Sülhəddin Əkbər: «İstənilən ölkədə belə hadisələrin baş verməsi mümkündür»
Bəlli olduğu kimi, hazırda dünyanın diqqəti Türkiyədə baş verən terror aktına yönəlib. Terrorun kimin tərəfindən törədildiyi barədə versiyalar müxtəlif olduğu qədər də, dəqiq deyil. Bu ərəfədə Rusiyanın Suriyaya aviasiya və raket həmlələri etməsi onun növbəti hədəf olmasını istisna etmir.
Belə ki, Rusiya hərbi-hava qüvvələrinin IŞID və Əhrar əş-Şam döyüşçülərinin mövqelərinə aviazərbələri, rus bombardmançılarının terrorçuların Dəyr Hafer şossesindəki mövqelərinə havadan zərbələr endirməsi, Suriya ordusuna havadan dəstəyi məhz Rusiya hərbi qüvvələrinin göstərməsi bu məsələnin mümkünlüyünü göstərir. Rusiya aviasiyasının Dəməşq, Latakiya və Hama vilayətlərinə havadan müdafiəsi də onun münaqişədə iştirakının əyani sübutudur. Xatırladaq ki, Suriya tərəfi Rusiya hərbi-hava qüvvələrinin hücumunun SAAF ilə razılaşdırıldığını hələ bir müddət öncə bəyan edib.
Onu da xatırlatmaq yerinə düşər ki, həm Suriya ordusuna, həm də IŞID-ə qarşı döyüşən “Əl-Nusra” qruplaşması Qafqazdakı tərəfdarlarını Rusiyaya zərbə endirməyə çağırıb. Təşkilatın rəhbəri Əbu Mühəmməd əl-Colani bəyan edib ki, Qafqaz “mücahidləri” Rusiya əhalisi və onun ordusuna qarşı müqəddəs müharibəyə başlamalıdırlar. Rusiyanın Suriyadakı səfirliyinin ərazisinə iki mina düşməsi isə hadisələrin dinamik inkişafını göstərir. Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Suriyadakı səfirliyinəÿedilən hücuma münasibət bildirərək bunu “IŞID-lə döyüşənlərə göz dağı vermək” kimi dəyərləndirib.
Baş verən hadisələrin fonunda analitiklər Türkiyədə baş verən terror hadisəsinin oxşarının çox yaxın zamanda Rusiyada da baş verəcəyini istisna etmirlər.
“Azadlıq”a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də bunun mümkün olduğunu söyləyir. Ekspert qeyd edir ki, terrorizmlə mübarizə aparan istənilən dövlətdə bu hadisə baş verə bilər:
“Rusiyanın eyni zamanda Suriyadakı bir neçə təşkilata qarşı mübarizə aparması təbii ki, Rusiyanı bir neçə dövlət və təşkilat baxımından hədəfə çıxarır. Bu mənada Rusiyada Türkiyədəki kimi hadisənin baş verməsi mümkündür”.
İnformasiya şöbəsi