İctimai televiziyanın efir vaxtı verdiyi partiyaların mütləq parlamentdə təmsil olunması qanunvericilikdə nəzərdə tutulmayıb
Müxalifətin məlum etiraz aksiyalarından biri, bəlli olduğu kimi, İctimai Televiziyanın qarşısında olub. İTV-də müxalif fikrə efir vaxtı verilməməsinə etiraz edən aksiyaçılara kanal rəhbəri İsmayıl Ömərovun verdiyi cavab maraq doğurub. “Azadlıq” radiosuna açıqlamasında İ.Ömərov bildirib ki, beynəlxalq təcrübədə yalnız parlament müxalifətinə efir vaxtı verilir. Yəni yalnız Milli Məclisdə təmsil olunan partiyalar İctimai Televiziyanın efirindən istifadə edə bilər.
Adından da göründüyü kimi, İctimai Televiziya cəmiyyətə açıq olmalıdır və orada ictimai fikir maneə olmadan özünü ifadə etməlidir. Lakin reallıqda bunun şahidi olmadığımızdan, sözügedən məqamın təfərrüatlarını araşdırdıq.
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qeyd edir ki, efir vaxtı verilən ictimai-siyasi təşkilatların parlamentdə təmsil olunub-olunmaması kimi bölgünün aparılması Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb: “İctimai televiziyalar haqqındakı qanunda da bu məsələ nəzərdə tutulmayıb ki, yalnız parlament partiyaları efirdən faydalana bilər. Ümumiyyətlə, Azərbaycanda ictimai teleyayımda bu məqam daim mübahisə doğurub. Azərbaycanda bütün telekanal, eləcə də İctimai Televiziya gündəmi birtərəfli qaydada işıqlandırır. Gündəmdə isə çoxlu sayda hadisələr baş verir, fərqli iştirakçılar, fərqli siyasi aktyorlar var. Lakin fərqli siyasi aktyorlar, tərəflərin yalnız bir-ikisinə efir vaxtı verilir. Qalanlarının isə efir vaxtı təyin olunmur”. A.Məmmədlinin fikrincə, əslində buna siyasi plüralizmin pozulması kimi yanaşmaq lazımdır. Yəni efir vaxtı ədalətli qaydada bölünmür və nəticə də göz qabağındadır.
Televiziya sahəsi üzrə tanınmış mütəxəssis Zeynal Məmmədlinin qənaətincə, efirlə bağlı sözügedən situasiyanı heç bir qaydalar çərçivəsinə sığışdırmaq mümkün deyil: “İctimai televiziyalarda əhalinin müxtəlif kəsimlərinə, icmaların fikrinə yer ayrılması təmin olunur. Lakin təkcə parlamentdə təmsil olunan partiyalara efir vaxtı verilməsi məntiqsiz cavabdır. İ.Ömərovun dediyi kimi, yalnız parlament müxalifətinə yer ayrılması dünya təcrübəsinin yanlış qavranılmasının nəticəsidir”. Z.Məmmədli söylədi ki, ictimai televiziyalarda partiyalara daimi saatlar vaxtı verilir, lakin bu o demək deyil ki, başqaları bu imkandan məhrum olsun.
Həmsöhbətimiz İctimai Televiziyanın birtərəfli mövqeyini qanunlara söykənməməklə izah etdi. Z.Məmmədli İTV-nin öz daxili əsasnaməsinə görə yalnız parlament müxalifətinə yer ayırdığını vurğuladı: “Həmin kanalın efir verilişlərinə diqqət etsək, orda gündəlik olaraq ölkənin taleyüklü siyasi hadisələri, ictimai-siyasi mübahisələr, müzakirələri və s. görmək olmur. Bu da təəssüf doğurur”.
Nigar