İslamçılar və şəhid ailələri də mitinqdə fəal iştirak edəcək
Xəbər verdiyimiz kimi Milli Şuranın oktyabrın 27-nə təyin etdiyi mitinqə BŞIH müsbət cavab verib. 27 oktyabr mitinqi də əvvəlki mitinqlərin keçirildiyi “Məhsul” stadionuda baş tutacaq. Milli Şura mitinqə hazırlıqla bağlı ötən gün geniş iclas keçirib və görüləcək işlər müzakirə olunub.
Mitinqlə bağlı plakatlar, şüarlar hazırlanıb, sosail şəbəkələrdə təbliğat işinə start verilib, çağırış vərəqələrinin paylanmasına başlanılıb.
Milli Şuranın 27 oktyabr mitinqi də seçki saxtakarlığına, hakimiyyətin qanunsuz əməllərinə, ölkənin sürükləndiyi yanlış istiqamətə etirazla bağlı olacaq. Sosial şəbəkələrdə “Tələb edirik” şüarı ilə “event” yaradılıb və 80000-dən çox insan mitinqə dəvət edilib. Artıq minlərlə insan bu mitinqdə iştirak edəcəyini bildirib.
Milli Şuranın mitinqlərində cəmiyyətin müxtəlif təbəqələri iştirak edir və bu hal artan xətt üzrə davam edir.
Nardaran Ağsaqqallar Şurasını sədri Natiq Kərimov bildirdi ki, hər zaman olduğu kimi 27 oktyabr mitinqində də dindar kəsimin nümayəndələri iştirak edəcək və ölkədə baş verən ədalətsizliklərə etiraz bildirəcək: “Meriyanın Milli Şuranın mitinqinə icazə verməsi müsbət haldır və bu, ATƏT-in, ABŞ Departamentinin, digər beynəlxalq təşkilatların təzyiqinin nəticəsidir. Əgər xalq da kütləvi olaraq hakimiyyətə etirazın bildirsə, nəticə xalqın xeyrinə dəyişə bilər. Seçkilərin kobud şəkildə saxtalaşdırılması, bu saxtakarlıqların faktlarla təsdiq olunması və legitim olmayan bir qüvvənin yenidən ölkəyə rəhbərlik etməsi hər kəsi naraht etməlidir, yüz minlərlə insan mitinqlərə axışmalıdır. Çünki baş verənlər Azərbaycan dövlətçiliyinin sabahın şübhə altına alır. Xalq haqsızlığa etiraz etməlidir, sivil mübarizədə fəal olmalıdır və nəticəni dəyişməlidir. Mən bütün təbəqələrin nümayəndələrini, o cümlədən dindar kəsimi mitinqə səsləyirəm və ümid edirəm ki, bu mitinq daha kütləvi olacaq”.
“Atəşkəs qurbanları” Ictiami Birliyinin üzvü Əli Kərimbəyli bildirdi ki, bu mitinqdə iştirak etmək borcdur və hər bir vətəndaş bu borcu qaytarmalıdır: “Bundan əvvəl etirazımızı necə bildirmişik, sona qədər də öz əqidəmizə sadiq qalaraq mübarizənin önündə olacağıq. Çürük sistem məhv olana qədər bu mübarizəni aparacağıq. Biz istəyirik ki, ölkədəki bütün seçkilər xalqın iradəsini ifadə etsin və xalq seçdiyi şəxsi prezident görsün. Buna görə də konstitusion hüququmuzdan istifadə edib, mitinqlərdə iştirak edəcəyik. Bu vicdan məsələsidir və ən azı bunu bizdən şəhidlərimizin ruhu tələb edir. Ona görə də biz şəhid ailələri haqqın yanında, haqsızlığın qarşısında olacağıq”.
Ilham Hüseyn