Ölkə başçısı bir daha təsdiqlədi ki, bütün qanunsuzluqlardan xəbərdardı
Ölkə başçısı Ilham Əliyev iki gün öncə Nazirlər Kabinetinin doqquz ayının yekunlarına həsr olunan geniş müşavirə keçirdi. Müşavirədə xeyli məqamlara toxunuldu, maraqlı etiraflar edildi, ölkənin mənzərəsi bir daha aydın oldu. Ölkə başçısının geniş nitqinə və toxunduğu məqamlara münasibət bildirməmək doğru olmazdı.
Dünya korrupsiya modelimizə heyran qalıb
Ölkə başçısı həmişəki kimi çıxışını ölkədəki inkişfdan danışmaqla başlayıb və dünyanın bizə heyranlığını dilə gətirib: “Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır” – deyə Ilham Əliyev bildirib.
Görəsən, bu hansı modeldir ki, dünyanı heyran qoyub? Iqtisadiyyatımızın neftdən asılılığı, xarici borcumuzun 25 milyardı ötməsi, ölkənin idxaldan asılı olduğu göz önündədir. Üstəlik, bütün sahələr iri məmurlar tərəfindən inhisara alınıb. Yəni, bu gün bütün dünya Azərbaycandakı korrupsiyadan, məmurların var-dövlətindən, offşordakı neft pullarından danışır. Beynəlxalq aləm Azərbyacandakı avtoritar modeldən danışır. Ilham Əliyevin dediyi “inkişaf modeli”ni nə dünya, nə də ölkə vətəndaşı görməyib. Avropa istehsalı olan hansısa telefon markasının illik dövriyyəsi Azərbyacanın dövlət büdcəsindən çoxdur. Bəlkə, büdcəmizin 5 milyard azalması düyanı heyran qoyub?
Yoxsulluğun gülməli faiz dərəcəsi
Daha sonra ölkə başçısı bizə belə təsəlli verməyə çalışır: “Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir – 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu da o deməkdir ki, əhalinin real gəlirləri ildən-ilə artır. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir”.
Görəsən, ölkə başçısı 34 faizlik devalvasiyadan vətəndaşa dəyən zərəri, ərzaq məhsullarının qiymətinin artmasını niyə unudur? Əgər əhalinin gəlirləri artıbsa, sosial vəziyyətin ağırlığından intihar edənlərin sayı, əhalinin borclanma faizi niyə artıb? 2.5 milyon vətəndaş kredit borcunun əsirinə çevrilibsə, 500 min insan ünvanlı sosial yardım alırsa, vətəndaş 150-200 manat əmək haqqının girovuna çevrilibsə, yoxsulluq necə 5 faiz ola bilər? 100 minlərlə ailə ölkə xaricindən gələn vəsait hesabına dolanır. Əgər bu adamlar ölkəyə qayıtmış olsalar, hansı mənzərə yaranar?
Nazirlərin çıxşından sonra ölkə başçısı yekun nitq söyləyib və bütün neqativ hallardan xəbərdar olduğunu etiraf edib.
Büdcə boşalandan sonra israfçılıqla mübarizə
“Maliyyə nizam-intizamı gücləndirilməlidir. Israfçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. Indi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır. Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək. Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır”- deyə ölkə başçısı bildirib.
Deməli, 100 milyardlarla neft pulunu talan edəndən sonra, israfçılıqla mübarizə, “yorğana görə ayaq uzatmaq” yada düşüb. Biz illərdi yazırıq ki, bu israfçılıq, lazımsız tədbirlərə milyonlarla vəsait xərcləmək ölkəni uçuruma aparır. Amma bunu deyənlərə “erməni” damğası vuruldu, bu adamlar şərlənərək həbsə atıldı və ölkə başçısı həqiqəti deyənlərə “anti-milli ünsür” ayamasını yapışdırdı. Bu heç kimə sirr deyil ki, “Gül bayramı”ndan tutmuş, Avropa oyunlarına qədər bütün lüzumsuz xərclər iqtisadiyyatı çökdürür. Sadəcə olaraq, Əliyev hakimiyyəti neftin qiymətinə arxayın olub, heç bir real sektoru inkişaf etdirmədi və dünyanın dörd tərəfində xeyriyyə tədbirləri keçirməyə, ölkənin milyardlarını ofşorlara daşımağa üstünlük verdi.
Sahibkarlardan əsassız pul tələbləri, onların soyulması, boğulması təzə xəbər deyil. Əliyev hakimiyyəti dövründə sahibkarlardan həmişə “haqq” istəyiblər, qeyri-qanuni yoxlamalar, süründürməçilik yüksək səviyyədə davam etdirilib. Görünən budur ki, ölkə başçısı bütün bunlardan xəbərdar imiş. Sadəcə olaraq dünənə qədər sahibkarlar həmin “tələb”lərə əməl edə bilirdi, bu gün isə küllü miqdarda vergi cərimələrini, müxtəlif strukturların pul tələblərini sahibkar qarşılaya bilmir. Ona görə də sürətlə obyektlər qapadılır, dövriyyədəki pul azalır. Ölkə başçısının bu problemdən indi danışması da, yaranmış böhranla bağlıdır. Ölkə başçısı etiraf edir ki, obyektlərin yoxlanılması maddi təmənna ilə bağlıdır. Bəs, ölkə başçısı 12 illik prezidentliyi dövründə bu neqativ tendensiyaya niyə “dur” demirdi? Hamı bilir ki, bütün yoxlamalardan, vergi cərimələrindən, əsassız ödənişlərdən yığılan vəsait “ümumi kassa”ya tökülür. Sadəcə olaraq artıq bıçaq sümüyə dirənib, kütləvi narazılıq var və onsuz da ödəmə faizi azalıb. Belə bir məqamda neqativ halları tənqid etmək, qanunsuz əməllərlə məşğul olanları hədələmək zərurətə çevrilir.
Qanunsuz varlananlar kimlərdi?
Ölkə başçısı son vaxtlar xeyli iş yerlərinin bağlandığını da etiraf edib. Bildirib ki, bunun səbəbləri araşdırılıb, təhlil edilməlidir: “30 minə yaxın iş yeri bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır.
Əslində, yuxarıda deyilənlər 30 min iş yerinin bağlanmasına gətirib çıxarıb. Yəni, ölkə başçısı bu iş yerlərinin niyə bağlandığının səbəbini özü dilə gətirib. Daha sonra deyib ki, məmurlar qanunsuz varlanmaq üçün lisenziyaların sayını süni yollarla artırıb. Bildirib ki, hökumət hansı lisenziyaların verilməli olduğu ilə bağlı təkliflər hazırlasın. Əsaslıdır, əsaslı deyil, o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”, – deyə o qeyd edib.
Çox maraqlı vəziyyət yaranıb. Guya, Ilham Əliyev nazirlərin, icra başçılarının, komitə sədrlərinin milyarderə çevrilməsindən xəbərsizdir? Bəlkə, həmin müşavirədə oturub qeyd götürənlər, halal maaşları ilə varlanıblar? Əgər ölkə başçısı bu qanunsuz varlanmaya qarşı həqiqi mübarizə aparmaq istəyirsə, yanındakı ultramilyonerlərdən başlasın. Çünki, yüzlərlə şirkətə, banklara, şadlıq saraylarına sahib olan, bahalı avtomobillərdə gəzən, harınlıq edən məhz bu iri məmurlardır. Ölkə vətəndaşı hansı şirkətin hansı nazirə məxsus olduğunu, hansı deputatın hansı məmurun kurasiyasında olduğunu, hansı rayona hansı vəzifəlinin rəhbərlik etdiyini dəqiq bilir. Ona görə də ölkə başçısının mücərrəd danışmasına ehtiyac yoxdur. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq araşdırmaçı jurnalistlər Əliyev ailəsinə məxsus milyonluq malikanələri, biznes strukturlarını, ölkədaxilindəki ailəyə məxsus şirkətləri zaman-zaman üzə çıxarırlar. Görəsən, Ilham Əliyev özünə məxsus olanlardadan da xəbərsizdi?
12 ildir start götürməyən “cəzalanma” prosesi
Ilham Əliyev daha sonra əlavə edib ki, rüşvətxorluq, korrupsiya inkişafın daha da sürətli getməsinin qarşısını alır. Deyib ki, belə hallar olamasaydı büdcəmiz indikindən daha yüksək olardı. Eyni zamanda iqtisadiyyat üçün əsas problemlərdən birinin inhisarçılıq olduğunu, hökumətin bu sahədə ciddi nəticələrə nail ola bilmədiyini də etiraf edib: “Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz”.
Yuxarıda qeyd etdiyimiz kimi inhisarın başında kimlərin dayandığı, rəqabəti kimlərin boğduğu göz önündədir. Üstəlik, uzun illərdi Rəqabət Məcəlləsi Haqqında qanunun qəbul olunmaması da onu göstərir ki, hakimiyyət üçün azad rəqabətin yaranması yolverilməzdir. O ki, qaldı büdcə məsələsinə, həqiqətən də bu qədər sərvətlər mənimsəniləməsəydi, bir qrup şəxs neft pullarını oğurlamasaydı, büdcəmiz 100 milyardlarla ölçülərdi.
Müxtəsər, ölkə başçısı bu müşavirənin sonunda da günahkarların cəzalanacağını, neqativ hallara son qoyulacağını vəd verib. Məsələ burasındadır ki, Ilham Əliyev hər rübün yekununda eyni sözləri təkrarlayır. Hər dəfə neqativ hallar sadalanır, israfçılıq tənqid edilir, süni qiymət artıranlara cəza vəd olunur və heç nə də dəyişmir. Əgər ölkə başçısı ilk dəfə “günahkarlar cəzalanacaq” vədi verəndə əməl etsəydi, indi bu adamlar cəzalarını çəkib qurtarmışdılar. Növbəti etiraflar ilin sonundakı müşavirədə olacaq və işbazlar yenə də hədələnəcək. Hələlik isə məlum olan budur ki, ölkə başçısı 12 ildir xəbərdarlıq edir, amma nəticə dəyişmir. Əsas odur ki, sadə vətəndaş prezidentin əsəbləşdiyini, hövsələsinin tükəndiyini bilsin. Əgər onun hövsələsi tamam tükənsə, yeni müşavirə keçirəcək.
Samir