Son günlər ölkədə əsas müzakirə mövzusu Eldar Mahmudovun “vurulması” və bunun davamı olaraq MTN-də baş verənlərdi. Bugünə qədər 10-dan artıq general həbs olunub, Eldar Mahmudovun biznes imperiyası haqda məlumatlar verilib, MTN-ə qarşı ağlagəlməz ittihmalar irəli sürülüb.
Məlum olur ki, bu qurumun rəhəbərliyində təmsil olunanlar qətlərdən tutmuş, korrupsiyaya qədər bütün işlərdə rol alıblar. Hətta MTN-in IŞID-dən tutmuş, vəhabilərə qədər bütün sektorlarla əməkdaşlıq etdiyi bildirilir. Hələ ittihamlar bitməyib və hər gün yeni faktlar ictimailəşir. Təbii ki, əsas məlumatlar istintaqın yekunundan sonra bilinəcək və hamı istintaqın nəticələrini gözləyir.
Elə əsas toxunacağımız məqam da budur. Bu istintaq necə aparılacaq və istintaqın obyektiv aparılacağına ümid varmı?
Məsələ burasındadır ki, Azərbaycanda prokurorluq həmişə MTN-dən çəkinib. Bu sahə üzrə ekspertlər də etiraf edirlər ki, prokurorluq MTN-dən qorxur, bu qurumun hər hansı qanunsuz əməllərinə həmişə göz yumur.
Yəqin ki, 10 il əvvəl ölkə gündəmini zəbt etmiş “Qara kəmər” əməliyyatı hamının yadındadır. Həmin vaxt Hacı Məmmədova qarşı ağlagəlməz ittihamlar irəli sürüldü, bu adamın başçılıq etdiyi dəstənin saysız-hesabsız qətllər törətməsi üzə çıxdı. Həmin hadisələrdə prokurorluğun indiki rəhbərliyinin də adı hallanırdı. Amma sonrakı mərhələdə bu adamların üzərindən şübhələr götürüldü. O vaxt da ölkə başçısı Ilham Əliyev obyektiv araşdırılma aparılacağını söyləyirdi və bütün qaranlıq məqamların aydınlanmasında israrlı görünürdü. Amma bütün cinayət əməlləri Hacı Məmmədovun simasında məhdudlaşdırıldı və onun həbsiylə də yekunlaşdı.
Yəni, adı hallanan prokurorluq əməkdaşlarından heç kim məsuliyyətə cəlb olunmadı və bu məlumatlara ciddi reaksiya verilmədi. Bəzi ehtimallara görə MTN-də həmin şəxslər haqqında müəyyən kompromatlar olub. Ötən müddət ərzində prokurorluğun rəhbərliyi dəyişməz qalıb. Deməli, bu adamlar haqqında MTN-də hansısa ilginc məlumatların olması ehtimal edilə bilər. Ən azı belə bir şübhə var.
Indiki halda isə MTN-in rəhbərliyində təmsil olunan şəxslərin istintaqın eyni adamlar aparır. Şübhələrə istinad etsək, istintaq aparanların istintaq altında olanların yanında gözükölgəliliyi, diligödəkliyi var.
Belə bir vəziyyətdə istintaqdan obyektiv araşdırma gözləmək, həqiqətin tam çılpaqlığı ilə üzə çıxacağına ümid etmək olarmı?
Yəqin ki, xeyli suallara bir müddətdən sonra aydınlıq gələcək. Istənilən halda istintaqın nəticəsi müəyyən şübhələrə son qoyacaq.
Samir