Yaxud Azərbaycanı «marionetka»ya kim çevirir?
Bir müddət əvvəl PA rəhbəri Ramiz Mehdiyevin iri həcmli məqaləsi ortaya çıxdı və bu məqalə geniş müzakirə olundu. Məqalənin ana xəttini antiQərb təbliğatı təşkil edirdi. Akademik böyük gəzişmələr edərək, Qərbin Azərbaycana qarşı qərəzli olduğunu, Azərbaycandakı inkişafa əngəl törətdiyini sübut etməyə çalışırdı. Daha dəqiq desək, bu məqalə Azərbaycanın Qərblə münasibətlərini tamam qırmağa xidmət edirdi. Konkret olaraq məqalədə ABŞ-a qarşı ən ağır ittihamlar səsləndirilir və bu dövlət Azərbaycanın düşməni kimi təqdim edilirdi.
Bugünlərdə isə Ramiz Mehdiyevin daha böyük həcmli məqaləsi işıq üzü gördü. “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” başlıqlı yazıda əvvəlki məqalədəki fikirlər təkrarlanır. Məqalədə Avropada ikili standartların hökm sürdüyü, “islamafobiya”, “ksenofobiya”nın meydan suladığı və Qərbin Azərbaycanın ərazi bütövlüyünə zərbə vurduğu geniş şəkildə izah edilir. Yuxarıda da qeyd etdiyimiz kimi, PA rəhbəri bu məqalədə əvvəlki məqaləsinə təkan verməklə məşğul olub.
Əslində məqalənin indiki məqamda üzə çıxması təsadüfi deyil. Ölkənin Qərblə münasibətləri tamam iflasa uğrayıb, 2 gün sonra keçiriləcək seçki beynəlxalq səviyyədə boykot edilib və növbəti mərhələdə demokratiya tələblərinin artacağı şübhəsizdir. Ona görə akademikin bu yazısını siyasi orientasiyanın açıq göstərilməsi kimi qiymətləndirmək olar. Yəni hakimiyyətin faktiki 2-ci adamının dilindən ifadə olunur ki, Avropa, ABŞ “xoxan”dı və bizim yolumuz üzü Rusiyaya tərəfdir. Əvvəlki yazılarımızda da qeyd etmişik ki, xarici siyasətdə 180 dərəcəlik dönüş dövlətin maraqlarını ciddi təhdid etməkdir. Eyni zamanda bu məqalədə qeyri-səmimilik də “meydan sulayır”.
Belə ki, Ramiz Mehdiyev Azərbaycanın ərazi bütövlüyündən, Qarabağ münaqişəsindən, beynəlxalq aləmin bu münaqişəyə münasibətindən bəhs edərkən heç bir halda Rusiyanın adını çəkmir.
Guya, cənab Mehdiyev bilmir ki, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Qarabağın işğalını Rusiya planlaşdırıb? Yaxud PA rəhbəri Almaniya Bundestaqının, Avropa Parlamentinin, AŞ PA-nın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətanamələrini unudub? Bəlkə bu gün Ermənistanda hərbi baza saxlayan, Ermənistanla uzunmüddətli hərbi müqavilə imzalayan, Ermənistana 200 milyonluq silah-sursat verən Rusiya deyil? Balaca uşaq da bilir ki, Rusiyanın dəstəyi olmasa, Qarabağ münaqişəsini istənilən vasitəylə həll etmək mümkündür.
Göründüyü kimi, məlum məqalədə məqsəd həqiqətləri üzə çıxarmaq yox, Rusiya seçimini legitimləşdirmək üçün yalanlar uydurmaqdı. Yəni ölkə ictimaiyyətini inandırmaq istəyirlər ki, Avropa, ABŞ bizə imkan vermir, onlarla əməkdaşlıq mümkünsüzdü və onlar bizi “yemək” istəyir. Əsas arqumentləri isə “islomofobiya”, “ksenofobiya”, “ikili standartlar”dır. O da açıq şəkildə ifadə olunur ki, biz yalnız iqtisadi əməkdaşlığa tərəfdarıq, demokratik islahatlar tələbini qəbul etmirik. Yəni insanları siyasi mövqelərinə görə həbs etmək, seçkiləri saxtalaşdırmaq, bütün sahələri monopoliyaya almaq, azad mətbuatı boğmaq, korrupsiyanı çiçəkləndirmək bizim daxili işimizdir. Bəli, Akademikin “palaz” boyda yazısında, “dorojka” boyda da demokratiya, dövlət təəssübkeşliyi hiss olunmur. Əksinə, bu yazıdan aydın görünür ki, ən böyük ikili standartlar, qərəz müəllifin mövqeyindədir. Ən azı ona görə ki, bu gün Azərbaycanın ixrac və idxalı Qərb ölkələrindən asılıdır, ölkənin ərazi bütövlüyünü Qərb dairələri dəstəkləyib və gələcək potensial da Qərblə əməkdaşlıqdan keçir. Üstəlik, ölkə başçısı Ilham Əliyev Donald Tuskla, Angela Merkellə, Borrozu ilə görüşlərində açıq şəkildə etiraf edir ki, bizim əsas ticarət tərəfdaşımız Avropadır, ixracımızın 80 faizi Avropa Ittifaqının payına düşür və Xarici sərmayələrin 50 faizi Avropa Ittifaqından daxil olur.
Məlum məqalə bu fikirlərlə tamamlanır: “Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir”.
Əgər demokratik islahatlar aparmaq, korrupsiyaya son qoymaq, şəffaf seçki keçirmək, siyasi məhbusları azad etmək, “marionetka” olmaqdırsa, biz xalq olaraq “marionetka” olmaq istəyirik. Əslində isə “marionetka”lığın göstəricisi ermənipərəst Rusiyanın qucağına sığınmaq, dövlətin taleyini Rusiyaya qurban etməkdir. Hazırda aparılan siyasət Azərbaycana həqiqətən də “marionetka” statusu verməyə xidmət edir.
Müstəqil dövləti “marionetka”ya çevirmək isə vətənə xəyanətdir.
Samir