xanbahadir@mail.ru
Orta Doğuda, başlıca olaraq Suriyada gündən-günə qızışan savaş Azərbaycanda da özünü göstərməkdədir. Bizdə bu hələlik soyuq savaş yerindədir. Bu gün Suriyanı bütünlüklə bürüyən savaşın kökündə rusların yardımıyla Hafiz Əsədin 1970-ci ildə çevriliş yoluyla hakimiyətə gəlməsi faktı dayanır. Deyilənə görə, H.Əsəd KQB-nin adamı olub. H.Əsəd Suriyada uzun illər antixalq siyasətləri yürütdü, sonda da hakimiyəti miras olaraq oğlu Bəşər Əsədə ötürdü – tanış görsəniş! Oğul özünün antixalq siyasətlərində daha ötə getdiyindən, Suriya indiki qanlı qırğın dönəminə gəlib çıxdı. Indi Suriyadan xalq başını götürüb qaçır. Hara qaçır? Avropa ölkələrinə! AzTV-lər, rejim qəzetləri bu qaçqınlığın suçunu ABŞ başda olmaqla Batıda görürlər. Bu yöndə Batıya qarşı açıq kampaniya aparılır, durmadan Batını söyüb-yamanlamaqla Batı demokratiyasını gözdən salmağa çalışırlar. Olsun, ancaq…
Soruşulur: nə üçün Suriyadan, bir sıra başqa müsəlman ölkəsindən baş götürüb qaçan minlərlə, milyonlarla müsalman doğal resursları aşıb-daşan qonşu müsəlman ölkələrinə deyil, uzaq, keçiləcək yolları ölüm-itimlə dolu Avropa ölkələrinə üz tuturlar? Bu sualın yığcam yanıtması belədir: bütün müsəlman dövlətlərinin başçıları, bütün müsəlman hökumətləri xalqa hüquqsuz iş heyvanı, qazanc-varlanma obyekti olaraq baxdıqları üçün! Quran qanunları islam ölkələrində baş-ayaq edildiyindən müsəlmanların üzü Batıya sonsuz qaçışı baş verməkdədir. Batı – Avropa dövlətləri özümlü bir miqrant intervensiyası ilə üz-üzə qaldığından istər-istəməz böyük axın qarşısında dirəniş göstərməli olur. Çoxillik antixalq siyasətləri üzündən Azərbaycanda da oxşar durum yaratmış YAP hakimiyəti, bu hakimiyətin başçısı indi istər Suriya kimi ölkələrdə, istərsə də Avropada baş verənlərdən geniş propaqanda yoluyla siyasi qazanc əldə etməyə çalışır – xalqı aldatmaqla! “Görürsüz də, Avropa demokratiyasını: qaçqınları qəbul etmək istəmirlər”, – bu sayaq provakasion çıxışlarla Avropanı, Amerikanı gözdən salmağa, başında durduqları Azərbaycanı xalqa dinclik, bolluq ölkəsi olaraq sırımağa çalışırlar. Ancaq… siyasi komanda olaraq elə özləri özlərinin üç üzlərini açıb ortaya qoyurlar. Ikicə fakt:
1.Putinlə görüşdəki çıxışında baş nazirin yardımçısı Yaqub Eyyubov dedi: “Böyük sayda azərbaycanlılar Rusiyada işləyir və bu zaman heç kim onları sıxışdırmır”. Bəlli olduğu kimi, Türkiyə, Avropa ölkələri bir yana, əliyevçi rejimin çoxillik antixalq siyasətləri üzündən 3 milyonadək azərbaycanlı çörək-dolanışıq dalınca başını götürüb Rusiyaya qaçıb. Idiyədək Rusiyada minlərlə azərbaycanlı öldürülüb. Soruşulur: Azərbaycan kimi doğal resurslarla dopdolu ölkədən xalq nə üçün çörək-dolanışıq dalınca baş götürüb Rusiyaya, başqa ölkələrə üz tutmalıdır? Doğal resursları aşıb-daşan ölkənin dolanışıq dözülməzliyindən xalq üçün CƏHƏNNƏMƏ çevrilməsi faktına görə hansı hökumət-hakimiyət sorunlu sayılmalıdır?! Bir neçə il qabağadək daha çox borca batan kişilər özlərini öldürürdülər. Indi görün iş nə yerə çatıb iki, üç, altı uşaq anaları dolanışıq dözülməzliyindən özlərini öldürürlər! Başlıca olaraq dolanışıq dözülməzliyindən hər ay ölkədə 1000 ailə (min ailə!) dağılır. Başqa yetkililər bir yana, belə bir ölkədə Qaçqınkomun nəvələri 500 minlik maşınlarda kef çəkir!
2.Indiyədək mandat alveri edirdilər, indi neftin ucuzlaşması üzündən efir çağından da qazanmağa girişiblər. Vergiverənlərin, demək, xalqın puluna bağlı ITV-nin saniyəsi 50 manat! Xəzər rayonu başda olmaqla, 200 manat aylığa işləyən müəllimlərdən, “JEK”-mek işçilərindən “alternativ” adaylar düzəldiblər, sonra da efir çıxışının hər saniyəsi üçün 50 manat kəsmət kəsiblər! Çoxları bu oliqarxiya qiymətini Məzahir Pənahovun qoyduğunu düşünürdü. M.Pənahvov ömründə bircə yol dilinə düz söz gətirib, bu aşırı qiymət siyasətinin də prezidentdən gəldiyini bildirdi!. Alqışlar, Məzahir Pənahov!