“Xalqımızın “məzhəkə” adlandıraraq boykot etdiyi bu seçki imitasiyasında iştirak onu legitimləşdirməkdən başqa kimə və nəyə xidmət edə bilər?!”
“Milli Şuranın sədri, professor Cəmil Həsənli 1 noyabrda deputat təyin ediləcək şəxslərin siyahısını yayıb. Tam məsuliyyətlə deyirəm ki, siyahı realdır və bundan sonra Prezident Administrasiyası var gücü ilə çalışaraq artıq təsdiqlənmiş siyahıya müəyyən dəyişiklik etmək istəsə də, bu dəyişiklik heç 10-15 dairəni əhatə etməyəcək”.
Bu sətirlər Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin qarşıdan gələn parlament seçkilərilə bağlı facebook səhifəsində paylaşdığı yazıdandır.
G.Hacıbəyliyə görə, Milli Şura sədrinin hazırladığı siyahı o dərəcədə realdır ki, hakimiyyət təmsilçilərindən kimsə onu ciddi şəkildə mübahisələndirməyə girişmədi. Bir-iki nəfər “dejurnıy” və dişsiz şərh verdi, qalanları abırlarına qısılıb susdu. Ancaq təəssüf ki, müxalifət düşərgəsindən olan bəzilərinin bu siyahıya münasibəti daha aqressiv və eybəcər oldu. “Məsələn, yaşca Cəmil müəllimin ən kiçik övladından da kiçik olan birisi heç bir ədəb qaydası gözləmədən ağsaqqal professor haqqında yazdı ki, “Cəmil müəllimə ayıb olsun”. Milli Şura sədri hakimiyyətin seçki saxtakarlığını təkzibedilməz şəkildə ifşa edən siyahı yayır, özünü müxalifətçi adlandıran birisi isə onu, yaşına və başına uyğun olmayan bir tərzdə aşağılayır. Nə var ki, siyahı bunların “mübarizə”lərinə maneə olacaqmış. “Mübarizə” arqumentini, daha doğrusu arqumentsizliyini dəyərli dostumuz Rafiq Manaflı çox tutarlı bir şəkildə tərki-silah etdiyindən mən bu mövzuya toxunmuram. Sadəcə, onu deyəcəyəm ki, kimsə hava ilə, su ilə, yel dəyirmanı ilə sorağı Biləcəridən uzağa çıxmayan mübarizə aparmaq istəyirsə, buyursun. Bu predmetsiz və məqsədsiz mübarizə kiminsə yeganə özünütəsdiq formasıdırsa, ona da etirazımız yoxdur. Ancaq bunun üçün bütün həyatını, ailəsini, hətta övladlarının taleyini risqə atan insanları qaralamasınlar, lütfən! Bu millətin indi-indi cücərən ümidlərinin üzərindən xətt çəkmək şansını onlara heç kim tanımayacaq, bilsinlər! Mübarizəni Leyla xanım aparır, Xədicə xanım aparır, İntiqam müəllim, Tofiq bəy, İlqar bəy, Anar bəy, Seymur bəy, İlkin bəy aparır. Bu fədakar insanların ölüm-dirim mübarizəsinin fonunda bütün bu mandat söhbətləri necə də ucuzdur, bir anlasalar!”, – deyə G.Hacıbəyli qeyd edib.
Milli Şura üzvü seçkiyə qatılanların buna bəraət üçün göstərdikləri arqumentlərə də münasibət bildirib:
“Seçkilərdə iştirak tərəfdarlarının sığındığı ikinci arqument seçki saxtakarlığının ifşası ilə bağlıdır. Saxtakarlıq faktları bir qayda olaraq ifşa olunaraq beynəlxalq təşkilatlara, seçkinin monitorinqi ilə məşğul olan qurumlara təqdim olunur. Həmin təşkilatlar- ATƏT və Avropa Parlamenti isə seçkiləri izləməkdən nəinki imtina edib, hətta Avropa Parlamenti bu seçkilərdə iştirakı saxta seçkiyə legitimlik qazandırmaq cəhdi adlandıraraq Avropa Birliyi ölkələrini Azərbaycana müşahidəçi göndərməməyə çağırıb.
Seçkilərdə iştirak tərəfdarlarının səsləndirdikləri sonuncu arqument isə seçkinin yaratdığı təbliğat imkanlarından istifadə ilə bağlıdır. Yəni, opponentlərimiz bu imkanlardan istifadə etməklə seçicinin “gözünü açmağa” çalışacaqmış. Öncə onu qeyd edim ki, bu seçkilərdə pulsuz efir olmayacaq. Ağlasığmaz qiymətlərlə buxovlanmış pullu efirdən istifadə isə nəinki müxalifət düşərgəsi üçün, ümumiyyətlə, Azərbaycan reallıqlarına görə fantastikadır. Seçicilərlə canlı ünsiyyət imkanları da məhduddur, maneələrlə bağlı artıq onlarla fakt qeydə alınıb. Digər tərəfdən xalq, məncə, mövcud vəziyyəti heç də bizdən pis bilmir və ehtiyac yaranarsa, hələ bizim gözümüzü də aça bilər. Bir-neçə gün öncə facebook sosial şəbəkəsində 1 noyabr parlament seçkiləri ilə bağlı status paylaşmışdım. Məqsədim vətəndaşlarımızın seçkilərə münasibətini öyrənmək idi. Statusa yazılan 300-dən çox şərhin demək olar ki, hamısında seçkilərə birmənalı mənfi münasibət, inamsızlıq, güvənsizlik ifadə edilirdi. Bir nəfər izləyicim belə seçkilərin ədalətli və demokratik keçəcəyinə inandığını yazmadı. Həmin şərhlərin etik senzuradan keçirdiyim bir qismi ilə sizi tanış edirəm:
“Hansı seçkidən danışırsınız? Yaxşı olar ki, prezident fərman versin, birdəfəlik deputatlari təsdiqləsin. Daha bu boyda həngamə nəyə lazımdır?”
“Bu seckinin düzgünlüyündən danışmaq günah olar, halal olmayan bir secki keçiriləcək. El arasında indidən deyilir ki, seçilən seçilib, bu isə bir tamaşadir. Məcburi tamaşa”.
“Seçki öncəsi bu qədər durğunluq və biganəlik olduğu mənim yadıma gəlmir. Səbəb isə məlumdu. Insanlar seçkinin ədalətli keçəcəyinə, onların səsinin nəyisə dəyişəcəyinə inanmırlar.”.
“Məncə, formal xarakter daşıyan ədalətsiz seçkilərdə iştirak etməmək ən azından özünə hörmət qoymaq deməkdir”.
“Xalqın seçim imkanı əlindən alınıb. Bu seçki fiksiyadir.Təəssüflər olsun ki, bu təsisati mehv etdik”
“Artıq insanlar bu ölkədə seçki ilə nəyinsə dəyişəcəyinə inanmırlar və ona görə də heç kim seçki ilə maraqlanmır”.
“Seçki mühiti bir yana, seçki imitasiyası adına da bir şey görünmür”
“Bu qədər xərc çəkib seçki keçirmək nəyə lazimdir bilmirem, onsuz da özleri kimi isteyirlərsə onu da çıxardırlar qutudan”.
“Əvvəllər seçkiqabağı vətandaşları şirnikləndirici tədbirlər olurdu( məs. pensiy a və əmək haqqlarının artırılması və s.) camaatla ehtiyatlı və mülayim davranılırdı. Amma bu seçkilərdə tam əksini görürəm. Bu arxayınçılığın son həddi deməkdir”.
“Əvvəllər heç olmasa qapıya gəlib özləri barəsində informasiya verirdilər ve bundan sonra da məhləmizdə camaati yığıb söhbət edərdilər. Şəkillərini dayanacaqlara, blokun girişinə yapışdırardılar. Camaat da bunların arasından secim edərdi, indi isə camaat arasına hec cıxmırlar da, halbuki, bunlar bu camaata xidmət eləməlidirlər”.
“Bizi seçki yox MM-ə növbəti təyinatlar gözləyir”
“Qutuya Cəbrayıl girir, amma yerinə Əzrayıl çıxır”.
“Xalqın yadına seçki düşür? İnsanları bu dəqiqə kreditin faizini hardan tapmaq maraqlandırır”.
“Seçkidə iştirak etmək saxtakarlığa demokratik don geyindirməkdir”
“Yenə əvvəlki seçkilərin bir neçəsində namizədlərdən gəlib “mənə səs verin” deyən olmuşdu.Bu dəfə hələ ki, səs-səmir yoxdur. Seçkiylə maraqlanan kimdir, hami maaşını gözləyir ki, borclarını, nisyə götürdüyü ərzağın pulunu, kreditini versin”.
“Artıq seçkilər kecirilib, siz hansı seçkilərdən danışırsınız, milləti sayan var ki, onlara kim lazımdır onlar da deputat olacaq”
“Xalq bu seçkiləri çoxdan baykot edib. Beş-altı müəllim, həkim ve icra aparati işçilərindən basqa onsuz da bu seçkilərdə heç kim iştirak etməyəcək”.
İndi, ey saxta seçkidə iştirak etməklə xalqın gözünü açmağa çalışanlar, lütfən, xalqın yazdığı bu şərhləri diqqətlə oxuyun ki, sizin də gözləriniz açılsın! Siz, ey mübarizə fədailəri, seçki mücahidləri, deyin görək bütün nüfuzlu beynəlxalq təşkilatların boykot etdiyi, xalqımızın isə onlardan da çox-çox əvvəldən “tamaşa, fiksiya, məzhəkə” adlandıraraq boykot etdiyi bu seçki imitasiyasında iştirak Avropa parlamentinin təbirincə desək, bu seçkiləri legitimləşdirməkdən başqa kimə və nəyə xidmət edə bilər?!
Bu seçkilərin saxta mahiyyətinə hamıdan yaxşı qiymət verən xalqımız, seçki saxtakarlığının hansı fəsadlar törədəcəyini də düzgün proqnozlaşdırır. Bir şərhdə deyildiyi kimi: “Azərbaycanda kimi istəyirlər, onu deputat qoyurlar, arada gözdən pərdə asırlar, bu belə getməyəcək, bu nifrət bir gün faciəli şəkildə partlayacaq”.