Diplomatların və avropalı qonaqların olduğu konfransa qatılmamaq üçün alternativ tədbir təşkil edildi
May ayının 2-də Bakıda Ümumdünya Söz Azadlığı günü münasibətilə International Media Support (Beynəlxalq Mediaya Dəstək), IREX-in Azərbaycandakı nümayəndəliyi, Media Hüququ Institutu və Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun təşkil etdiyi “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” adlı konfrans keçirildi.
Qeyd edək ki, Ümumdünya Mətbuat Azadlığı Gününü (ÜMAG) Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyası 1993-cü ildə təsis edib. Onun məqsədi mətbuat azadlığının əsaslarını bir daha təsdiqoləmək və həyatlarını itirmiş jurnalistləri yad etməkdir.
Konfransın panelləri başlamazdan öncə Avropa Birliyi səfiri Roland Kobia, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar və ATƏT-in səfiri Koray Tarqay çıxışlar etdilər.
ABŞ səfiri Riçard Morninqstar çıxışı zamanı bildirdi ki, ABŞ üçün demokratiya hər an öncül olub. Mətbuat azadlığından da danışan Morninqstar bildirdi ki, ifadə və söz azadlığı demokratiyanın təməl daşıdır: “Azərbaycanda məni ən çox məyus edən məqamlardan biri jurnalistlərə qarşı təzyiqlər və çirkin kampaniyaların hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılmamasıdır. Dünyanın hər bir ölkəsində fundamental sabitlik media azadlığının qorunmasından asılıdır”.
Roland Kobia hər hansı ölkədə digər azadlıqların necə qorunduğunu bilmək üçün ifadə azadlığının necə qorunduğuna diqqət etməyi vacib sayır: “Əgər ifadə azadlığı qorunursa, digər azadlıqlar da qorunur. Biz inanırıq ki, Azərbaycanda da Avropada olduğu kimi jurnalist yazdığı məlumata görə təzyiqlərlə qarşılaşmayacaq”.
“Tənqid olunmaq heç kimin xoşuna gəlmir. Ancaq fundamental azadlıqların boğulması yolverilməzdir. Azadlıqlar bərqərar edilməlidir. Belə cəmiyyətlər daha çox inkişaf edirlər. Cəmiyyətin nümayəndələrinin səsi eşidilməlidir. Buna görə jurnalistlər cinayət məsuliyyətinə cəlb edilməməlidirlər”,- deyə Roland Kobia bildirdi.
Səfirlərin çıxışlarından sonra isə birinci panelə start verildi. Bu panelin mövzusu “Ifadə azadlğının həm ”online”, həm də “offline” şəraitdə qorunması” oldu. Beynəlxalq Mediaya Dəstək təşkilatının proqram rəhbəri Gülnarə Axundovanın moderatorluğu ilə keçən paneldə RATI sədri Emin Hüseynov, “Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev, IREX və USAID-in Yeni Media Layihəsinin rəhbər müavini Ələsgər Məmmədli mövzu ətrafında çıxışlar etdilər.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Müzakirələrdə ölkənin aparıcı media quruluşlarının rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri aktiv iştirak etdilər. Çıxışlar zamanı hökumətin mətbuata qarşı, söz və ifadə azadlıqlarına qarşı etdiyi hücumlar kəskin tənqid olundu.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, rəhbərlik etdiyi qəzet Beynəlxalq Mətbuat Gününü çox ağır vəziyyət qarşılayır: “Qəzetimizin üzərində 62 min manat məhkəmə cərimələri var. Bir neçə gün öncə Müdafiə Nazirliyi qəzeti məhkəməyə verərək 100 min manat tələb edir. Hakimiyyət azad mətbuatı boğmaq kampaniyasını son günlər daha da gücləndirib. Yerli və beynəlxalq ictimaiyyət bu prosesin qarşısını almaq üçün daha böyük səylər göstərməlidir. Vəziyyətimiz günü-gündən pisləşir. ”Qasid”in bizə 40 min manat borcu var. Pul ödənilmədiyi üçün çox pis durumdayıq”.
Konfransın ikinci panelində isə “Azərbaycanda ifadə azadlığı üçün normativ hüquqi baza” müzakirə olunub. Mövzu ilə bağlı Media Hüquqları Inistitunun direktoru Rəşid Hacılı, RATI-nin media üzrə hüquqşünası Günay Ismayılova, bloger Əli Novruzov çıxış etdilər.
Konfransın sonunda tədbirin təşkilatçılarının hazırladığı “Ifadə azadlığı üzrə birgə bəyannamə” müzakirəyə çıxarıldı və qəbul edildi.
Sonda qeyd edək ki, hökumət nümayəndələri dəvət olunsalar da, tədbirə qatılmamışdılar.
Hökumətin öz tədbiri
Bu konfransa paralel Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan media məkanı mövcud durum və perspektiv vəzifələr” adı altında başqa bir tədbir də təşkil olunub. Tədbirin təşkilatçıları Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Milli Teleradio Şurası və Azərbaycan Mətbuat Şurası olub.
Bu tədbirə qatılan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı yenə maraqlı açıqlamalar verib. Bildirib ki, Azərbaycanda hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir.
PA rəsmisi iddia edir ki, bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuat mövcuddur. Fikrini də belə arqumentləşdirir ki, Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz: “Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları yaşanır. Biz bunlardan xali deyilik və iddia da etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulub. Amma bütövlükdə media siyasətinin tendensiyaları və prioritetləri cəmiyyətimizə oturub. Əsas məsələ ondan ibarətdir ki, azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola, jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilər”.
Maraqlıdır ki Ə.Həsənov medianın azad olmasını hər hansı KIV-in faəliyyətinə qadağa qoyulmamasında görür. Halbuki bu qadağanı qoymamaq hələ mətbuat azadlığını təmin etmək demək deyil. Söhbət, hansı azadlıqdan, demokratik, şəffaf media mühitindən gedə bilər ki, Azərbaycan prezizdenti Ilham Əliyev ölkəyə rəhbərliyi dövründə bir dəfə olsun, yerli mətbuata müsahibə verməyib. Dünyanın onuncu dərəcəli nəşrlərinə belə, müsahibə və açıqlamalar verən Əliyev öz ölkəsinə gələndə nədənsə “əlçatmaz” olub. Atası – keçmiş prezident Heydər Əliyevdən fərqli olaraq I.Əliyev xarici səfərlərə gedən və ya oradan qayıdan zaman hava limanında jurnalistlərin suallarını cavablandırmaq ənənəsinə də son qoyaraq bunu protokoldan çıxarıb. Prezident Administrasiyasına və oxşar dövlət qurumlarına akkreditasiyanın hansı vəziyyətdə olduğu isə hər kəsə bəllidir.
İ.Əliyev bir yana qalsın, bu illər ərzində heç ölkənin baş naziri, parlament sədri də yerli mətbuata müsahibə verməkdə maraqlı olmayıb. Elə dövlət qurumları var ki, illərlə mətbuata bir kəlmə belə, açıqlama verməyiblər. Tənqidi nəşrlərə qarşı qaldırılan məhkəmə iddiaları, həmin nəşrlərin iqtisadi durumuna adekvat olmayan fantastik cərimələrdən isə heç danışmağa dəyməz. Tutalım, Ə.Həsənovun iddia etdiyi kimi, jurnalistlər istədikləri mövzulardan material hazırlaya bilirlər. Amma bu materialların müqabilində məhkəmələrin kəsdiyi yüksək cərimələri kimin ayağına yazmalı?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, son on ildə Azərbaycanda söz və mətbuat azadlığında çox ciddi geriləmələr baş verib. Telekanalların tamamən nəzarət altına alınması və müstəqilliyini itirməsi, mətbu nəşrlərin yayım imkanlarının məhdudlaşdırılması, həbs olunan jurnalistlərin sayına görə lider ölkələr sırasına düşməyimiz, KIV nümayəndələrinin maddi imkanlarının son dərəcə aşağı olması bunun açıq sübutudur: “KIV-lərin dövlət yardımlarından asılı vəziyyətə düşməsinə, yüksək cərimələrə, qanunvericilikdə məhdudiyyətlərin artması ilə müşayiət olunan ”inkişaf”a şahid oluruq. Təbii ki, beynəlxalq təşkilatlar bu faktları açıq-aydın görür. Qiymət verəndə də bunların əsasında verirlər. Hansısa beynəlxalq təşkilat Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətindən danışanda başını aşağı salmalı olursan. Çünki sən də azərbaycanlısan və sənin də çalışdığın bu vəziyyəti düzəltməkdir. Amma heç nəyi düzəldə bilmirsən. Demək olar ki, başqa ölkələrlə müqayisədə hər şey yaxşıdır. Amma başqa ölkə hansıdır – Türkmənistan? Yoxsa başqa ölkə bizim can atdığımız Avropa məkanıdır, demokratik dünyadır?”.
Hökumətin sözü ilə əməlinin üst-üstə düşmədiyini sübut edən daha bir məqam Ə.Həsənov və digər yüksək vəzifəli şəxslərin dünən “Excelsior Hotel”də “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması”adlı beynəlxalq konfransa qatılmaması idi. ATƏT-in Bakı ofisinin rəhbəri, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin, həmçinin ABŞ-ın Azərbaycandakı səfirinin qatıldığı konfransda iştirak etməmək üçün hökumət öz tədbirini təşkil etdi. Və bununla da beynəlxalq konfransı dolayısı ilə boykot etmiş oldu. Əgər Azərbaycan mətbuatının vəziyyəti Əli Həsənovun dediyi səviyyədə olsaydı, PA rəsmisi Qərb diplomatları və beynəlxalq qurumların səlahiyyətli şəxsləri ilə açıq müzakirələrdən qaçaraq özlərinin təşkil etdiyi tədbirdə monoloq deməyə üstünlük verməzdi…
Ramin DEKO