“Onun dediklərinin hamısı cəfəngiyyatdır”
Kinematoqrafçılar İttifaqı ətrafında növbəti qalmaqal
Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının icraçı katibi Cəmil Quliyev Ittifaqın Telestudiya və Kinostudiyada işləyən üzvlərinə ya qurumdan çıxıb onların təşkilatlarına qoşulmaları, ya da ərizə yazıb işdən çıxmaları üçün təzyiq göstərməsi ilə bağlı deyilənlərə cavab verib.
Qeyd edək ki, “Azadlıq” qəzetinə açıqlamasında Azərbaycan Kinematoqrafçılar Ittifaqının katibi Rasim Balayev Azərbaycan Kinematoqrafçılar Ittifaqından “istefaları” alternativ qurumun rəhbərlərindən biri, rejissor Cəmil Quliyevin təşkil etdiyini deyib. R.Balayevin bildirdiyinə görə, C.Quliyev Ittifaqın Telestudiya və Kinostudiyada işləyən üzvlərinə ya qurumdan çıxıb onların təşkilatlarına qoşulmaları, ya da ərizə yazıb işdən çıxmaları üçün təzyiq göstərir.
C.Quliyev yaydığı məlumatda Rasim Balayevin dediklərinin həqiqətəuyğun olmadığını deyib. C.Quliyevin sözlərinə görə, Ittifaqı tərk edən çoxsaylı insanların siyahısı Rasim Balayevi narahat edir. Bu səbəbdən də o belə bir açıqlama verib. C.Quliyev Rüstəm Ibrahimbəyovu da ittiham edib. Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi qurumun artıq 40 ildir fəaliyyətsiz olduğunu və siyasi təşkilata çevrildiyini deyən C.Quliyev məhz R.Ibrahimbəyovun oranı parçaladığını bildirib.
Təmsil olunduğu qurumun və öz ünvanına deyilənlərə münasibət bildirən Azərbaycan Kinematoqrafçılar Ittifaqının katibi Rasim Balayev dediklərinin həqiqət olduğunu bir daha təsdiqlədi: “Bu ittifaqın fəaliyyəti göz qabağındadır. Hamı da bunu bilir. Özləri bizim rəhbər orqanlarda işləyiblər, bilirlər nə var, nə yox”.
R.Balayevin sözlərinə görə, son illər ittifaq maliyyələşdirilmədiyindən müəyyən maddi problemlər yaşanıb. Bu baxımdan istədikləri tədbirləri keçirə bilməyiblər. Amma, ümumiyyətlə, bu illərdə nizamnaməyə uyğun tədbirlər, festivallar, bütün gözəl filmlərin premyerası keçirilib. C.Quliyev və başqaları da bu tədbirlərin iştirakçısı olub. Onu görə də Azərbaycan Kinematoqrafçılar Ittifaqının ünvanına deyilənlərin hamısı cəfəngiyyatdır.
R.Balayev qurumun siyasi təşkiata çevrilməsi ilə bağlı deyilənlərə də toxundu: “Orda hamı öz işi ilə məşğuldur. Rüstəm Ibrahimbəyov öz fikini bildirib, kimlərisə tənqid edib. Ancaq Azərbaycan Kinematoqrafçılar Ittifaqı siyasi idarə deyil. Bu, ayrı-ayrı sənətkarların birləşdiyi yerdir və orada hərə öz işi ilə məşğul olur”.
Fizzə