“The Washington Post” yazır ki, Hədəf amerikalı diplomatlar və yəhudi icması olub
Son günlər Azərbaycanla İran arasında davam edən gərginlik fonunda müxtəlif iddialar yayılır. Bunlardan biri və bəlkə də ən sensasiyalısı ABŞ-ın “The Washington Post” qəzetində dərc olunub. Qəzetin yazdığına görə, İrana bağlı xüsusi əməliyyatçılar Azərbaycanda çalışan amerikalı diplomatları öldürməyə və yəhudi icmasına qarşı terror törətməyə cəhd göstəriblər. Qəzetin iddiasına görə, bu, İranın xaricdəki düşmənlərinə qarşı yönəlmiş geniş kampaniyanın bir hissəsi olub.
“Noyabr ayında ABŞ-ın Azərbaycandakı səfirliyinə daxil olan gündəlik diplomatik teleqramlardan biri o zamankı səfir Metyu Brayzanı sarsıdır. Mesajda deyilirdi ki, amerikalıları öldürmək cəhdinin üstü açılıb və səfirlik rəsmiləri hədəf siyahısındadırlar”, – deyə “The Washington Post” yazıb. Qəzetə daxil olan və adı çəkilməyən rəsmilərə istinadən yayılan xəbərdə deyilir ki, İranın dəstəklədiyi sui-qəsd planı xarici diplomatları, o cümlədən, israilliləri, səudiyyə ərəblərini, amerikalıları yeddi və daha artıq ölkədə hədəfə alıb. Xəbərdə o da vurğulanır ki, İran özünə qarşı beynəlxalq sanksiyaların artmasından sonra sui-qəsd planından əl çəkib və nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağı üstün tutub.
İnformasiya şöbəsi