Etibar Pirverdiyev, Əli Həsənov və Qorxmaz Hüseynov hədəfdə
Nəqliyyat naziri Ziya Məmmədovun “vurulması”nın kökündə hakimiyyətdə iri və imtiyazlı məmurlardan üzülüşmək planının dayandığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək.
Artıq bunun konturları da görünür. Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetində 9 ayın yekunlarına həsr olunmuş iclasda ilk dəfə olaraq idxal monopoliyasını sərt tənqid etdi. Daha sonra deputatlar bu mövzuda tənqidi fikirlər səsləndirdi. Idxal sahəsinin isə Kəmaləddin Heydərovun nəzarətində olduğu sirr deyil.
Dünən redaksiyamıza daxil olan məlumatlarda isə başqa bir neçə məmurun da “qara siyahı”da olduğu bildirilir. Məlumatlara görə, Azərenerji ASC-nin rəhbəri Etibar Pirverdiyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Bakı Şəhər Yaşıllaşdırma Idarəsinin rəhbəri Vaqif Novruzovun fəaliyyəti yoxlanılır. Artıq bir müddətdir ki, Hesablama Palatası adıçəkilən qurumlarda audit yoxlaması aparır. Məlumatda deyilir ki, bu yoxlama həmin məmurların “vurulması” ilə bağlı planlardan irəli gəlir. Bildirilir ki, parlament seçkilərindən sonra adıçəkilən məmurlar tutduqları vəzifədən azad oluna bilər.
Etibar Pirverdiyevlə Qorxmaz Hüseynov hədəfdə olduğu bəlli idi. Bir müddət əvvəl “Azərenerji”nin səlahiyyətlərinin əhəmiyyətli hissəsi alınaraq “Azərişıq”a verilmişdi. Bundan sonra yayılan məlumatlarda deyilirdi ki, Etibar Pirverdiyevin karyerası artıq bitmək üzrədir. Qorxmaz Hüseynova gəlincə, “Azərsu”nun külli miqdarda xarici borcu var. Hazırda bu məsələ onun üçün ciddi problemə çevrilib.
Əli Həsənov isə güman ki, son vaxtlar verdiyi qalmaqallı açıqlamalara görə hədəfə gəlib.
Bakı Şəhər Yaşıllaşdırma Idarəsi isə ən gəlirli qurumlardan hesab edilir. Burada yeyilən pullar heç də digər qurumlardakından az deyil. Məlumatlarda iddia olunur ki, Vaqif Novruzov pul məsələsində ciddi səhvə yol verdiyinə görə “vurulur”.