Şəmkirin Zəyəm qəsəbəsində məscidin günbəzinin sökülməsi ciddi qalmaqala səbəb olub. Dindarlar buna etiraz etmək üçün Zəyəm kəndinə axın ediblər. Bu barədə Facebook sosial şəbəkəsində, “Gənc lider Tale Bağırzadə” səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, əraziyə Şəmkir polis rəisi və polis əməkdaşları gəlib.
AzadXeber.az-ın məlumatına görə isə paytaxt Bakıdan da bir qrup dindar məscidin sökülməsiylə əlaqədar Şəmkirə gedib. Onlar ibadət evinin sökülməsinə etirazlarını bildiriblər. Eyni zamanda digər bölgələrdən də sözügedən rayona gələnlərin olduğu deyilir.
Bakıdan Şəmkirə gedən dindarlardan ikisinin – Elşən Haşımov və məddah Kamran Fəratın polis şöbəsinə aparıldığı bildirilib. Məlumata görə, onlar bölməyə polislə danışıq üçün aparılıb. Lakin polis şöbəsindən heç kimin şöbəyə gətirilmədiyi bildirilib.
Inancıların etirazı nəticə verib. Məscidin söküntüsü dayandırılıb. Inanclılar adından rəsmilərlə görüşən nümayəndələrə bildirilib ki, məscidin sökülən günbəzi bərpa ediləcək və 10 gün ərzində sənəd məsələləri öz həllini tapacaq. Bundan əlavə məscidin tikintisinə lazım olan köməkliyin ediləcəyi vəd olunub.