Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi də etiraz bəyanatı yayıb
İctimai Palatanın Kanada təmsilçiliyi Azərbaycan hakimiyyətinin mayın 26-da AXCP sədri Əli Kərimliyə qarşı yol vermiş olduğu qanunsuzluğa və psixoloji təzyiqlərə etiraz olaraq bəyanat qəbul edib. Bəyanat müəllifləri bildirirlər ki, Ə.Kərimliyə qarşı baş vermiş məlum olay Azərbaycan hakimiyyətinin xalqa düşmən münasibətinin növbəti göstəricisidir: “Bütpərəst qəbilə hakimiyyətinin “Eurovision” zamanı dinc aksiya keçirənlərə qarşı vəhşilik etdiyi azmış kimi, Əli Kərimlinin evinə də basqın etdilər. Onun polis idarəsinə o şəraitdə çağırılması bu hakimiyyətin xalqımıza qarşı düşmən münasibətini bir daha açıq şəkildə göstərmiş oldu. İctimai Palatanın Kanada təmsilçiliyi olaraq başda xarici ölkələrdə yaşayan həmvətənlərimiz olmaqla bütün soydaşlarımızı bu cur hadisələrə qarşı etiraz etməyə cağırırıq. Soydaşlarımız yaşadıqları ölkələrin mətbuat vasitələrinə bu cür hallarla bağlı məlumatlar versinler. Biz də öz növbəmizdə əlimizdən gələn köməkliyi edəcək, ölkəmizin gələcəyi üçün mübarizə aparan soydaşlarımıza dəstək olacağıq”.
Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi də Əli Kərimliyə qarşı mənəvi-psixoloji təzyiqlərə etiraz olaraq bəyanat qəbul edib. Qurumun sədri Pərviz Həşimli bildirir ki, polisin Əli Kərimlinin evinə gecə saatlarında basqın etməsi Bakı Şəhər Baş Polis İdarəsində deyil, hakimiyyətin ən yüksək pilləsində sanksiyalaşdırılıb: “Bu hərəkət Azərbaycanda demokratik azadlıqların ildən-ilə boğulduğuna növbəti bir nümunədir. Əli Kərimlinin ailəsinin polisin mənəvi və psixoloji təzyiqləri ilə üzləşməsi nə qanunlara, nə də insani davranışa sığır. Azərbaycan hakimiyyəti bu cür utancverici hərəkətlərindən əl çəkməli, beynəlxalq aləmdə özünü daha da rüsvay etməməlidir”.