«Yeni Müsavat» öz adını özgəsinə qoymağa cəhd edir
Bu yazını yazmamaq da olardı. Çünki, biz “Yeni Müsavat”a hər hansı formada izahat verməyə ehtiyac duymuruq. Həm də ki, bizim haqqımızda hökumətin digər mətbuat orqanları da şər-böhtan yazırlar və biz həmişə əsas fiqurlara cavab verməyi üstün tuturuq. Amma oxucuların aldadılmaması, yalanın həqiqət kimi təqdim edilməməsi üçün müəyyən məsələlərə aydınlıq gətirmək lazımdı.
Belə ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu mətbuata müsahibə verib və PA rəhbəri Ramiz Mehdiyevi ittiham edib. “Musavat.com” saytı isə bu müsahibəni tirajlayarkən Ramiz Mehdiyevlə bağlı hissəni ixtisar edib. Eldar Sabiroğlu da baş verənləri “Yeni Müsavat” – Ramiz Mehdiyev ittifaqı kimi qiymətləndirib.
“Yeni Müsavat”ın baş redaktorunun birinci müavini Azər Ayxan isə Eldar Sabiroğlunun ittihmlarına cavab vermək əvəzinə, “Azadlıq” qəzetinin bostanına daş atıb. Azər Ayxan bildirib ki, “Azadlıq”ın Eldar Sabiroğluna tribuna verməsi maraqlı məsələdir və qəzetimiz Səfər Əbiyevlə, iqtidardakı digər qruplarla ittifaq qurub.
Əvvəla, medallı redaktorun müavininə xatırlatmaq istəyirik ki, “Azadlıq” heç vaxt Eldar Sabiroğlundan açıqlama almayıb. Sadəcə olaraq müxtəlif saytlarda olan yazıları tirajlayıb. Eldar Sabiroğlu ilə Siyavuş Novruzov arasındakı qarşıdurma, bu məsələdə Ramiz Mehdiyevin adının hallanması gündəmin əsas mövzusu olmuşdu və “Azadlıq”da ictimai marağı nəzərə alaraq bunu tirajlayırdı.
Ikincisi, bizim Eldar Sabiroğluna münasibətimiz digər YAP-çılara münasibətimizdən fərqlənmir. Eldar Sabiroğlu da bu hökuməti, ölkə başçısını tərif edənlərdəndi və uzun müddət də bu rejimə xidmət edib. Təbii ki, Eldar Sabiroğlu “Azadlıq”a açıqlama verə bilər və bunu tirajlaya bilərik. Amma bizim tirajlamaqda məqsədimiz kiminləsə ittifaq yaratmaq yox, hakimiyyətin qurucularının hakimiyyəti necə ifşa etməsini göstərmək ola bilər.
Görünür, “Yeni Müsavat”ın rəhbərliyi güzgüdə özünü pis gördüyünə görə, adını “Azadlıq”a qoymaq qərarına gəlib. “Azadlıq” üçün “hakimiyyət qanadı” deyilən anlayış yoxdur və haqqında yazmağa çəkinəcəyimiz kimsə də yoxdu. Əgər “Azadlıq” “qanad alveri” ilə məşğul olsaydı, “Yeni Müsavat” kimi dəbdəbəli ofisi olardı, əməkdaşları aylarla maaşsız qalmazdı, nəşriyyata 20 min borcu yaranmazdı və.s
Yəni, bu məsələyə “Azadlıq”ı, AXCP-ni qatmaq lazım deyil. Biz başa düşürük ki, AXCP, “Azadlıq” çoxları üçün “çörək ağacı” rolunu oynayır. Onu da başa düşürük ki, “Yeni Müsavat”ın xeyli “çörək” gələn yeri var. Amma görünür medallı redaktor “pekarnı”ya girmək üçün bizi dayanmadan şərləməlidir.
Amma bir məsələ də var ki, “Yeni Müsavat”ın hansı bulaqdan su içdiyi aydındı. Belə olan halda reallığı danmaq nəyə lazımdı. Eldar Sabiroğlunun ittihamına cavab olaraq “biz səngərimizi dəyişmişik və ağanın dediyi dərəyə sürürük” demək olardı. Onsuz da olan olub və hamının kimliyi ortaya çıxıb. Mətbuatla maraqlanan istənilən şəxs bilir ki, “Yeni Müsavat”ın səhifələri Ilham Əliyevdən, Ramiz Mehdiyevdən və digər iri məmurlardan “pəhriz” saxlayır. Yəni, hamı bilir ki, Rauf Arifoğlunun komandası “rejim dietası”na oturub. Daha cığallıq etmək nəyə lazımdı? Başa düşürük yaxanızdakı medalın haqqın verməlisiz. Amma hər şeyin bir həddi var.
Ötən yazılarımızda da diqqətinzə çatdırmışıq ki, kimliyindən asılı olamayaraq əlinizdə yaxşı materiallar varsa və tirajlamaqdan qorxursuzsa, göndərin tirajlayaq. Şükürlər olsun ki, AXCP-nin də, “Azadlıq”ın da öz “qanad”ı var və başqalarının belində uçmağı özümüzə sığışdırmarıq. Gedin, ittifaqınızı davam edin. Biz isə vicdanımızla ittifaqdan məmnunuq.
İlham