Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı oktyabrıb 17-də növbəti verilişini efirə verib.
Verilişin xülasəsini və videoyazısını təqdim edirik. Videoyazı xülasədən sonradır.
Xülasə:
Bütün başqa mövzuları bir tərəfə atıb, sayğılı prezident İlham Əliyevi narahat edən məsələləri müzakirə etməyə dəyər. Prezident bəyan edib ki, onun hövsələsi daralıb, yaxud da, deyəsən, tamamilə “bitib” dedi. Onun hövsələsinin harada, hansı səbəblərdən bitdiyini müəyyən etmək çox çətindir. Bitibsə, deməli hələ cücərəcək, yarpaqlayacaq, çiçəkləyəcək, haram meyvələr gətirəcək və hamı da bu haram meyvələrdən yeyib quduracaq. Axı, onun indiki oliqarx ovu elə bu səbəbdən qızışıb. O, qudurğan hesab etdiyi oliqarxları təmizləməyə başlayıb. Amma sizlərdən kim bilmir ki, həmin oliqarxlar həmin İlham Əliyevin hövsələsinin gen zamanlarında talan etdikləri haram sərvətlərə görə qudurmayıblar?….
Bu müşavirə, bir ayrı müşavirə idi. O, yəni prezident, mənim bir neçə aydır cəmiyyətə israrla təqdim etdiyim proqnozların icrasına başlayıb. Bu proqnozlardan biri ondan ibarət idi ki, Azərbaycanda iş adamlarının ovu başlayacaq. Bu, yüzə yüz doğrulub. Proses başlayıb və davam edir. Ölkədə prezidentin və sair oliqarxların kölgəsində böyüyən, şişən, bordağa bağlanan bütün böyük sahibkarları daradılar, bildiyim qədər, proses hələ də başa çatmayıb. Daha bir proqnoz ondan ibarət idi ki, İlham Əliyev ətrafını bürüyən imtiyazlı nazir-oliqarxlardan yaxasını qoparmağa başlayacaq. Bu proses də başlayıb. İndi Ziya Məmmədov məşhər ayağına çəkilib, onu didib- parçalayırlar. Az sonra İlham Əliyevin daralmış hövsələsi haqqında bəhs edəcəyəm, amma hələlik bu oliqarx ovunun hiyləgərliyi haqqında bir az danışmaq istəyirəm. Axı, ov varsa, hiyləgərlik də olmalıdır. Mənə inanmırsınız, istənilən tanıdığınız- bildiyiniz ovçulardan soruşun. Ov varsa, qurğu var, plan var, hiylə var…Çünki heyvanların instinktual qavramları o qədər həssas və dəqiq olur ki, onları aldadıb tora salmaq lazım gəlir. Ziya Məmmədov qarmağa keçirilən və qənarədən asılan birinci böyük oliqarxdır. Bundan sonra, tamamilə mümkündür ki, orta çəkili başqalarını dara çəksinlər, çünki prezidentin bircə Ziya Məmmədovu aradan və sıradan çıxarmaqla hövsələsinin genişləyəcəyini güman etmirəm. Nəhayət isə əsərin baş qəhrəmanlarından digəri olan Kəmaləddin Heydərova növbə çatacaq. Mənim sayğılı fövqəlnazirlə heç bir qərəzim filanım yoxdur. Sadəcə olaraq, əlahəzrət məntiq İlham Əliyevin oliqarx ovunun perspektivlərini qavramağa yardım edir. Məntiq də cəhənnəmə, əgər hətta Fəzail Ağamalı da gömrük monopoliyasından danışmağa başlayıbsa, aydən deyilmi ki, mən havadan proqnoz vermirəm?
Plan nədən ibarətdir?
Plan ondan ibarətdir ki, bu məsələ barədə bir neçə proqram bundan əvvəl bəhs etmişdim. İlham Əliyev özünü keyfiyyətcə yeni mərhələyə hazırlayır. O, 2003-cü ildən indiyə qədər özünün hakimiyyətə gəlməsində və yerində möhkəmlənməsində xidməti olanların hamısını layiq olduğu yerlərə rədd etməyə başlayıb. İctimai rəydə hələ də belə fikirlər dolaşır ki, İlham Əliyev filan nazirdən çəkinir, filan nazirlə hesablaşmağa məcburdur, filan bürokratın onun boynunda filan qədər haqqı var və sairə. İndi prezident bu söhbətlərə son qoymaq əzmindədir!… Prezident özünün bütün əzmi və iradəsi ilə cilalı-minalı diktatora çevrilib qurtardığı üçün bu cür ictimai təqdimatlar ona gərək deyil. Hakimiyyətin şərti və obrazlı şəkildə desək, federallaşmasına son qoymaq, onu mərkəzləşdirmək, oliqarxları rədd eləmək və yeni xüsusi imtiyazların tanınmadığı menecerlər vasitəsilə ölkənin sərvətlərini idarə etmək mərhələsi gəlir.
Son müşavirədə, nə bilim, “sahibkarlara mane olurlar, lisenziyaların sayı çoxdur” kimi, guya ictimaiyyətə ünvanlanan, əslində isə tamamilə kodlaşdırılmış şəkildə öz çevrəsindəki oliqarxalara ünvanlanan çağırışları hər kəs yeni proqram kimi qəbul etməyə borcludur. Hələ, bİnəqədi yanğınından sonra prezident aparatında keçirdiyi balaca müşavirədə, Abid Şərifovun üstünə çımxırıb qurtarandan sonra baxışlarını orada oturanların hamısının sifətində hərləyib dedi ki, heç kimə güzəşt yoxdur və heç kim cəzasız qalacağına ümid eləməsin. Ondan daha bir neçə ay əvvəl yenə də bir müşavirə keçirib bəyan etmişdi ki sahibkarları incitməyin və həmin müşavirədən sonra sahibkarları soğan kimi soydular və Bakıda qanunsuz vergi tələbləri üzündən minlərlə dükan və sair iş yerləri qapandı.
Bu isə hələ də barmağını tərpədib “cəzalandıracam!” deyə-deyə müşavirələr keçirir.
Cəzanın nə üçün və necə veriləcəyi də bir başqa məsələdir. Bura qədərki hissədə bir qədər qəliz danışdığımı boynuma alıram və bir- iki kəlmə ilə daha sadə şəkildə izah etmək istəyirəm. Deməli, məsələ belədir ki, İlham Əliyev bu vaxta qədər oliqarxlarla işləyirdi, onların da əmlak və pul bölgüsündə haqları tanınırdı. Bu haqlar onun hakimiyyətdə bərkiməsinə xidmətin səviyyəsinə uyğun idi. Müxtəlif sahələr üzrə monopoliyaçı haqqı verilmiş bu adamların hər birinə təyin edildiklərin sahənin gəlirlərindən kiminə 30 faiz, kiminə 20 faiz filan olmaqla haqq verilirdi… Amma indi İlham Əliyev yerini bərkidib və bu adamlara ehtiyacı yoxdur. Dövlət idarəetməsi haqq sistemini ləğv edir və keçir maaş sisteminə. Məsələn, Ziya Məmmədov vurulandan sonra onun aldığı, deyək ki, 10 və ya 20 faizin əvəzinə onun yerinə gələcək adama verəcəklər ayda 10-15 min manat. Qalanı gedəcək əlahəzrətin özünün məsləhət bildiyi hesablara. Bu hesablar isə hər yerdə ola bilər. Dubayda villa alına bilər, Sinqapurda otel alına bilər, Havay adalarında hansısa bank hesabları ola bilər, Heydər Əliyev Fondunun fövqəladə böyük ölçülərdə ehtiyacları ola bilər və sairə və ilaxır. İlham Əliyev artıq kiməsə haqq vermək istəmir və bu haqq sistemi onun hövsələsini daraldır. Bir halda ki, o, tamam- kamal hakimi mütləqə çevrilib, hansısa oliqarxa və nəyə görə 15-20 faiz haqq verilməlidir axı. Canları çıxsın, aylıq maaşlarını alsınlar və işləsinlər. Yəni, paket maaşlarını. Əgər siz düşünürsünüzsə ki, Ziya Məmmədovun və digər oliqarxların vurulması, sıradan götürülməsi prosesi xalqın güzəranını yumşaltmaq, yaxşılaşdırmaq üçün həyata keçirilən prosesdir, o halda ya siz məni avam yerinə qoyursuz, ya da elə özünüz avamsınız. Bu, sadəcə olaraq, korrupsiyanın mərkəzləşdirilməsi və onun nəticələrinin bölgüsündən imtina deməkdir. Korrupsiya bütün gözəlliyi ilə qalacaq, genişləndiriləcək… Avtoritarizmin xərcləri artmaqda davam edəcək. Rusiyaya sığınma havayı başa gəlmir. Şimal qonşumuzun zəhmini yumşaltmaq üçün oraya böyük bir maliyyə kanalı açmaq lazım gələcək. Məsələn, lap bu günlərdə xəbər yayıldı ki, guya hansısa azərbaycanlı biznesmen Rusiyada, Tatarıstanda 65 milyon dollar dəyəri olan investisiya layihəsini icra etməyə başlayıb. Orada meyvə şirələri zavodu tikir. Üstəlik, hələ bir 20 milyon dollarlıq da otel tikdirmək projesi var. Əlbəttə, indi turist axınının demək olar ki tamamən kəsildiyi Rusiyada 20 milyonluq otel layihəsi kimin hansı ağlının ucundan keçib, başqa məsələdir, indi oarada daha çox hərbi xərclərə ehtiyac var, amma hər halda, hamının gözü dərhal Gilan Holdinqə və onun hələ də sahibi kimi tanınan Kəmaləddin Heydərova tərəf zillənəcək. Amma insaf edin və imam üçün nalə çəkəndə bir qurtum da Yezid üçün ağlayın. Çünki indi Gilan Holdinqin cəmi neçə faizinin hörmətli Kəmaləddin Heydərovda qaldığını nə siz bilirsiz, nə də mən. Üstəlik, nə Kəmaləddin Heydərov, nə də prezidentin sağ tətəfində dayanıb onu bütün bəlalardan hifz etməklə məşğul olan Bəylər Əyyubov da Rusiyaya bu boyda investisiya qoya bilməz….Bu, əlahəzrətin özünün sərmayəsi və özünün işgüzar layihəsinə daha çox bənzəyir. Tatarstandakı şirə zavodunun təməl atma mərasiminə Tatarstan prezidenti Rüstəm Minnixanov qatılıb. Mən ölü, siz də diri, bu zavodun açılış mərasimində İlham Əliyev orada peyda olacaq və zavod öz sahibinin qayçısının-lentinin təmasından vəcdə gəlib işə düşəcək…
Siz də deyirsiz ki, prezidentin hövsələsi daralır. Hərçənd, bunu siz demirsiz, bunu sayğılı prezidentin özü deyir. Ki, hövsələmi daraltmayın. Hövsələnin daralmasının elmi- praktik səbəbləri olmalıdır axı, buna diqqət yetirmək lazımdır…
Məsələn, 500 il əvvəl Məhəmməd Füzuli buna bənzər bir hala düşüb yazmışdı ki, “mövc ilə könlümü ey əşk, qopar yanımdan…..nalə ilən başım ağrıtdı bu bimar mənim”… Yaxud, hövsələ daralması, ümumiyyətlə bir daralma, bir nəsnənin tükənməsi səbəbindən baş verir. Coğrafiya dərsindən iki almamısızsa çayların məcrasının daralmasının səbəbi sizə bəlli olmalıdır. Yağıntı azalıq, quraqlıq başlayır və çayın suyu azalır, məcrası daralır və nəhayətdə, quruyur. Ya da, daşlı- qayalı yerlərdən axan zaman çayların məcrası daralır və onlar daha sürətlə, daha acıqla axmağa başlayırlar…Cənab prezident də özünün hövsələsinin daraldığını bildirəndə qeyd etməyi unutmayıb ki, həm də həmin sözü gedən hövsələ tükənmək üzrədir. Çayların məcrasının genişlənməsi və əvvəlki ölçülərə qədər genişlənməsi üçün yağıntılı mövsümləri gözləmək lazım gəlir. Diktatorların isə hövsələsi heç vaxt əvvəlki ölçülərinə qədər genişlənmir. Onlar yerlərini bərkitdikcə, bütün ətraf onları sıxır və buna görə də seyrəltmə əməliyyatına başlamaq lazım gəlir…. Hövsələnin daralması bu cür vəziyyətlərdə həm də qəzəblə müşayiət olunmalıdır axı. Məsələn, elə indiki halda İlham Əliyev Ziya Məmmədovun əmlakının hesab- kitabını yazdırır. Qəzetlərə düşən seyrək rəqəmlərdən belə anlaşılır ki, indiyə qədər cənab Ziya Məmmədovun 38 villası aşkar edilib. Azdır! Sizi əmin edirəm ki, azdır! Bir az qurdalasalar, yenə də daha bir 38 rəqəmi peyda olacaq. Hərçənd, Ziya Məmmədovun 70 villasının olması Azərbaycan şəraitində ədalətsizlik deyil.
Götürək tək avtovağzaldan qazanılan sərvətləri ki, onu deyəsən, ilk sırada Ziya Məmmədovun əlindən alıblar. Bu avtovağzal hələ Motodroma köçürülməyəndə onun direktoru Soltan Əhmədbəyov adlı adam idi. Orada Ziya Məmmədovun qardaşı üçün Transgeyt adlı bir şirkətin açılmasında fəal iştirak etdi.
Videoyazı