Həbib Müntəzir: “Məqsədim Azərbaycanda azad və ədalətli cəmiyyətin formalaşmasıdı, bu məqsədi kim həyata keçirəcəksə, onu dəstəkləyirəm”
Almaniyada oturub ölkəmizdə baş verən hadisələr barədə operativ xəbərlər yayan blogger Həbib Müntəzir son illərdə “facebook” və “youtube”da azərbaycanlıların ən çox izlədikləri sırasındadır. Berlinə səfər zamanı “Azadlıq”, “Yeni Müsavat” və “Bizim Yol”un əməkdaşları olaraq, Həbib Müntəzirlə də görüşmək qərarına gəldik. Görüşdə Həbib Müntəzirlə yanaşı, Almaniyada yaşayan azərbaycanlı politoloq Qurban Ələkbərov və “Meydan TV”nin rəhbəri Emin Milli də iştirak edirdi. Görüş də elə “Meydan TV”nin ofisində baş tutdu:
– Həbib, ara-sıra maraqlı şəkillər, informasiyalar paylaşırsan. Mənbələrin etibarlıdırmı?
– Həmişə mənbələrimin etibarlı olmasına çalışmışam. Necə ki, yazdığım statuslar, paylaşdıqlarım da sonradan özünü doğruldub. Yəqin ki, İsmayıllı hadisələri zamanı yazdığım informasiyaları həmin vaxt qəbul etmək olmurdu. Düşünürdülər ki, oturub Berlində, İsmayıllıda nələrin baş verdiyini hardan bilir? Ancaq sonradan “Azadlıq” radiosu da daxil olmaqla, başqa media orqanlarının yazdıqları xəbərlər, şəkillər, videolar mənim informasiyalarımın yalan olmadığını təsdiqlədi.
– 2010-cu ilin parlament seçkilərində YAP-çıların televiziya çıxışlarını paylaşmaqla məşhurlaşdın. Sonradan həmin kadrları internetdən tapa bilmədik. Bəs arxivində saxlamısanmı?
– Bilirsiniz ki, şikayət olunduğundan bir müddət əvvəl “Youtube” kanalımı bağladılar, təxminən 27 milyondan çox izləyicisi var idi. Statistikaya baxmışdım, təsəvvür edin ki, Cənubi Qafqazda ən çox baxılan kanal idi.
– Şikayət hansı mənbədən olmuşdu?
– “Xəzər” informasiya agentliyi adlı bir agentlik varmış, ya yoxmuş, deyə bilmərəm, ancaq bu media qurumunun adı çəkilirdi. Deyəsən, kiril əlifbasıyla yazılmış üç şəxsin adı vardı, amma kim olduqlarını bilmirəm, şikayət onlardan idi. İkisi AzTV-nin kadrları ilə bağlı idi, guya, mən dövlət televiziyasının müəllif hüquqlarını pozmuşam. Biri İlham Əliyevin qızının “mənim atam çox güclüdür” kadrı idi. İkincisi “Koroğlu” abidəsinin açılışında səslənən “Koroğlu yaxşı vətəndaş idi” kadrıyla əlaqədar şikayət olunmuşdu. Üçüncü şikayət isə Amerikanın SNBS telekanalında efirə getmiş “Çirkli zənginlər” reportajının fraqmenti idi. Onu da deyim ki, bu üç video daha çox izlənilmişdi.
– “Youtube” kanalını bərpa etmək mümkün deyilmi?
– “Youtube”un ən həssas nöqtəsi müəllif hüquqlarıdır. Əgər “Youtube”a baxsanız, AzTV-nin yüzminlərlə kadrına rast gələrsiniz, amma nədənsə, məni hədəfə aldılar. Bu da “Youtube”da müəllif hüquqlarının çox həssas məsələ olmasından qaynaqlanır. Kimsə şikayət edirsə ki, filan adam onların kanalının kadrlarını öz kanalına yükləyib, onlar tez qərar qəbul edib bağlayacaqlar.
– Sən AzTV-yə istinad etmişdinmi?
– Mən heç ağlıma da gətirməzdim ki, onlar öz kadrlarından bu dərəcədə hürkərlər. Həmin kadrlara heç şərh də yazmamışdım, sadəcə, “İlham Əliyev: “Koroğlu yaxşı vətəndaşdır”, vəssalam. Televiziya öz paylaşdıqlarından narahat olub.
– Bundan sonra kanalı işə salmaq fikrin varmı?
– Hazırda açmışam, bu dəfə elə etmişəm ki, nə AzTV-nin, nə də başqa mənbənin loqosu görünür.
– Xarici media orqanları necə, səndən informasiya istəyirlərmi? İnformasiya mübadiləsi baxımından…
– Belə hallar çox olub. “Youtube” kanalından mənə yazıblar, çünki mən qaynar xəbəri daha çox bu mənbəyə yükləyirdim. Quba və İsmayıllı hadisələrini misal göstərə bilərəm. İsmayıllıda maşınları yandıranda ilk video-məlumatı mən yükləmişdim. Səhv etmirəmsə, Rusiyanın “24 saat” kanalı məktub yazıb istinad etmək üçün müəllif hüququ istəyirdilər. Mən razılaşandan sonra “Youtube” kanalıma istinad etmişdilər.
Qayıdaq arxiv məsələsinə, yüz faiz əminəm ki, 2010-cu il seçkilərindən olan “Deputatların buraxdığı quşlar”ın kadrları qalıb. Amma hələ onları yeni “Youtube” kanalına yükləməmişəm.
– Azərbaycan hakimiyyətinin “mərəzi” var ki, hər hansı informasiya yayılanda mənbəni tapıb cəzalandırırlar. Sənin mənbələrinlə bağlı elə problemlər yaşanıbmı?
– Açığı, mənim mənbələrim sıravi azərbaycanlılardır. Məsələn, əsgər ölümlərilə əlaqədar birinci mənə yazırlar. İki-üç dəfə olub ki, zəng edib, qardaşlarının filan hərbi hissədə əsgər ölümünün olduğu haqda onlara xəbər çatdırdığını bildiriblər. Mən məlumatı yayandan sonra bir neçə media orqanı məktub yazıb istəyirdilər ki, ilk xəbəri onlara verim, bu media orqanları da Müdafiə Nazirliyilə onu dəqiqləşdirsinlər. Yəni, əsas tezis bu idi ki, sən statusu yazma, biz xəbəri yayaq (gülür). Daha bu nə oldu? Bir daha deyirəm, mənbələrim Azərbaycan vətəndaşlarıdır. Məsələn, İsmayıllı hadisələri zamanı prosesin əvvəlindən sonuna qədər orada olan bir nəfər məlumatları operativ şəkildə ötürürdü.
– Bəs şəkillər necə?..
– Şəkillər də həmçinin.
– Ancaq elə şəkillər yaymısan ki, onlar sadə azərbaycanlıda ola bilməz…
– Yəqin, “Tin söhbəti” saytımı xatırlayırsınız. Saytda Mehriban Əliyevanın şəklini yaymışdım, şəkil Fransanın “Voque” jurnalında çıxmışdı. Jurnalın özü Azərbaycanda yığışdırılmışdı. Birinci xanım jurnal üçün 3 şəkil çəkdirmişdi, şəkil Azərbaycan mətbuatında heç yerdə çıxmamışdı. Şəkilləri isə “google” vasitəsilə tapmışdım. Şəkilləri yayanda hamı heyrətlənmişdi ki, Həbib bunları haradan tapıb.
Daha sonra Müslüm Maqomayevin ad günündən yayılan video-rolik… Həmin rolikdə Polad Bülbüloğlu içkili vəziyyətdə silah çıxartmışdı, indiki prezidenti “İlik” deyə çağırır, Heydər Əliyev isə ad gününə qeyri-rəsmi şəkildə qatılmışdı. Sizə bəlkə qəribə gələcək, Müslüm Maqomayev həmin videonu öz saytına qoymuşdu, mən də oradan götürdüm. Deyəsən, 2005-2006-cı illər idi, axtarış zamanı təsadüfən “muslummaqomayev.com” saytına daxil oldum, video bölməsində həmin roliki gördüm. Amma video 90-cı illərin videosuydu. Mən həmin roliki yayandan 2 həftə sonra saytdan videonu yığışdırdılar.
– Həmin video arxivində qalıbmı?
– Dəqiq bilmirəm, gərək arxivə baxam. Bilirsiniz, əksər şəkilləri internetdən axtarıb tapıram, bəziləri isə Azərbaycandan göndərilir. Düzdür, şayiələr yayılmışdı ki, guya, MTN mənə məlumat ötürür, amma bunlar yalandır. Bəlkə bu quruma bağlı adamlar nəsə göndərirlər, bilmək olmaz.
– Sənin özünə birbaşa təhdidlər olurmu?
– Son olay – Tural Qurbanov məsələsi istisna olmaqla, elə ciddi təhdid olmayıb. Yalnız “facebook” vasitəsilə nələrsə yazırlar, yaxud poçtuma məktub göndərilir.
– Yeri gəlmişkən, Tural Qurbanov məsələsi nə idi?
– Əvvəla, bu barədə mənə Bakıdan yaxın dostlar dedilər ki, ehtiyatlı ol, sonra onun barəsində ətraflı məlumatlar verdilər. Bildirmişdi ki, belə bir adam var, səninlə əlaqədar onu Azərbaycan səfirliyinə göndəriblər, ehtiyatlı ol. Araşdırdım, məlumatın doğru olduğu aşkarlandı. Eyni zamanda, başqa mənbə də ehtiyatlı olmağımı tövsiyə etdi, bundan sonra ciddiyə almağa başladım. Həmin adam xüsusi missiya ilə göndərilmişdi. Çünki normalda səfirliyə işə gələnlər bir müddət sonra ev və maşınla təmin olunur. Ancaq o, Almaniyaya gəlməmişdən əvvəl evi və maşını hazır idi. Beləliklə, Tural Qurbanova bir missiya yükləndiyi və fərqli münasibət hiss olunurdu. Bu məlumatları alandan sonra Emin Milli ilə Almaniyanın Ombudsmanı Markus Löninqlə görüşüb məsləhətləşdik. O, polisə və xüsusi xidmət orqanlarına müraciət etməyi məsləhət gördü. Müraciət etdik, hələ araşdırmalar haqqında xəbər almamışıq. Ancaq onu da bildirdilər ki, səfirliyin işçilərinin xüsusi toxunulmazlığı olduqları üçün onlara yaxınlaşa bilməzlər. Ona görə prosesi araşdırmağa çalışacaqlar. Yadımdadır ki, alman polisi bu hadisələrdən sonra “Meydan TV”nin tədbirlərini xüsusi mühafizə etməyə başladı. Bəlkə indi də tədbirlərini davam etdirirlər, məlumatım yoxdur. Çünki onlar tədbirlərini insanları narahat etməyəcək şəkildə görürlər.
Biz məlumatları alandan 2 ay sonra xəbər oxuduq ki, Tural Qurbanov Maldiv adasında istirahət edərkən qansızmadan dünyasını dəyişib. Halbuki, Maldivdəki mənbələr fərqli informasiya verirdilər. Yəni, onu qətlə yetirmişdilər.
– Sən onu şəxsən tanıyırdın?
– Yox. Başqa bir məlumatda almışdım ki, məni şəxsən Tural Qurbanov öldürməyəcəkdi. O, sadəcə, əməliyyatı həyata keçirmək üçün Berlinə gəlmişdi, təşkilatçı olaraq. Yəni, Berlində də İtaliyadakı kimi olmasa da, müəyyən çeçen və kürd qruplaşmalar var, bunlardan ikisindən birinə tapşıracaqmışlar. Təsadüfən kürd mafiyasına rast gəliblər, amma informasiya sızmışdı.
– Adətən mühacirətdə olanlarda vətəndə mübarizə aparanlara qarşı bir qədər aqressiya, yaxud aşağılamalar müşahidə olunur. Xüsusən, “heç nə edə bilmirsiniz” tezisi üstündə. Bəlkə də bu canyanğısından irəli gəlir, amma Sizin də gördüyünüzün işin əvəzi yoxdur. Bu səviyyədə önə çıxmağınızda mühacir həyatı amili rol oynayıbmı? Yaxud, Azərbaycanda olsaydınız, bunları edə bilərdinizmi?
– Düşünmürəm ki, qeyri-adi nəsə edirəm. Hesab edirəm ki, Bakının mərkəzində Həbib Müntəzirdən qat-qat cəsarətli, bacarıqlı, qabiliyyətli həmvətənlərim var. Onların əksəriyyəti bu gün həbsxanalardadır, həmin gənclər məndən də cəsarətlidilər. O qədər yazan jurnalistlərimiz, bloggerlərimiz var ki… Bu mənada, özümü onlardan cəsarətli hesab etmirəm. Bəs orada olsaydım, necə olardı, bunu deyə bilmərəm. Azərbaycanda olanda da aksiyalara qatılırdım, istər AMİP-in, istərsə də başqa müxalif partiyaların. Ancaq özüm heç zaman AMİP-çi olmamışam, Etibar Məmmədov mənim liderim olmayıb, baxmayaraq ki, biz ailəliklə yaxın olmuşuq. Bir daha deyirəm, partiyaçı deyiləm, məqsədim Azərbaycanda azad və ədalətli cəmiyyətin formalaşmasıdır. Bu məqsədi kim həyata keçirəcəksə, onu dəstəkləyirəm. Əminəm ki, Azərbaycanda normal, sivil cəmiyyət formalaşsa, mənim kimilərinin əksəriyyəti vətənə qayıdacaq. Ölkəsinə və millətinə bağlı insan üçün qürbətdə yaşamaq çox çətindir.
– 2003-cü il olaylarından sonra Azərbaycandan Avropaya bir xeyli jurnalist mühacirət etdi. Onlar gördüyün işlərdə sənə dəstək olurmu?
– Bu, ən yaralı yerimizdir, heyfslənirəm. Bilirsiniz, təkcə onlar deyil, nə qədər mübarizə aparan gənclər tanıyıram ki, son iki-üç ildə Avropaya gəliblər. Partiya üzvü olanlar var ki, burada da partiya mənsubiyyətləri baxımından bir-birilərini “didiblər”. Təəssüf ki, gənclər arasında da bunu gördüm. Belələri Azərbaycanda olanda daha çox prosesə fayda verirdilər, nəinki Avropada. Halbuki, mənim etdiklərimdən qat-qat daha yaxşısını edə bilərlər. Bəziləri vaxtilə tanınmış olsa da, indi unudulub.
– Vətənə qayıtmaq istəyirsənmi?
– Mən Azərbaycandan öz xoşumla çıxmamışam ki, sonra qayıtmayım?! Əlbəttə ki, qayıdacağam.
Aytən Məmmədova