Paytaxtın 197, 256 və 295 saylı orta məktəbinin bir abituriyenti də ali məktəb tələbəsi ola bilməyib
Ötənilki qəbul imtahanında paytaxtın 314 məktəbinin məzunları iştirak edib. Bunu “Lent.az”ın müxbiri araşdırma nəticəsində üzə çıxarıb. Araşdırmanın nəticələri isə çox maraqlıdır. Belə ki, nəticələrə görə, paytaxtın 197, 256, 295 saylı tam orta məktəbinin bir abituriyenti də ali məktəbə daxil olmayıb. Beş məktəbin abituriyentinin topladığı orta bal isə 100-dən aşağıdır. Onlar 159 saylı məktəbin nəzdindəki qiyabi-axşam məktəbi, 248 saylı orta məktəbin nəzdindəki qiyabi qruplar, 6 saylı axşam-qiyabi orta məktəbi, 256 və 69 saylı orta məktəblərdir.
Paytaxtın ən yaxşı məktəbləri sırasında isə uğurlu nəticəni liseylər təşkil edib. Bunlara misal kimi 72 saylı məktəb-lisey, 160 saylı “Klassik” gimnaziyası, 287 saylı “Zəkalar” liseyi, texniki-humanitar lisey, 291 saylı “Araz” ekologiya liseyini misal göstərmək olar.
Məlumatda həmçinin bildirilib ki, 159 saylı orta məktəbin nəzdindəki qiyabi-axşam məktəbinin cəmi bir abituriyenti var, o da ali məktəbə daxil ola bilməyib. 6 saylı axşam-qiyabi orta məktəbin iki nəfər abituriyentindən isə yalnız biri ali məktəbə qəbul olunub. Lakin o da 500 bal toplaya bilməyib. 295 saylı orta məktəbin üç nəfər abituriyenti var ki, onların da heç biri ali məktəb tələbəsi ola bilməyib.
Qeyd edilən faktlar yetərincə sual doğurduğundan bu məsələnin üzərində dayandıq.
Müraciət etdiyimiz təhsil sahəsi üzrə tanınmış ekspert Nabatəli Qulamoğlunun qənaətincə, bu gün axşam məktəblərinin mövcudluğu barədə danışmaq mənasızdır: “Yəni axşam məktəbləri olsa-olsa, sənədlərdə mövcuddur. Belə məktəblər heç yerdə yoxdur və bu məktəblərdən alınan pulların hamısı mənimsənilir. Hansı orta məktəbdə axşam məktəbi varsa, reyd təşkil edib yoxlasınlar, görək orda təhsil alan varmı? Bu gün orta məktəbin gündüzündə, 9-10-cu sinifdə dərs yoxdur, nəinki axşam məktəbi ola”. N.Qulamoğlu əlavə etdi ki, liseylərdə təhsilin keyfiyyətli olmasının səbəbi dövlətin yeritdiyi siyasətin nəticəsidir. Yəni Azərbaycan iqtidarının apardığı siyasətin nəticəsidir ki, insanlar müəyyən qruplara bölünüb: “Nəticədə əsas qrup insanlar “qara məktəb”lərdə, az qrup insanlar isə elitar məktəblərdə təhsil alır. Elitar məktəblərdə işləyən müəllimlərin kifayət qədər maaşı var, yəni onlar valideynlərin məktəbə köçürdüyü pulun hesabına maliyyələşir. Başqa cür adlandırmaq mümkün olmayan “qara məktəb”lərdə isə təhsilin səviyyəsi sıfırdır”. N.Qulamoğlu hazırda sezilən bir mərhələnin artan xətlə davam etdiyini söylədi. Bu da mövcud biznes sektorunun təhsilə də nüfuz etməsidir: “Pulu olan vaxtilə hündürmərtəbəli binalar tikirdi. İndi isə pulu olan elitar məktəb inşa edir. Həmin məktəblərdə də pulu olan insanların övladları oxuyur. Maliyyəsi olmayan şəxslərin uşaqları heç vaxt elə məktəblərə gedə bilməz. Əsas məsələ də budur”.
Nigar