Ilham Əliyevin “2016-cı il asan olmayacaq, bunu bilməliyik…” etirafından çox keçməyib. Heç bir ay ötməyib və 2016-nı gözləməyə də ehtiyac yoxdur. Gizlətməyin yeri də qalmayıb axı, vəziyyət indi də asan deyil. Qədərincə çətindir. Daha öncəki etiraflar da bunu deyir…
Üstəlik, biz əminliklə söyləyə bilərik ki, YAP hakimiyyəti dövründə vəziyyət heç vaxt asan olmayıb. Həmişə də ağır olub. Bu hakimiyyət TV-lərdə analoqu olmayan inkişaf xoru düzəldib, başqalarının bizim ölkənin paxıllığını çəkdiyini dedirtdirəndə, biz acı gerçəyi söyləyirdik. Deyirdik ki, ölkə iqtisadiyyatı yoxdur, ölkə neftdən asılıdır, şişirdilmiş qiymətlərə başa gələn abadlıq layihələri isə xalqın durumunun yaxşı olması demək deyil hələ.
Indi neft pulu ilə problemləri pərdələyən hakimiyyətə çətindirsə, xalq üçün həmişə çətin olub! Asan idisə, maddi durumun girdabına düşüb intihar edənlərin sayı niyə bu qədər artırdı? Asan idisə, niyə ölkənin ən tanınmış adamları xəstələnən kimi prezidentdən müalicəsinə kömək istəyirdi? Asan idisə, niyə prezident jurnalistlərə ev paylayırdı?
Həm də xalqın vəziyyəti təkcə maddi baxımdan ağır olmayıb bahalı neft dövründə. Insanlar varlanmaq üçün, yaxud çörəkpulu qazanmaq üçün yaltaqlanmaq məcburiyyəti ilə üzləşiblər. Bundan ağır nə ola bilər bir toplum üçün!
Ölkədə rüşvətin işləmədiyi qapı qalmayıb, hər şey alınıb-satılıb. Bu halda durum necə asan ola bilərdi?
Məktəbi, səhiyyəsi batıb, ədaləti isə yoxa çıxıb. Məhkəmə və haqq davası oyuncağa çevrilibsə, xalqa asan ola bilərdimi?!
Əsl ironiyadır, Azərbaycanda vəziyyətin asan olmadığını sübut edən ən böyük dəlil isə bu ASAN xidmətlərin yaradılmasıdır. Vəziyyət asandırsa, niyə ayrıca ASAN xidmət yaradıldı? Niyə var bu xidmətlər? Niyə ölkənin hər yerində vəziyyət çətindir ki, ASAN xidmət adı ilə az sayda az əhəmiyyətli xidmətlərin asanlaşdırılması gündəmə gəlib? Əslində, ərzaq qıtlığı zamanında “talon” paylamağa bənzəyir bu ASAN xidmətlər, elə bil ki, çətin dövrdə “asan talonu” buraxıblar ki, hər kəs bir az “asanlıq” ala bilsin.
Iki gün öncə Gəncəyə gedərkən həmkarlarımla yolda maraqlı bir mənzərə gördük. Yol Polisi maşınları hansısa avtobusu müşayiət edir, onun “asan” getməsini təmin edirdi. Baxırıq ki, bu, səyyar ASAN xidmətin avtobusudur. Gülmək bizi tutdu, ASAN xidmətin yolda hərəkətini belə asanlaşdırmağa ehtiyac varmış, bizim şanlı ölkədə.
Bu da Ilham Əliyevin yeni etiraflarındandır: “Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı, o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir”.
Ölkədəki yalançı inkişafı tənqid edənlər illərdir deyirdi bunu – qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini. Pulun bol olduğu vaxt edilmədisə, asan olmayacağı etiraf edilən illərdə buna necə nail olacaq bu şanlı hakimiyyət.
Onu da bilirik ki, inkişaf təkcə pulla yaradılmır, bunun üçün siyasi şərtlər olmalıdır. Ədalət, bərabərlik gəlməli, inhisar ləğv olunmalı, korrupsiya yox edilməlidir. Söz azadlığı olmalıdır.
Indi görün nə qədər çətin olacaq qarşıdakı illərdə!