Oqtay Qasımov: “Elçibəyin müayinə və müalicəsini Türkiyə hökuməti boynuna götürmüşdü və mərhumun kiməsə borcu olmayıb”
“2002-ci ilədək Əbülfəz Elçibəyin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinə və müalicə məsrəfləri ödənməmiş qalıbmış. Bu barədə adının gizli qalmasını istəyən türkiyəli millət vəkili məlumat verib.
Hakim Ədalət və Inkişaf Partiyasında (AKP) təmsil olunan deputatın sözlərinə görə, məsrəflər heç də az deyilmiş və Türkiyə tərəfi bunu Azərbaycandan istəyə bilmirmiş. Əbülfəz Elçibəyin ölümündən sonra isə həmin xərcləri kimin ödəyəcəyi də qaranlıq qalıbmış. Fakt barədə 2002-ci ildə hakimiyyətə gələn Ədalət və Inkişaf Partiyasının (AKP) rəhbərliyinə məruzə olunub. O zaman AKP lideri Rəcəb Tayyib Ərdoğan partiyasında təmsil olunan bir iş adamına Əbülfəz Elçibəyin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinə və müalicə məsrəflərini ödəmək barədə tapşırıq verib. Və bununla da problem həllini tapıb”. Bu məlumatı modern.az saytı yayımlayıb. Sayt yazır ki, Əbülfəz Elçibəy 2000-ci ildə ölümündən əvvəl iki dəfə Türkiyədə tibbi klinikada olub. O, 2000-ci ilin əvvəlində Ankara xəstəxanasında müayinə olunub. O zaman Ankara xəstəxanasındakı müayinə sonucunda Əbülfəz bəyə prostat xərçəngi diaqnozu qoyulub. Həkimlər ona əməliyyat olunmağı məsləhət görsələr də, Elçibəy buna razılıq verməyib. Ondan sonra Azərbaycana qayıdan Elçibəy bir də 2000-ci ilin ortalarında, vəziyyəti ağırlaşanda Türkiyəyə aparılıb. Əvvəlcə Ankara xəstəxanasına yerləşdirilib, daha sonra Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. Əbülfəz Elçibəy ölümünə qədər Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunub, ancaq bu səmərə verməyib və eks-prezident dünyasını dəyişib.
Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Azadlıq”a açıqlamasında yazılanların həqiqətə uyğun olmadığını bildirdi: “Əbülfəz Elçibəyin müayinə və müalicəsi Türkiyə hökuməti boynuna götürmüşdü və mərhumun kiməsə borcu olmayıb. Türkiyə hökumət iki dəfə Azərbaycana təyyarə göndərərək deputatların iştirakı ilə Əbülfəz Elçibəyi xəstəxanaya yerləşdirib və bütün xərcləri dövlət öz üzərinə götürüb. Sayta məlumat verən şəxsin dedikləri yalan və böhtandır”.
Ramin DEKO