Hansısa lap köhnə bir nağıldan qopan igid gündoğara çaparkən yıxılacaq atından
dünya gözlərində çilik-çilikdir,
daha nəyə lazım eynəyin, oğlan…
çat-çatdı ürəyin susuz çöl kimi,
dinməz sol yanında göynəyin, oğlan…
ha ağla, göz yaşı tök, ay qadası,
yenə də silinməz könlünün pası…
bu sənin cəlladın, o da baltası,
buyur, bu da qanlı köynəyin, oğlan!..
gözün nurdan düşüb, dizlərin heydən,
kəsilib iştahın məzədən, meydən…
nə umub küsürsən bu yerdən, göydən,
Yer sənin kimindi,
Göy nəyin, oğlan?!
2011
Günəşi söndürən biri…
günəşi söndürən biri var, əlbət,
ona darılmalı,
ona küsməli.
gecənin bağrına xəncər saplayıb
günəşə uzanan əli kəsməli…
bir şam yandırmalı qaranlıqlara… –
bir ürək yaxmaqdan çətin deyil ki!
günəşi söndürən biri var əlbət
bu yaxşı iş deyil ona deyin ki…
günəşi söndürən biri var, əlbət,
kimdi? –
tanımayım,
niyə?-
bilməyim…
bu nədi gözlərim yumulur, fəqət
bilməm yuxum gəlir, yoxsa ölməyim…
2014
Bütün küləklərə ithaf
yenə kim qovub salıb küçələrin canına
bu dəli, bu sərsəri, bu bivec küləkləri
şaqqıldayıb qopacaq hardasa bir ağacın
ən iri bir budağı… o budaqla bərabər
uşaqların qorxudan düşəcək ürəkləri
hardasa… eh, hardasa bir küçə fahişəsi
yekəpər özgələrin ayaqları altından
küləyin dağıtdığı saçlarını yığacaq;
hansısa lap köhnə bir nağıldan qopan igid
gündoğara çaparkən yıxılacaq atından
hardasa toqquşacaq elektrik xətləri
yenə qısaqapanma… yenə işıqsız evlər…
amma uşaq səsinə həsrət qalmış bir evdə
nə ər, nə qadın bunun fərqində olmayacaq –
onsuz da işıqsızdı bütün uşaqsız evlər!
17 mart, 2015
Bıçaq
(“Pis havalar” silsiləsindən)
küçənin ortasında
günün günortasında
gənc bir oğlan
üzüquylu yatır
asfalta dağılıb qanı
nəbzi ağır-ağır atır
amma
sırtına saplanmış bıçaq
yenə nə vaxtsa
alma soyacaq
kartof doğrayacaq!..
dekabr, 2014
Arandan məktub
bir axşamüstüdür Bakıdan çox uzaqda
ah, nə sakit, ah nə şirin axşamüstüdür!
nə olsun ki, arandır… göydən yerə od yağır
əsas odur –
adamların qanı havadan da istidir…
bir axşamüstüdür Bakıdan çox uzaqda
içimdə səbəbsiz… səbəbsiz bir mutluluq var
hardansa uşaq qəhqəhələri yüksəlir
göy üzündən hürküb dağılır buludlar
bir axşamüstüdür Bakıdan çox uzaqda
yamyaşıl bir ağacın kölgəsi – evim…
indi nə kin var içimdə nə qəzəb nə də nifrət
gəlin, zalım adamlar,
gəlin, bağışlayım hamınızı,
gəlin, heç vaxt sevmədiklərim,
gəlin hamınızı sevim…
bir axşamüstüdür Bakıdan çox uzaqda
qürub edən günəş də xoşbəxtcəsinə gülür
sən hələ bir Kürə bax – necə mutludur… sanki
axıb Xəzərə deyil, badəmizə tökülür
bir axşamüstüdür Bakıdan çox uzaqda
arxamda saraylara
meydan oxuyan yarıuçuq bir daxma
başım üstündə göy –
heç vaxt olmadığı qədər mavi
ayaqlarım altında yer –
heç vaxt olmadığı qədər doğma…
bir axşamüstüdür Bakıdan çox uzaqda
bir ömür boyu özümü ayaqlarımdan
bu uzaqlığa mismarlayasım gəlir
içimdə səbəbsiz… səbəbsiz bir mutluluq var
elə bir mutluluq ki
indi burdan –
bu qızmar,
bu günəşli arandan
dostlara çay ismarlayasım gəlir
dağlara qar ismarlayasım gəlir…
iyun, 2014
Tabut
(“Pis havalar” silsiləsindən)
son mənzilə apardığımız
doğma adamın tabutu
sanki indicə
çiynimizdən sürüşəcək
və
içindən
yarısı dişlənmiş
alma düşəcək…
noyabr, 2014
Qarı
hər gün yarıuçuq daxmasının
daş-divarı ilə danışır Sənəm qarı –
neyləsin,
düz yetmiş ildi onun
təklikdi kimi-kimsəsi,
tənhalıqdı dostu-yarı
bu yetmiş ildə
yetmiş bahar gəlib yetmiş yay keçib
yetmiş il əvvəl bu qarının
ömrünə gələn qış çıxmaz amma –
qar üstdən qar yağdırar hələ də
hələ də sazaq üstünə sazaq gətirər;
ağlayar Sənəm qarı,
ağlayar…
gözündən yaş çıxmaz amma!..
yaş necə çıxsın axı –
bu yazıq qarı
ağlayıb bütün ömrü boyu
o qədər ağlayıb –
çoxdan qurtarıb gözünün suyu
düz yetmiş il bu qarı
davadan qayıtmayan ərini ağlayıb
seldə boğulan oğlunu
vərəmdən ölən qızını ağlayıb;
ərini oğlunu qızını
ağlamaqdan yorulanda
özünü ağlayıb
otuzunda qar düşən tellərini
odun doğramaqdan dərz bağlamaqdan
kişi əlinə oxşayan əllərini
axşam-səhər
səhər-axşam ağlamaqdan
nuru sozalan,
işığı azalan gözünü ağlayıb
bu boyda dərdlərə ağrılara
canındakı tabı, dözümü ağlayıb
o qədər ağlayıb
daha yaş qalmayıb gözlərində!..
hər gün yarıuçuq daxmasının
daş-divarı ilə danışan Sənəm qarı
indi eləcə oturub gözləyir –
işığı azalandan
nuru sozalandan sonra
suyu da soğuldusa
biryolluq qapanmaqdan başqa
daha nəyə yarayır gözləri?!..
sentyabr, 2014
Az doldur…
az doldur, gözəl gözlüm,
az doldur içəmmirəm
yerüzüm var, vətənim yox ölməyə
qanadım var, göyüzüm yox – uçammıram
artıq məni ovutmaz nə siqaret, nə şərab
çölüm xarabazardı, içim çölümdən xarab…
az doldur, gözəl gözlüm,
axı nə vecinədi bu araq şüşəsinin –
içilmir ha… içini boşaldır badələrə!…
mənsə indi lalam lal… dərdimi deyəmmirəm
ürəyimi boşalda, könlümü açammıram
bir araq şüşəsicən də gətirmədi mənimki
dünyada hər nə qədər bəxtsizlik var – mənimdi…
az doldur, gözəl gözlüm…
dərdimi deyəmmirəm,
deyəmmirəm nə vaxtdı
məni necə qorxudur göylərin səssizliyi
suyun axarsızlığı, otun nəfəssizliyi
sevilməyin azlığı atılmağın çoxluğu
və bir də… bir də, bir də
gözəl gözlü sevgilinin yoxluğu!
qarşımda payız kimi dayanıb dəli sevdam,
mən də durna deyiləm – yığışıb köçəmmirəm
sənin soyuqluğundan başqa, isti bir yerə…
az doldur, gözəl gözlüm,
az doldur içəmmirəm!
mart, 2007
Qartopu şəkli üçün
(“Şəkilaltı sözlər” silsiləsindən)
buraxın sevgilinizin əllərini
bir az da
uşaqların sizə atdığı
qartopuları tutun…
fevral, 2015
Burnunu qurdalayan uşaq şəkli üçün
(“Şəkilaltı sözlər” silsiləsindən)
ikisi də
eyni işlə məşğuldur əslində:
burnunu qurdalayan uşaq da
yaddaşını qurcalayan qoca da
“Oktyabra məktublar” silsiləsindən
I məktub
Oktyabr! Göyüzünə de, qaralmasın
yerüzünə de, otundan, çiçəyindən muğayat olsun
yağışlara de, Oktyabr, yağışlara
bir az da yağıb boş qədəhlərə dolsun, –
barı sərxoşlar qəzəblənməsinlər…
yarpaqlara de, saralmasın, Oktyabr
qaranquşlara de getməsinlər
durnalara de, Oktyabr, durnalara
barı onlar belə kədərli ötməsinlər
barı mahnılar qəribləməsinlər…
havalara de soyumasın, Oktyabr,
günəşə de sozalmasın
ürəklərə de, Oktyabr, ürəklərə
barı onların istisi azalmasın
barı sevgilər qripləməsinlər…
2012
Mitinqçinin şəkli üçün
(“Şəkilaltı sözlər” silsiləsindən)
quşlar öpər
hər dəfə havada
düyünlənmiş yumruqlarını…
göyləri inlədən
“Azadlıq!” hayqırışlarını
quşlar öpər
bax beləcə keçib gedər ömrü
quşların dimdiyində
amma dərd eləməyə dəyməz, dostum,
qəm eləməyə dəyməz,
o quşların yuva qurduğu gün gələcək
hətta ən amansız polisin dəyənəyində…
2013