Onun yerində çoxmərtəbəli evlər tikiləcək
Sökən Nazim İbrahimovun şirkətidir, deyəsən elə o da tikəcək
Heydər Əliyev Mərkəzinin yüz metrliyində yerləşən beş mərtəbli bina yerlə-yeksan edildi. “Azadlıq”ın ötən saylarında bu barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Heydər Əliyev prospekti 77 ünvanında yerləşən binada bir il öncə aparılan təmir-bərpa işləri yüksək səviyyədə görülüb.
Bundan başqa, sökülən bina mərkəzdən təxminən bir neçə yüz metr aralıda və Heydər Əliyev prospektinin kənarında yerləşdiyi üçün təmir edilmişdi. Binanın fasadı aqlay daşlarla örtülmüş, pəncərələr dəyişdirilmiş, eyvanlar bəzəkli dəmirlərlə işlənmiş, binanın özü isə mükəmməl işıqlandırma sistemi ilə əhatə olunmuşdu.
Bir sözlə, həmin bina Heydər Əliyev prospektində yol kənarında göz oxşayan binalardan biri idi. Cəmi bir il əvvəl milyonlar xərclənən bina indi yerlə-yeksan edilir. Rayon sakinləri binanın buldozerin qabağına verilməsini iki cür izah edirlər: “Ya Heydər Əliyev Mərkəzinin ərazisi genişləndirilir, ya da mərkəzin təhlükəsizliyi üçün bu addım atılır”.
Həmin binada yaşayan sakinlərdən biri bizimlə söhbətində binanın sökülməsinə görə narahatlıq keçirmədiyini qeyd etdi. Onlar bildirdilər ki, sakinlərin əksəriyyəti kompensasiyadan imtina edib və şəhərin ayrı-ayrı ünvanlarında mənzillərlə təmin olunublar.
Məlumatlara görə, sözügedən binanın söküntüsünü Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimova məxsus “Galaxy Inşaat” MMC aparır. Sökülən binanın yerində 12 mərtəbəli yeni bina tikiləcəyi barədə məlumatlar dolaşır. Deyirlər ki, sözügedən ünvanda 4 yeni bina tikiləcək. Həmin binaların ərazisini genişləndirmək üçün Nazim Ibrahimov Heydər Əliyev Mərkəzinin təhlükəsizliyini bəhanə gətirir.
Ən dəhşətlisi binanın sökülməsi deyil. Dəhşətlisi bu binanın bir il əvvəl milyonlarla manat hesabına təmir olunmasıdır. Əgər Nazim Ibrahimovun, yaxud başqa bir məmurun sözügedən ünvanda nəsə tikdirmək planı vardısa, bu yaşayış binasına dövlət büdcəsindən niyə milyonlar ayrılırdı? Bax, bu suala verilən cavab hamıya maraqlıdır. Ancaq bu sualın cavabı elə özündədir. Indiyə qədər məmurlar yüzlərlə belə “proje” həyata keçirib…
Ramin DEKO