sədri vəzifəsini tutan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olundu. Nəticədə Hesablama Palatasının sədri vəzifəsi boşaldı. Bu arada Hesablama Palatasının sədri vəzifəsinə kimin təyin olunacağı böyük maraq doğurur.
Hakimiyyətdəki mənbələrdən Modern.az saytına məlum olub ki, Hesablama Palatasının sədri vəzifəsinə iki məmur əsas namizəd sayılır. Bunlardan birinin vergilər nazirinin I müavini Natiq Əmirov, digərinin maliyyə nazirinin müavini Azər Bayramov olduğu bildirilib. Amma Azər Bayramovun bu vəzifəyə daha şanslı olduğu vurğulanır.
Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hesablama Palatası səlahiyyət müddəti 7 il müəyyən edilmiş sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatasının üzvlərinə dair tələblər, onların təyin olunma qaydaları Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 44-cü maddəsi və “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun 10-cu maddəsi ilə müəyyənləşdirilir.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar. Palata üzvləri vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə namizədliklərinə Milli Məclisin Iqtisadi siyasət daimi komissiyası baxır və onların barəsində rəy verir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır.
Beləliklə, Hesablama Palatası sədrinin və üzvlərinin seçilməsi və təyin edilməsi qanunvericilikdə Milli Məclisinin səlahiyyətlərinə aid edilib.
Bu isə o deməkdir ki, yaxın günlərdə Hesablama Palatasının yeni sədrini seçməli və təsdiqləməlidir.
Heydər Əsədovdan öncə Hesablama Palatasının 1 rəhbəri olub – Namiq Nəsrullayev.