MTN-in ölüm və işgəncə ilə bitirdiyi insan taleləri
2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi məlumat yaydı ki, Azərbaycanda bir qrup gənc dövlət çevrilişi hazırlayırmış. General Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlik bu çevrilişin qarşısını alıb.
MTN-nin “Səidin dəstəsi” adlandırdığı bu “mütəşəkkil qrup”un 14 “üzvü”ndən 13-ü – Səid Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbalıyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı.
MTN-nin ölümlər gətirən əməliyyatı
Bu əməliyyatı hazırlayanların əksəriyyəti bu gün “MTN işi”lə bağlı ya işdən çıxarılıb və yaxud həbs olunub. Beləliklə, MTN-nin Istintaq Baş Idarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyev, istintaqı aparan Nadir Mustafayev və Ilqar Əliyevin xüsusi qəddarlıqları məhkəmədə səslənsə də, heç bir araşdırma aparılmadı. Hətta bu işdə ölüm faktı da nəzərə alınmadı. Məlumat üçün deyək ki, gənclərdən Emil Məmmədov işgəncə nəticəsində dünyasını dəyişib. Amma hakim Ənvər Seyidovun qapalı keçirdiyi məhkəmədə bu qətl heç sorğu-sual da olunmadı. Sadəcə, Ənvər Seyidov 2007-ci ilin dekabrında məhkəmə prosesi zamanı gənclərin valideynləri ilə görüşdə “Bilirəm, o cavanların heç bir günahı yoxdur, mən onların üzlərinə baxa bilmirəm. Nə etmək olar? Səbr edin, üç ildən sonra prezidentimiz özü onları azadlığa buraxdıracaq”- deməyə özündə cəsarət tapdı. Istintaq və məhkəmənin gedişinin nəticəsi isə ötən 8 ildə gənclərin yaxınlarına baha başa gəldi. Onlardan bəziləri övladlarının günahsız həbsinə dözməyib dünyasını dəyişdi. 14 il azadlıqdan məhrum edilən Cahangir Kərimovun atası Ramiz Kərimov, Rəşad Əliyevin anası Səmayə Əliyeva, Emil Mehbalıyevin atası Nurəddin Mehbalıyev, Səid Dadaşbəylinin nənələri artıq həyatda yoxdurlar.
Səttar Mehbalıyevin qardaşı oğlu dövlət çevrilişi etmək istəyirmiş
Işin maraqlı tərəflərindən biri də budur ki, həbs olunanlardan Emil Mehbalıyev Azərbaycan Həmkarlar Konfedrasiyasının sədri Səttar Mehbalıyevin qardaşı oğludur. Həmin dövrdə Emil Mehbalıyevin digər əmisi Faiq Mehbalıyev MTN-nin Binəqədi rayon Idarəsinin rəisi idi, hazırda isə Suraxanıda idarə rəisidir. Amma nə Səttar Mehbalıyev, nə də Faiq Mehbalıyev qardaşı oğullarının qanunsuz həbsi barədə danışmadılar. Hətta qardaşları Nurəddin Mehbalıyevin ölümü də onların sükutunu pozmadı. Həmin vaxt maraqlı olay baş vermişdi. Əməliyyatçılar Emil Mehbalıyevin evində axtarış apararkən xəbər tutublar ki, olduqları mənzil Faiq Mehbalıyevin qardaşınındır. Bunu eşidən kimi axtarışı dayandıraraq, evi tərk ediblər.
Səid Dadaşbəylinin qaynatası Rasim Kazımov bildirir ki, yeznəsinin evində axtarış zamanı seyfi də aparıblar: “Seyfdə mənim 100 min dollarım və qızımın 50-60 min manat qiymətində olan qızıl və brilyantları olub. Bunların heç biri qaytarılmadı. Əsas özbaşınalıq axtarışın məhkəmə hökmü göstərilmədən və vəkilin iştirakı olmadan həyata keçirilməsi idi. Yalnız məhəllədə olan bir ”bomj”u şahid qismində gətirmişdilər. Axtarış aparanların qeyri-peşəkarlığı Səidin maşınına narkotik qoyulmasında özünü büruzə verib, deməli, bunlar maşının maqnitofon hissəsinə narkotik qoyublar, o da içəri düşüb, tapa bilmirdilər. Əməliyyatçılardan biri hər 3-5 dəqiqədən bir harasa zəng edib “rəis alınmır, tapa bilmirik” deyə məlumat verirdi. Rəisin onlara “necə qoymusunuz ki, tapa bilmirsiz?” deyə qışqıra-qışqıra söylədiklərini biz də eşidirdik. Nəhayət, qardaşım dözməyib onlara maqnitofonun içinə qoyduqları narkotiki çıxarıb verəndə, adamların üzlərinin qızarması belə utandıqlarını göstərdi”.
Rasim Kazımov deyib ki, Səidin 12 kompüterini aparıblar, 6-sı ofisindən, qalanını atasının və öz evindən götürüblər: “Onun sürdüyü, amma mənim olan 25 min manatlıq ”Hyundai-Tucson” maşınımı apardılar. Məhkəmə hökmündə əmlak müsadirə olunması qeyd edilmişdi, 2008-ci ilin mayında 15 min verəndən sonra maşını qaytardılar. Təsəvvür edin ki, 25 minlik maşınımız 15 min verib geri aldıq, daha qanuna riayət etmək nədi, heç nə. Yaxud DIN-də qeydiyyatda olan tüfəngi apardılar, sonradan Yasamal Rayon Polis Idarəsindən bir neçə dəfə çağırıb tüfəngi qaytaracaqlarını vəd etsələr də, tapmadıqlarını dedilər”.
14 il azadlıqdan məhrum olunan Mikayıl Idrisovon anası Lyuba Idrisova bildirir ki, onların da evində heç bir məhkəmə qərarı göstərilmədən axtarış aparılıb. Evdən 5100 dollar, 3500 avro, DIN-də qeydə alınmış 1 tüfəng və noutbuk aparılıb. Eləcə də “Hyundai-Tucson” avtomobilini aparıblar: “Sonradan bizdən 10 min dollar alıb qaytardılar”.
Axtarış zamanı 1 kompüteri müsadirə olunan Rasim Əliyevin anası Iradə Kərimova bildirir ki, oğlu bu dövlətə təhlükəydisə, necə olur ki, özü indiyə qədər Neft-Kimya Prosesləri Institutunda təhlükəsizlik sektoruna cavabdehdir?
Eldar Mahmudov pul qazanmaq üçün diplomatik qalmaqal yaratmışdı
MTN-nin “Səidin dəstəsi” ilə bağlı yaydığı bəyanat hətta diplomatik qalmaqala səbəb olmuşdu. Bəyanatda onların Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqla, xarici ölkəyə, konkret olaraq Irana kömək göstərməklə dövlətə xəyanət etdikləri bildirilirdi.
MTN-nin açıqlamasından bir neçə gün sonra Iranın Bakıdakı səfirliyi etiraz bəyanatı yaydı. Səfirlik MTN-nin əməliyyatını “Səidin dəstəsi” adlı gülünc bir görüntü nümayişi kimi qeyd edərək bildirmişdi..
Elə həmin ərəfədə Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov Iran Xarici Işlər Nazirliyinə çağırılıb. Onu Iran XIN-in MDB ölkələri və Qafqaz üzrə baş direktoru Mürtəza Səfəri qəbul edib. “Tehran Tayms” qəzeti yazırdı ki, Mürtəza Səfəri “Azərbaycanın bəzi KIV-ləri və bəzi dövlət orqanları tərəfindən” Irana qarşı irəli sürülən “əsassız iddialar”ı tənqid edib. Diplomat bu cür ittihamlarla bağlı Azərbaycan rəsmilərinin Irandan rəsmi şəkildə üzr istəməsini də tələb edib. Ancaq o zaman məhkəmə qapalı keçirildiyindən çap və elektron KIV yalnız MTN-nin məlumatlarını yayırdı. Maraqlı məqam o idi ki, səfir Abbasəli Həsənov “iki ölkə münasibətlərinin pozulması nə dövlət məmurlarına, nə mətbuata gərəkdir” deməklə MTN-nin də “bostanına daş atmışdı”. Eynilə Iranın Bakıdakı səfiri Nasir Hamidi Zare də Azərbaycan XIN-ə çağrılmışdı və onu müavin Vaqif Sadıqov qəbul etmişdi. Həmin görüşdən sonra nazir Elmar Məmmədyarov “Iran tərəfi fakt istədi, biz də fakt verdik”, – deyə bildirdi. Ancaq səfirliyin görüş barədə yaydığı açıqlamada fəqli mənzərə idi. Bildirilirdi ki, görüşün sonunda Vaqif Sadıqov “Səidin dəstəsi” ilə əlaqədar məsələdə Iran Islam Respublikasına vurulan əsassız ittihamlara dair izah verilməsi haqda Iran tərəfinin xahişinə toxunub: “Nazir müavini deyib ki, rəsmi Bakı istənilmiş məlumat və materialları tənzimləyərək, rəsmi şəkildə Tehrana təqdim edəcək”. Fikir verin, birinci, nazir faktları təqdim etdiyini deyir, müavini isə edəcəklərini. Ikinci, Tehranın Bakıdakı səfirliyi ölkəsinə vurulan əsassız ittihamları gündəmə gətirərək izahat istəyib. Üçüncü, MTN Iran xüsusi xidmət orqanlarının Azərbaycanda dövlət çevrilişi hazırlamaq planının aşkarladığı haqda bəyanatyaydığı zaman XIN dövlətlərarası münasibətlətin inkişafından danışır. Bu, o demək idi ki, MTN-nin əməliyyatı XIN-ni yalan məlumat yaymaqla çətin duruma salmışdı.
Bir psixi xəstə quyuya daş atdı…
MTN-in həbs etdiyi gənclərin çoxu bir-birini tanımırdı. Məsələn, dəstənən rəhbəri kimi təqdim edilən Səid Dadaşbəyli Rəşad və Faiq Ismayılov qardaşlarını, Mübariz Süleymanovu tanımırdı. Ümumiyyətlə, bu işdə elə gənclərin adına rast gəlinir ki, təəccüblənməyə bilmirsən. Məsələn, tanınmış iş adamı Isgəndər Xəlilovun bacısı oğlu Samir Aslanovun məhkəmənin 17 oktyavr 2007-ci il tarixli iclasında ibtidai istintaqa verdiyi ifadələrindən imtina etsə də, 2 gün sonrakı prosesə gələrək, səhv etdiyini bildirmişdi. 2 günə nə baş verdi ki, Samir Aslanov öz mövqeyini dəyişdi. Yaxud “Azəriqaz” Səhmdar Cəmiyyətinin 3 işçisi həbs olunsa da, sonradan sərbəst buraxıldı. Onlardan Azər Dadaşovun prosesdə “məsləhət veriləndən sonra belə ifadə verdim” açıqlaması “Azəriqaz” işçilərinin azad olunmasının səbəbini aydınlaşdırır. Adlarını xatırlatdığımız sonuncular da Səid Dadşbəylini tanımırdılar.
Hələ həbs olunmazdan əvvəl Səid Dadaşbəylinin elektron poçtuna 19 yaşlı Ramin Əliyevdən məktub daxil olub. Məktubda “sən BTC-ni partlatmaq istəyirsən, əgər mənə 5 min dollar verməsən, bu barədə hamıya danışacam”, – deyə hədələyici fikirlər yer alıb. Məktubu alan günü Səid Dadəşbəyli MTN-nə müraciət edib, nazirlikdən ona narahat olmamağı və araşdıracaqlarını bildiriblər. Iki gün sonra cavab almayan Səid Dadaşbəyli özü araşdırma apararkən məlum olub ki, Ramin Əliyevin anası onun qızının dayəsi olub və onun özü də Dadaşbəylilər ailəsində tez-tez olurmuş. Vəkil Elçin Qəmbərov Ramin Əliyevin MTN agenti olduğunu və sonradan onun Səid Dadşbəylidən 300 dollar tələb etdiyini bildirir: “Əsas məqsəd o idi ki, Səidi Raminə pul verən yerdə həbs etsinlər. Amma MTN gözləmirdi ki, Səid nazirliyə rəsmi müraciət edəcək. Halbuki, nazirliyin bu müraciəti araşdırması vacib idi”.
Senssasiya doğuran məqam Ramin Əliyevin psixi xəstə olması idi. Bu, Nəsimi Rayon Hərbi Komissarlığının polkovniki Qismət Cəfərovun 25 oktyabr 2007-ci il tarixdə Elçin Qəmbərovun sorğusuna cavabında üzə çıxmışdı. Beləliklə, MTN-nin psixi xəstədən agent kimi istifadə etməsi aşkarlanır.
Keçmiş MTN şefi Ramil Usubovu da şantaj etmək istəyib
Ittiham aktında gənclərin DIN-nin tirində atıcılıqla məşğul olaraq dövlət çevrilişinə hazırlıq görülməsi yer alıb. Məhkəmədə ifadə verən tirin rəisi Atdın Məmmədov təqsirləndirilənlərin bəzilərinin tirdə atıcılıqla məşğul olduğunu təsdiqləsə də, onu da əlavə etmişdi ki, hamı gəlib pulunu verib, tirdə atıb gedirdi: “10 manat verib bir neçə güllə atırdılar”. Bununla belə həmin məqam ittiham aktından çıxarılmadı. MTN-nin bu məqamı qabartması təsadüfi deyil. Eldar Mahmudov “Səidin dəstəsi” ilə faktiki olaraq Ramil Usubovu da şantaj etmək istəyib.
Səid Dadaşbəyli “hizbullahçı”, “fəthçi”, “həmasçı”, “hizbut-təhrir”çi, yaxud mason idimi?
Sadaladığımız cərəyanların düşüncə tərzini bir adamın daşıması haqda xəbər oxucunu təəccübləndirər, ya da absurd görünər. Amma MTN-in müstəntiqlərinin savadları nəticəsində bu ittihamların bir nəfərə yönəldilməsi mümkün olmuş və məhkəmə də ittiham aktına daxil etmişdi. Hələ prosesin başlanğıcında onu vəhhabilikdə də ittiham edirdilər, güman ki, sonradan hansısa ağıllı adam bunun gülüş doğuracağını müstəntiqlərə anlada bilib. Nəhayət, bütün bunlarla bərabər o, SEPAH-la əməkdaşlıqda ittiham olunurdu. Vəkil Elçin Qəmbərov məhkəmə prosesi zamanı dövlət ittihamçısının bu yöndə təsdiqləyici sübut gətirmədiyini, ancaq hakimin ittihamları təsdiqlədiyini qeyd edir: “Başqa bir məqam, ittiham aktında Ceyhun Əliyevin və Cahangir Kərimovun Iran xüsusi xidmət orqanlarından 10 min dollar almasını təsdiqləyən nə telefon danışığı, nə hərəkətin çəkilişi, nə də digər maddi sübutlar ortalığa qoyuldu. Guya, bunlar min manata fotoaparat alıblar ki, BTC-nin marşrutunu çəkib Iran xüsusi xidmət orqanmlarına təqdim etsinlər. Məhkəmə istintaqı zamanı bütün bunların üstündən sükutla keçildi. MTN gənclərə CM-nin 274-cü maddəsini – ”dövlətə xəyanət” maddəsini irəli sürmüşdü. Axı bu adamlarda hansı dövlət sirri ola bilərdi ki, dövlətə xəyanət edib, başqa dövlətin maraqlarına işləsinlər?!
Nəhayət, 2007-ci ildə Azərbaycanda dövlət çevrilişi olubmu?
Əlbəttə, hər birimizi bu sualın cavabını bilirik. Ancaq Eldar Mahmudovun müstəntiqlərinin “əməliyyatı” nəticəsində məlum olub ki, Səid Dadaşbəyli 2007-ci ildə dövlət çevrilişi edib, amma hakimiyyətin digər qolları sonradan iqtidarı ondan alıblar. Absurdun, yaxud avantüranın tapıntısı heyrət doğursa da, ortada ittiham aktı var”.
Avropa Məhkəməsi və vəkilin hədələnməsi
Valideynlər övladlarına verilən cəzadan Avropa Məhkəməsinə şikayət edirlər, hətta Almaniyadan vəkil də tuturlar. Amma 2013-cü ildə təzyiqlər nəticəsində vəkil Markus Bundcensi geri çəkilir. Bu barədə onu əvəz edən vəkil Karolona Taranın Dadaşbəyli ailəsinə göndərdiyi məktubda bildirilib. Karolona Tara vəkil Markus Bundcensin oğlunu universitetdən çıxartmaq, özünün isə maşını yandırmaqla hədələndiyini qeyd edib.
Sonda bildirək ki, “MTN işi” valideynlərdə ümid yaradıb. Onlar o zaman deyə bilmədiklərini indi ictimailəşdirmək istəyirlər. Həmçinin bu məsələ ilə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıblar. Həmin müraciəti növbəti sayımızda təqdim edəcəyik.