Türkiyə mediasından sensasion yazı – Gülənçilər SOCAR vasitəsilə AKP-yə yaxın şirkətləri enerji sektorundan sıxışdırmaq istəyib
Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini hazırda AKP hökumətinin “terror təşkilatı” kimi tanıdığı Fətullah Gülən camaatının adamıdır. Bu haqda Türkiyənin “Sabah” qəzeti yazıb.
“SOCAR-da “Ağ türk” adlı xüsusi struktur”
Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.
“Sabah” yazır ki, Fətullah Gülən təriqətinin enerji sektoruna yönələn strategiyalarını müəyyənləşdirən şəxslərdən biri Xəzər Strateji Araşdırmalar Institutunun rəhbəri Haldun Yavaşdır. Bu institutun əməkdaşlarının əksəriyyəti fətullahçılardır və ofisi Istanbulda yerləşməklə SOCAR-dən maliyyələşir.
Institut enerji sektorunda baş verənləri təhlil edib Pensilvaniyaya – Gülənin mənzil-qərargahına ötürməklə məşğuldur. Haldun Yavaş Gülənə yaxın şəxsdir və 2003-2004-cü illərdə ABŞ-dakı Nassau Community College-də “Fətullah Gülən günləri” təşkil edib.
SOCAR-dakı fətullahçılardan biri də şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimlinin üzərində güclü təsiri var. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.
“Ankaradan Bakıya xəbərdarlıq”
F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdarlarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.
SOCAR-ın Türkiyədə sahibi olduğu “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyevin də təriqətin adamı olduğu iddia edilir. Onun fətullahçıların SOCAR-a yerləşdirilməsində mühüm rolunun olduğu bildirilir.
“SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da Fətullah Gülən təriqətinə yaxındır. SOCAR-a məxsus “Star Rafineri” neft-kimya kompleksinin Ingiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu təriqətə bağlı olduğu deyilir.
AKP hökumətinə bağlı qəzet daha sonra yazır ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə önəmli şəxslər də var və bu şəxslərin adlarını rəsmi Ankara Bakıya bildirib.
Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır.
Bildirilir ki, Türkiyədə böyük investisiyaları olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.
“Azərbaycandakı Gülən məktəblərinin SOCAR-a verilməsi təsadüfi deyil”
Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfəri kimin maliyyələşdirdiyi barədə məlumat verməməsi olmuşdu.
“Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.
“SOCAR-da AKP tərəfdarları müəyyənləşdirilir və işdən uzaqlaşdırılır”
S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstəyi təmin edir. Iddiaya görə, “SOCAR Turkey”in icraçı direktoru Kenan Yavuzu şirkətdəki fətullahçılar neytrallaşdırıb və qərarlara təsir edə bilmir.
Habelə şirkətin insan haqları departamentinin rəhbəri Ilqar Mehmetoğlu Gülən məktəbinin məzunudur. O, şirkətdə AKP tərəfdarlarını müəyyənləşdirir və onların işdən uzaqlaşdırılmasında rol oynayır.
SOCAR-ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar arasında “SOCAR Power”in ortağı Enver Taner Baltacı, “Petkim”in baş direktoru Sadettin Korkut, “SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem, SOCAR IT direktoru Fuat Uludag, satınalmalar üzrə direktor Çetin Korkut da var. (Virtualaz.org)
“SOCAR-dan reaksiya”
Dövlət Neft Şirkəti (ARDNŞ) “SOCAR Turkey Energy”nin adının “nurçuluq”da hallanmasına münasibət bildirib.
Şirkətin mətbuat xidməti bu iddiaların əsassız olduğunu bildirib. “SOCAR bütün ölkələrdə olduğu kimi, Türkiyədə də ölkənin qanunlarına uyğun fəaliyyət göstərir və həmin xəbərlər həqiqəti əks etdirmir. SOCAR-ın rəhbərliyində təmsil olunan şəxslərin heç biri hər hansı dini cərəyana mənsub deyil. Bu, Türkiyə daxili ziddiyyətlərin, hakimiyyətə gəlmək istəyənlər, siyasi partiyalar arasında mübarizənin təzahürüdür. Bunun SOCAR-ın Türkiyədəki fəaliyyətinə, investisiya layihələrinə heç bir aidiyyəti yoxdur”,- deyə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.
Bəs Türkiyə mətbuatında gedən bu məqalə nəyin görsənişidir? Bu ölkələrimiz arasında münasibətlərdə özünü necə göstərəcək?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, yəqin bu məsələdə də Azərbaycan tərəfi Türkiyə hakimiyyəti ilə əməkdaşlığa açıq olacaq. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı özünün də məlumat toplamaq imkanının olduğunu deyən S.Əkbər vurğuladı ki, Türkiyənin xüsusi xidmət orqanları da bu istiqamətdə yardımçı ola bilər. “Fətullah Gülənlə bağlı növbəti məsələdə də Azərbaycan hakimiyyətinin Türkiyə iqtidarı ilə birgə hərəkət edəcəyini düşünürəm”, deyə S.Əkbər vurğuladı.
Gülənçilərin niyə məhz SOCAR-ı seçmələrinə gəlincə, S.Əkbər vurğuladı ki, məsələnin detalları tam aydın deyil. S.Əkbər onu da bildirdi ki, “Nurçu”lar SOCAR-ın daha sonra yiyələndiyi şirkətlərdə daha öncədən də çalışa bilərdilər. Digər tərəfdən isə Türkiyə vətəndaşı olan şəxslərin ölkə ərazisində fəaliyyət göstərən şirkətlərə işə qəbul olunması da problemli məsələ deyil.
Xəyal