Adlı-sanlı müsavatçılar Divanın gecikmiş boykot qərarına tabe olmamaqla onun əhəmiyyətini sıfıra endirdi
Müsavat Partiyasından deputatlığa namizədlər partiyanın seçkidə iştirakdan çəkilmək qərarına tabe olmur. Onlar mətbuata açıqlamalarında seçkidə sonadək iştirak etmək niyyətində olduqlarını vurğulayıblar. Bu da Müsavat rəhbərliyinin seçkidə iştirakdan imtina barədə onsuz da gecikmiş qərarının əhəmiyyətini sıfıra endirir. İndi belə vəziyyət yaranır ki, Müsavat həm seçkidə iştirakdan çəkilir, həm də iştirak edir.
Müsavatın seçkidə iştirakdan imtina qərarına tabe olmayan üzvləri, həm də adlı-sanlı üzvlərinə qarşı necə davranacağı, onların partiyadan çıxarılıb-çıxarılmayacağı haqda hələlik mətbuata birmənalı izahat verilməyib. Amma insaf naminə demək lazımdır ki, bu mübahisədə geri çəkilmək istəməyən namizədlər də tam haqsız görünmürlər. Ən azı ona görə ki, hətta onlar geri çəkilsələr də, adları seçki bülletenlərində qalacaq, çünki Seçki Məcəlləsinə görə, bülletenlər seçkiyə 10 gün qalmış çapa göndərilir və namizədliyini geri götürmək istəyənlər bunu həmin müddətə qədər etməliydilər. Yəni Müsavat rəhbərliyi seçkidən çəkilmək qərarını vaxtı keçəndən sonra verib.
Yeri gəlmişkən, tez-tez seçki təcrübəsi ilə öyünən Müsavat rəhbərliyinin bu məqamı nədən nəzərə almadığı da maraqlı suallardandır. Yəni Müsavatda bilməmiş deyildilər ki, seçkiyə 10 gün qalmışa qədər qərar verməsələr, artıq gecikmiş olacaqlar və ondan sonra verilən qərarları bülletenlərdə əksini tapmayacaq.
Seçkidən çəkilməklə bağlı qərarı vaxtı keçəndən sonra verməklə Müsavatın “nə şiş yansın, nə kabab” taktikasını seçib-seçmədiyi onun namizədliklərini saxlayan üzvlərinə qarşı necə davranacağı ilə bilinəcək. Əgər həmin üzvlərlə bağlı ciddi cəza qərarları verilməyəcəksə, deməli, Müsavat rəhbərliyi heç geçikmiş boykot qərarında da səmimi olmayıb. Hərçənd, əks təqdirdə də Müsavat rəhbərliyinin səmimilik əmsalı cəmiyyətin gözündə artası deyil. Ona görə ki, keçmiş və indiki başqanları İsa Qəmbərlə Arif Hacılı da daxil olmaqla Müsavatın bütün namizədlərinin adı seçki bülletenlərində qalır. Bu isə seçkidə müxalifətçi namizədlərin də iştirak etdiyi haqda hakimiyyətin sonrakı arayışları üçün yetərlidir. Yəni azacıq təftişçilik yetər ki, Müsavat rəhbərliyinin bu yanlışlığı bilərəkdən buraxdığını – bir tərəfdən icitmai qınaqdan yaxa qurtarmaq istədiyini, o biri tərəfdən də hakimiyyətə bacardığı qədər kömək göstərdiyini iddia edəsən.
Hələlik bu istiqamətdə mülahizələri dərinləşdirmədən, Müsavat namizədlərinin seçkidə sonadək iştiraka necə israr etdiklərini diqqətə çatdıraq və Müsavat başqanının müavini Elman Fəttah da “Bizi zorla namizəd etmək istəyirlər” deyəndə nə qədər haqsızlığa yol verdiyini görə bilsin.
Müsavatın 79 saylı İmişli seçki dairəsindən namizədi İltizam Əkbərlinin APA-ya açıqlamasından: “Müsavat Divanının qərarına hörmətlə yanaşıram. Lakin seçicilərimə, mənə imza verənlərə də hörmətlə yanaşıram. Birmənalı şəkildə seçkidə iştirakdan imtina etməyəcəyəm”.
115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizəd, Müsavatın Divan üzvü İkram İsrafil də APA-ya deyib ki, seçicilərlə görüşlərini davam etdirir. O, partiyanın seçkilərdə iştirakı dayandırmaqla bağlı qərarını hörmətlə qarşılasa da, seçkilərdə iştirak niyyətinin olduğunu qeyd edib. İ. İsrafil istəyinin qeydə alınması üçün Müsavat rəhbərliyinə müraciət etdiyini də bildirib.
İ.İsrafil facebook səhifəsində də seçicilərlə görüşünü əks etdirən bir videonun müşaiyəti ilə Müsavatın qərarını heçə sayan açıqlama yayıb: “Gedin ATƏT-i, efir vaxtını və s. dərdlərinizi bu vətəndaşa başa salın! Gedin deyin görək başa düşəcək?!! Bu adamın dərdi hansı dərdinizdən üstündür?! Bu adamın, bunun kimi insanların nəyinə lazımdır Avropanın tanıması, MSK-ın efir verməsi. Bu insana normal şərait, ailə saxlamaq, balasının dərdinə çarə lazımdı, dərdini dinləyəcək biri lazımdı! Qarşısına çıxıb seçkidən imtina ilə bağlı qərardakı bəndləri sadalasanız, üzünüzə deməsə də ürəyində ”rədd olun, sizdən də bir şey olmadı!” deyəcək. Acı da olsa, əmin olun ki, deyəcək!! Və nəzərə alın ki, regionlarda belə insanlar on minlərlədi! Olan son ümidi də qırmaq olmaz!”.
Partiyanın Divan üzvü Razim Əmiraslanlı da namizədliyini hələ ki geri çəkməyib. R.Əmiraslanlı “Yeni Müsavat”a deyib ki, partiyanın seçki ilə bağlı qərarına hörmətlə yanaşır, amma namizəd olduğu dairənin rəy liderləri ilə məsləhətləşməlidir: “120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərəfdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram. Namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli ictimai xadimləri, müharibə veteranları, Qarabağ qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikdən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qərarı mənim atacağım addımlara stimul verəcək”.
Müsavatın üzvü olmasa da bu partiyadan namziədliyi irəli sürülən İsgəndər Həmidov da seçkidə sona qədər iştirak niyyətindədir. O, “Yeni Müsavat”a bildirib ki, Gəncə zonasında seçicilərlə görüşdə olarkən Müsavatın məlum qərarı verdiyini eşidib və oktyabrın 29-da səhər Bakıya gəlib, Müsavat rəhbərliyi ilə görüşüb: “Müsavatın qərarına böyük hörmətlə yanaşıram. Amma onu da deyim ki, təşviqat kampaniyası başlayandan mən 30 rayonda, 50-dən yuxarı kənddə olmuşam, ölkənin dörd bir yanına səpələnmiş kəlbəcərli seçicilərimlə görüşlər keçirmişəm, seçicilər mənə böyük dəstək veriblər, onların qarşısında çıxışlarımda, mətbuata da müsahibələrimdə bəyan etmişəm ki, seçicilərin ümidlərini puç etməyəcəm və seçkidə sona qədər iştirak edəcəyəm. Şaiyələr yayırdılar ki, guya mən pul alıb geri çəkiləcəm, seçkidən sonra kimisə təbrik edəcəm. Mən də bəyan etmişəm ki, bunlar hamısı şayiədir və mən sonadək seçkidə iştirak edəcəyəm. Bir məsələ də var ki, artıq bülletenlər çap edilib və adımız bülletendədir. Bütün bunların hamısını nəzərə alıb Müsavat rəhbərliyi ilə müzakirə aparıram. Yekun qərara gələn kimi məlumat verəcəyəm”.
Müsavatın 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Söhrab Əmirov da facebook səhifəsində namizədliyini geri götürməyəcəyini, seçki marafonunda iştirakını davam etdirəcəyini bildirib.
Beləliklə, Müsavatın gecikmiş boykot qərarı havadan asılı qalıb. Partiya rəhbərliyi isə oktyabrın 31-i gözləyir. “Namizədliyini geri götürməyənlərin oktyabrın 31-nə qədər vaxtı var” deyib İcra Aparatının rəhbəri Gülağa Aslanlı. Görək 31-dən sonra nə baş verəcək?..
Siyasət şöbəsi