Vidadi Mirkamal: «Bunlar öz keçmiş silahdaşlarını vəzifədən məhrum olandan sonra satmağa hazırdır»
Keçmiş müdafiə naziri Səfər Əbiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra hakimiyyət təmsilçilərinin onun barəsində müxtəlif ittihamları mətbuatda yer almağa başlayıb. Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Orucun Modern.az saytına açıqlaması da bu qəbildəndir. Milli Məclisin deputatı keçmiş müdafiə naziri Səfər Əbiyev əleyhinə də ciddi ittihamlar irəli sürüb. “Səfər Əbiyev daha çox Azərbaycan cəmiyyəti ilə və onun təmsilçiləri ilə konfliktdə idi, nəinki düşmənlə. Hesab edirəm ki, Zakir Həsənovun daha operativ qaydada atdığı addımlar onu sübut edir ki, yeni nazirin iradəsi və əzmi var. Çox istərdim ki, Türkiyə ilə yaradılmış əlaqələrin fonunda qonşu ölkənin güclü ordusunun təlimat sistemləri, aparıcı modelləri, silah nümunələri, həmçinin müxtəlif qoşun növlərində əldə etdiyi nailiyyətlər Azərbaycana gətirilsin. Çünki bu vaxta qədər Sovet sistemini ordumuza hakim kəsilmişdi. İndi isə qabaqcıl NATO standartlarına üstünlük verilməlidir”.
Maraqlıdır ki, hakimiyyətdə olduğu müddətdə korrupsiya və rüşvətə bulaşmış hökumət rəsmiləri barəsində heç kim fikir söyləmir. Amma vəzifədən uzaqlaşandan sonra keçmiş iqtidar təmsilçilərinə qarşı tənqidləri ara vermir. Özü də bu tənqidlərin gəldiyi ünvan həmin şəxslərin bir müddət əvvəl təmsil olunduğu düşərgə olur. Ordudakı əsgər ölümü ilə bağlı etiraz aksiyaları pik həddinə çatanda baş verənlərə münasibət bildirən dövlət başçısı o zaman aksiya iştirakçılarını ünsür adlandırmışdı. S.Əbiyevə qarşı olan təzyiqləri isə dövlət başçısı ordunun uğurlarına kölgə salmaq cəhdi kimi dəyərləndirmişdi.
Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal bildirdi ki, vəzifəsindən gedəndən sonra hər bir şəxsin hədəfə götürülməsi hazırkı idarəetmə sistemi üçün adi hala çevrilib: «Azərbaycandakı korrupsiya və rüşvət sisteminin tərkib hissəsi olan məmurlar bir-birini sona qədər müdafiə edirlər. Amma bu proses onların vahid sistemin içərisində olduğu müddətə qədər davam edir. Bu sistemin əxlaqı bundan ibarətdir. Bir şəxsin əlindən səlahiyyət çıxan kimi məmurlar bir-birinə qənim kəsilirlər. Elə biz bu əxlaqın dəyişdirilməsini tələb edirik. Müxalifət iyirmi ildir deyir ki, Səfər Əbiyev cinayətkardır və korrupsiyanın içərisindədir. Hazırda müxalifətin arqumentlərini hakimiyyət təmsilçiləri dilinə gətirməyə başlayıb. Bu isə müxalifətin apardığı siyasətin doğru olduğunu göstərir. Bu YAP əxlaqıdır. Onlar öz keçmiş silahdaşlarını vəzifədən məhrum olandan sonra satmağa hazırdır».
Xəyal