Səfirlik Ramiz Mehdiyevin bəyanatına reaksiya verdi
ABŞ-ın Azərbaycandakı səfirliyi Ramiz Mehdiyevin ittihamlarına münasibət bildirib.
“Haqqin.az”ın məlumatına görə, səfirliyin üç cümləlik cavabı belə olub: “ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Dövlət Departamenti 10 oktyabrı 2013-cü il bəyanatının üstündədir. ABŞ Azərbaycanla müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir. Bundan başqa əlavə olunacaq heç nə yoxdur”.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 10 oktyabr tarixli bəyanatda Azərbaycanda prezident seçkisinin beynəlxalq standartlara cavab vermədiyi haqda ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun verdiyi rəyi dəstəklədiyini bəyan etmişdi.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bundan əvvəl yerli mətbuata, son olaraq, “Interfaks”a müsahibəsində bu cür mövqe nümayiş etdirdiyinə görə Amerikanı ittiham edib: “Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər”.