İsmət Abbasovun yuxarı posta təyin edilməsi «fövqəlnazir»in ürəyincə olmayıb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadr dəyişikliklərindən narazı qaldığı barədə ötən saylarımızda məlumat vermişdik. Doğrudur, Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında Ilham Əliyev balansı gözləməyə çalışıb. Hakimiyyətdəki nüfuzlu oliqarx-məmurların, o cümlədən Kəmaləddin Heydərovun maraqlarını nəzərə alıb.
Zakir Həsənovun müdafiə naziri təyin edilməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gətirilməsi nəqliyyat naziri Ziya Məmmədova jest sayıla bilər. Zakir Həsənov Ramiz Mehdiyevin komandasının üzvüdür. Heydər Əsədov isə Ziya Məmmədovun qudasıdır. Kəmaləddin Heydərova gəlincə, onun yaxın adamı sayılan Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin edilib. Lakin Kəmaləddin Heydərov çoxdandır ki, ələ keçirmək istədiyi Kənd Təsərrüfatı Nazirliyinə (KTN) tam yiyələnə bilməyib. Heydər Əsədovla “fövqəlnazir” arasında dostluq münasibətləri olsa da, bu KTN-nin Kəmaləddin Heydərovun nəzarətinə keçməsi anlamına gəlmir. Heydər Əsədov Ismət Abbasov kimi Kəmaləddin Heydərova savaş açmayacaq. Bəlkə də onun maraqlarına uyğun müəyyən addımlar ata bilər. Amma axı Ismət Abbasov da “vurulmayıb”. O, baş nazirin müavini təyin edilib və məhz aqrar sektor onun nəzarətinə verilib. Kəmaləddin Heydərovun narazılığına səbəb olan da əsasən budur. “Fövqəlnazir” Ismət Abbasovun yuxarı posta təyin edilməsini həzm edə bilmir.