O, illərdir belə çətin vəziyyətdə yaşadığını bildirir
Bakının Nəsimi rayonu, 3-cü Alatava, ev 283 ünvanında yaşayan müharibə əlili Sadiq Hüseynov “Azadlıq”a müraciət edib. Müraciət müəllifi prezident Ilham Əliyev və Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Fuad Ələsgərova üz tutur:
“Qonşuluğumda yaşayan Ilqar Kazımov, həyat yoldaşı və oğlu Rəşad 2012-ci ildə üstümə hücum edərək məni vurub gözümü şikəst ediblər. Onlar ev tələbiylə məni öldürüb evimi əlimdən almaq istədiklərini deyirlər. Bu şəxs üç oğlu və onlara ev lazım olduğunu bildirir. 2012-ci ildən prezidentə, DIN-ə, Baş Prokurorluğa, MTN-ə, Baş Polis Idarəsinə, Milli Məclisə şikayət etsəm də nəticəsi yoxdur. Bu cinayəti batırırlar. Nəsimi rayonunda nədən bu işi düzgün araşdırmırlar?! Evimə niyə hücum edib məni şikəst etməlidirlər?!
Ilqar Kazımovun özünün evinin sənədi yoxdur. O, 2007-ci ildə bu evi alıb və sənədləşdirməyib. Bir ağsaqqal və müharibə əlili kimi sizdən kömək istəyirəm. Ilqar Kazımov məni öldürüb evi adına keçirəcəyini bildirir. Sizin köməyinizi gözləyirəm. Əminəm ki, bu şikayətim həllini tapacaq. Dövlət orqanlarının bu işi araşdırması lazımdır. Mən bu cinayətin qanun çərçivəsində həllinin tapılmasını istəyirəm. Onlar qapımı qırdığı üçün açılıb örtülmür, əziyyət çəkirəm. Siqareti çəkib mənim qapımdan içəri atırlar. Qapısını da çəkib mənim qapımın qabağında qoydurub. 10-20 sm yer yoxdur ki, qapım açılsın. Buna görə də 2007-ci ildən bu qonşunun hərəkətlərindən əziyyət çəkirəm. Az qala ev dustağıyam. Onun arxasında kimin dayandığı bəlli deyil. Xahiş edirəm məni bu zülmdən xilas edin”.
Sosial şöbə